Dünyada kim olursan ol, əliqələmli olma. Çünki əliqələmlilərin Allahın verdiyi iki gözdən başqa həm də könüllərinin gözü var və onlar bu həyatı iki deyil, dörd gözlə görürlər: görən göz və duyan gözlə...Gördükcə də qələm yazır. Yazdıqca da ömrü mişarlayır. Bir də baxıb görürsən ki, saçlarına vaxtsız dən düşüb, gözlərinin işığı azalıb, qəddin əyilib. Bir də baxıb görürsən ki, səninlə yaşıd olanlardan sən dəfələrlə yaşlı görünürsən. Səni kim qocaldıb, bilirsənmi? Əlindəki qələm, könlünün fərqli baxan və görən gözləri...
Famil Mehdi könlünün tarında min hava çalındığı, duyğularında daim fəsillər görüşdüyü üçün həm qış, həm də yaz idi. İlk dəfə onunla Bakı Dövlət Universitetinin dəhlizində qarşılaşanda mən onun saçlarında qışı gördüm, yerişində, o qürurlu duruşunda isə yazı. Özüm də bu fərqə məəttəl qaldım. Lakin biləndə ki, müəllimimin hələ heç 60 yaşı yoxdur, anladım ki, o əliqələmlilərdəndir, həyata tək Allahin verdiyi iki gözlə baxanlardan yox, həm də könlünün gözləri ilə baxanlardandır. Anladım ki, “İllər və talelər” ona iz salmadan ötməyib. Bütün bunlar isə “Sadə sətirlər”də “Ömürdən səhifələr”ə çevrilib, “50-dən sonra” yeni bir Famil Mehdi yaradıb.
O Famil Mehdi ki...
50 yaşına qədər çoxdan idi ki, bugünkü Famil Mehdi idi. Çoxdan idi ki, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasına müdir seçilmiş, yüzlərlə tələbənin sevimli müəllimi olmuşdu. Onlarla dərslik, dərs vəsaitləri, çoxlu məqalənin, ədəbi nümunələrin müəllifi idi. Lakin Famil Mehdi ömrünün ən gözəl çağını-50 illik yubileyi qeyd olunmadı. Bu barədə onun özü haqqında yazdıqlarından oxuyuruq: Əlli illiyimin qeyd olunmasını yuxarılar qoymadı. Televiziyada verilişi dayandırdılar. “Literaturnaya qazeta” SSRİ Yazıçılar İttifaqının yaxşı təbrikini dərc etdirdi. ”Ədəbiyyat və incəsənət”də yazı verilməsini qoymadılar. Ancaq 1984-cü il dekabrın 25-də bütün respublika qəzetləri qeyri-rəsmi olaraq 50 illiyimi qeyd etdilər. Qısa xoş sözlər yazıb, şeirlərimi verdilər. Həmin gün Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi redaktorların müşavirəsini keçirib, onları divara dirədi: “Sizə kim ixtiyar verib MK-nın qərarı olmadan Famil Mehdiyə yubiley keçirmisiniz?” “Kommunist” qəzetinin redaktoru Rəşid Mahmudov cavab verib: “Famil Mehdi ləyaqətli ziyalıdır. Görkəmli şairdir, ictimai xadimdir”. Digər redaktorlar da onun dediyini təkrar ediblər. Pis vəziyyətdə qalan katib deyib: “Axı, MK-nın bu haqda qərarı yoxdur. Heç olmazsa, o yazıları eyni gündə yox, müxtəlif vaxtlarda verəydiniz”. Katib daha çox “Azərbaycan gəncləri” qəzetinin redaktorunu əvəz edən müavin Əlirza Balayevin üstünə düşüb: “Famil Mehdinin “Mənim yubileyim” şeirini niyə dərc etmisiniz? Şeirdəki:
Zərdabi daş kimi susub yatıbdır,
Kollar arasında itib-batıbdır.
O yanda milyonçu birinə ancaq
“Abidə” qoyulub - günümə bir bax!
misraları kimə işarədir?” (Sonradan məlum olub ki, orada həqiqətən böyük vəzifəlilərdən birinin qohumuna abidə qoyulubmuş. Deməli, güllə hədəfə dəyib). Katibin göstərişi ilə Ə.Balayev redaksiya heyətinin iclasını keçirib, özünə və şöbə müdiri Tofiq Mütəllibova töhmət elan edib. MK-da işləyən tanışlarının köməyi ilə vəzifədən çıxarılmasının qarşısı alınıb...
