PDF Oxu

Sosial

  • 3 614

Bizə həkim lazımdır... FELYETON

Bizə həkim lazımdır... FELYETON

İndi deyəcəksiniz ki, bizim haramız xəstədir ki, həkim lazım ola? Lap tutalım ki, xəstəyik, sənə nə var, özümüz bilərik. Həkimə gedərik də özümüz bilərik, getmərik də. Müalicə olunarıq da özümüz bilərik, olmarıq da. Kim deyir ki, axı biz həkimə getmirik? Bir yerimiz ağrıyan kimi dərhal üz tuturuq həkimə. İndi XII-XV əsr deyil ki, evlərdə həkimsizlikdən ölüb, məhv olaq. Gedirik, sağ olsunlar, bir vərəq dərman yazırlar, hətta aptekin də yerini deyirlər, sağ olsunlar, gətirib edirik. İki-üç günə yaxşılaşırıq. Bir 10-15 gündən sonra əhvalımız yenidən xarablaşır. Yenə gedirik, yenə yazırlar, yenə alırıq, yenə müalicə olunuruq, yenə yaxşılaşırıq. Ta bundan artıq nə olmalıdır ki?

Həkimdən, xəstədən söz düşmüşkən, qonşumuzda Məmmədəli kişi var. Bu yaxınlarda yaman azarlamışdı. Oğlu da buralarda deyil, xaricdə təhsil alır. Bu kişi çox xəstəxanaya getdi, gəldi. Amma düzəlmədi ki, düzəlmədi. Dedik, ay Məmmədəli əmi, bir yaxşı həkimə görsən də. Gülümsəyib dedi ki, ay bala, həkimin də yaxşısı, pisi var məgər? Həkim elə həkimdir də. