PDF Oxu

Sosial

  • 5 654

Dünya oksigensiz boğulur -SOS

image

Sentyabrın 7-si “Beynəlxalq Təmiz Hava Günü”dür

Ekoloji çirklənmə geniş təsirləri olan qlobal problemdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 99%-i, yəni demək olar ki, hamısı çirklənmiş hava ilə nəfəs alır. Effektiv müdaxilə olmasa, 2050-ci ilə qədər havanın çirklənməsi səbəbindən vaxtından əvvəl ölümlərin sayının 50% artacağı proqnozlaşdırılır.

Çirkli hava hər il 7 milyon can alır

Havanın çirklənməsi insan sağlamlığı üçün ən böyük təhlükələrdən biridir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası hər il təxminən 7 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olan çirkli havaya qarşı maarifləndirmə və qlobal tədbirləri səfərbər etmək məqsədilə sentyabrın 7-ni “Beynəlxalq Təmiz Hava Günü” elan edib. Beynəlxalq Təmiz Hava Günü ilk dəfə 2020-ci ildə qeyd olunub.

Havanın çirklənməsi insanların və ekosistemin sağlamlığına birbaşa təsir göstərir. Dünyada hamımız eyni havanı paylaşırıq və nəfəs alırıq. Ona görə də atmosferin qorunmasında, sağlam havanın təmin edilməsində hər kəsin üzərinə düşən vəzifə və öhdəliklər var.

Havadakı kiçik, görünməz çirkli hissəciklər ağciyərlərimizə, qan dövranına və bədənimizə dərindən nüfuz edir. Bu hissəciklər insult, xroniki tənəffüs xəstəlikləri və ağciyər xərçəngindən ölümlərin təxminən üçdə birinin və infarktdan ölümlərin dörddə birinin səbəbkarıdır.

Daşın altına əlini kim qoyur?

Havanın çirklənməsinin transsərhəd xarakteri problemin həlli üçün yerli, milli, regional və qlobal miqyasda tərəfdaşlığı zəruri edir. Bu kontekstdə çirklənmənin azaldılması və havanın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində atılacaq addımlarda BMT-yə üzv dövlətlər, QHT, beynəlxalq və regional təşkilatlar, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq həyati əhəmiyyət kəsb edir.

Bütün ölkələri təhlükə altına salan ekoloji çirkli hava problemi davamlı inkişafa maneələrdən biri hesab olunur. BMT-yə üzv dövlətlər 2030-cu ilə qədər havanın, suyun və torpağın təhlükəli kimyəvi maddələrlə çirklənməsini və çirklənmə nəticəsində ölənlərin sayını əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyirlər.

BMT-nin Dayanıqlı İnkişaf üzrə Konfransının "Bizim İstədiyimiz Gələcək" adlı yekun bəyannaməsində ölkələr, dayanıqlı şəhərlər və yaşayış məntəqələri kontekstində sağlam hava keyfiyyətini dəstəkləyən, davamlı inkişaf siyasətini təşviq etməyi öhdələrinə götürdülər. “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” də qəbul edir ki, havanın çirklənməsinin azaldılması Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda mühüm mərhələdir.

Havanın çirklənməsi və iqlim böhranı Türkiyədə əhalinin sağlamlığı üçün həyati təhlükələr yaradır. Havanın çirklənməsinin qarşısını almaq, iqlim dəyişikliyini ləngitmək və bununla da həm insanların sağlamlığını, həm də həyatını qorumaq üçün nə etməli olduğumuzu bilirik:

Çıxış yolu nədir?

Havanın çirklənməsi sistematik şəkildə izlənilməli və şəffaf şəkildə ictimaiyyətə çatdırılmalıdır, hər kəs bir gün nəfəs ala bilməyəcəyinin fərqində olmalı, ekoloji təmiz hava üçün əlindən nə gəlirsə etməlidir. Ümumdünya Səhiyyə Təşkilatının hava keyfiyyəti qaydalarına uyğun olaraq havanı çirklənmədən qorumaq üçün lazımi qanunlar qəbul edilməli və güzəştsiz şəkildə həyata keçirilməlidir.

Kömür, neft və təbii qaz kimi əsaslı enerji istehsalından uzaqlaşmalı və bərpa olunan enerjiyə investisiyalar edilməlidir. Enerji, nəqliyyat, sənaye, istilik, şəhər və tullantı siyasətləri, vətəndaşların sağlam ətraf mühitdə və təmiz havada yaşamaq hüququ perspektivi ilə yenidən işlənməli və vaxt itirmədən həyata keçirilməlidir. Lakin bu keçid dünya üzrə həmin sahələrdə çalışan milyonlarla işçinin işsiz qalmasına səbəb olmamalı, onların iş ilə təminatı üçün mexanizm düşünülməlidir.

Əslində, Beynəlxalq Təmiz Hava Günü, hava çirkliliyi ilə mübarizə istiqamətində fərdi və cəmiyyət olaraq nələr edə biləcəyimizi düşünmək üçün bir fürsətdir. Ekoloji keyfiyyəti artırmaq üçün edə biləcəyimiz çox şey var. Məsələn, daha az avtomobil istifadə etmək, enerji qənaətini təmin etmək, təkrar emala yararlı məhsulları seçmək, ətraf mühitin dostu olmaq. Dünya hamımızın evidir, içində oksigen olmayan ev nəhəng bir qəbristanlığa dönmədən tədbir görmək şərtdir.

Lalə Mehralı

Digər xəbərlər