Hətta, bir müddət adım qəzetlərdə xəbərlərdən çıxarıldı, televiziyaya buraxılmadım.
Bax, bizim Famil Mehdi kimi onlarla ziyalımız dövrünün bəlalarını belə yaşayıb: sıxışdırılıb, təzyiq altında saxlanılıb, əsərləri zərrəbinlə təhlil olunub, çapa qoyulmayıb, senzuradan keçməyib. Çünki onlar Zərdabi babamızdan qalan ideologiyaya xidmət edidilər: düzü düz, əyrini əyri görür və yazırdılar.
Bu barədə Famil Mehdi yenə də özü haqqında yazdığı, nə yaxşı da ki, yazdığı sətirlərdən oxuyuruq: Ağdam pedaqoji məktəbində oxuyarkən yazdığım şeirlərim rayon qəzetində dərc olunubdur. Universitetin II kursunda oxuyarkən “Ədəbiyyat qəzeti”ndə “Ana” şeirim dərc olunub və məni cavan şair kimi tanıdıb… Şeiri ilk tərifləyən qəzetin redaktoru S. Rüstəm oldu. Sonra S. Vurğun bəyəndiyini bildirdi. Mir Cəlal məruzəsində onu “böyük bir poemaya bərabər şeir” adlandırdı.
Beləliklə, şeirlərim, sonra isə poemalarım qəzet və jurnallarda müntəzəm dərc olunmağa başladı. İlk poemam da tələbəlik illərində “Azərbaycan” jurnalında dərc olunub: “Gənclik eşqi”. Ancaq bundan bir az sonra həmin jurnalda verilən “Səni gözləyirəm” poemam demək olar ki, bütün respublikada böyük oxucu marağı doğurdu. Şeir və poemalarımdan ibarət 20-yə qədər kitabım nəşr olunub. Üç kitabım isə Moskvada nəşr edilibdir. Şeirlərimdən nümunələr başqa xalqların dilinə tərcümə olunub.
Nə yazmışamsa, əksəriyyəti böyük təzyiq altında, ixtisarlarla, düzəlişlərlə dərc olunub (bu, çox maraqlı bir tədqiqatın mövzusudur). Bu şeirlərimdə bir qayda olaraq tənqidi pafosla bağlıdır.
Qəlbində çalınan “Qarabağ şikəstəsi” ilə “ Ünvanım dəyişir” sızıltısı
“Çahargah”ı, “Qatar”ı, Ələsgərin sazını, Qurbanın tarını könül dünyasının sərvəti, varı hesab edən, özünü Cabbarın, Seyidin avazı sanan Famil Mehdi üçün Qarabağ ayrıca bir dünya idi. Ona görə yox ki, o, Qarabağlı idi. Famil Mehdi bir Azərbaycan ziyalısı, bir publisist, bir yazıçı, ölkənin jurnalist ordusunun sərkərdəsi kimi Qarabağ məsələsinə fərqli baxışla baxırdı. Torpaqlarımızın itkisi onu yaralayırdı, Qarabağın anası Azərbaycanın qoynundan qoparılması onu sızladırdı, göynədirdi. Elə Qarabağ dərdi ilə də Famil Mehdi sınmışdı, artıq qəddini düzəldə bilmirdi. İçində Qarabağ boyda dünyası yıxılmışdı. Dən düşən saçları 2-3 ilin içindəcə ağappaq olmuşdu. Qəlbində çalınan “Qarabağ şikəstəsi” ilə “ Ünvanım dəyişir” sızıltısını yaşayırdı, müəllimimiz...
***
Bizim gəncliyimiz, həm də itirilmiş gəncliyimiz 90-cı illərə təsadüf edirdi. Biz uşaqlıqdan orta yaşa addamışdıq sanki. Çünki gəncliyimiz qurban getmişdi. Ermənistanın tamahı olmuşdu, işğal olunmuş torpaqlarımıza gömülmüşdü, Qarabağın qara bəxti rəngini almışdı. Ev-eşiyindən düşmənin silahı burnunda qovulan minlərlə məcburi köçkünümüzün acı taleyində itmişdi...
Bakı Dövlət Universitetinin 1991-1996-cı illərin jurnalistika fakültəsinin gəncliyi müharibəyə, torpaq və minlərlə övlad itkisinə tuş gələn tələbələrinin auditoriyaları da müharibə, şəhid, qan qoxurdu. Bu auditoriyalara hər gün Qarabağdan gələn qara xəbərlər elə bir soyuq çökdürmüşdü ki, yayın istisi də bu soyuğu qamçılaya bilmirdi.
Bu auditoriyalarda bizim gəncliyə elə işğal olunan torpaqlar qədər acıyan müəllimlərimiz vardı. O müəllimlər ki, neçəsinin yurdu işğal olunmuşdu, ata-baba ocağının işığı sönmüşdü, doğulduğu, böyüdüyü ata evinin qapısı qıfıllanmışdı. Onlardan biri də Famil Mehdi idi. Təpədən dırnağadək vətənpərvər, yurddaş, soydaş olan Famil müəllim. Sakit söhbətləri ilə hər birimizin ürəyimizin sarı siminə nüfuz edən, yanğısını, acısını, emosiyalarını elə sakit şəkildə ifadə edən, yarısını bölüşən, bir yarısını da ürəyi ilə paylaşan, paylaşmaqla da onu bibən, parçalayan Famil müəllim. Qarabağ dərdi ilə vaxtsız qocalan, yaşlaşan, ahıllaşan Famil müəllim. Allahdan Qarabağı bir də görməyin nəsibi olmasını diləyən Famil müəllim...
Mən Qarabağsız ölmək istəmirəm...
“Anam Qarabağın, Milin, Muğanın, siz də mənim kimi eşqilə yanın, başına döndüyüm Azərbaycanın, dəli Kürüyəm mən, Arazıyam mən”,-deyən Famil Mehdinin Qarabağın işğalından sonra üzü gülmədi. Qarabağ boyda dərd dünyasını qara rəngə bürüdü. Nə ad günü, nə yubiley, nə müsahibə vermək, nə dəvət olunan yerə getmək, bunların hamısı onun arına gəlirdi.
Qarabağsız ölmək istəmirəm, -deyirdi:
Mənə yer verərsən doğma yerində,
Uyuyub yataram, ana, ey ana.
Qarabağ, Qarabağ, sümüklərim də
Əriyib qarışar torpaqlarına...
-kimi misralar onun ruhunun ifadəsi idi.
Qarabağ dərdi yaxınlaşdırdı Famil müəllimimizin ölümünü. Qarabağ dərdi aldı onu əlimizdən. Ağdamı bir də görmək sevdası ilə hər gün ölümə bir addım yaxınlaşdı və elə Qarabağı görmədən dünyasını dəyişdi.
Ruhun şaddır, bilirəm, müəllimim...
İnsan ölmür ki, bir dünyadan o biri dünyaya köçür. Lakin ruhu hər iki dünya arasında gəzir. Evindən, yurdundan, torpağından, ailəsindən danışır o dünyalı-bu dünyalı insana.
“Qarabağ faciəsi” ilə “Ömür keçir, gün keçir”din, yanıb kül oldun, əziz müəllimim. Bilirəm, ruhun xəbər gətirib Qarabağımızın azad edilməsini. Vəfatından düz 17 il sonra, 2020-ci ildə vətən sevgisində, vətənpərvərliyində sənin də payın olan igid və qəhrəman övladlarımız tərəfindən Qarabağın geri alınmasını. Çünki sənin təbirincə desək, bu, bir “Borc” idi. Üzərimizdə namus, qeyrət borcu idi.
2020-ci ildə, payızın 44 günündə aldıq Qarabağımızı. Minlərlə övladımızı itirdik, şəhidimiz, qazimiz oldu, lakin namus, iffət məsələmizi həll etdik. İndi başımız dik, üzümüz ağdır. Rahat uyu, müəllimim, ürəyini taqətdən salan Qarabağ artıq anası Azərbaycana qovuşub.
29 sentyabr məzarında rahat uyuduğun 3-cü sentyabrdır. Rahat uyu, fəxr etdiyimiz, qürur duyduğumuz, əziz müəllimimiz...
Mətanət Məmmədova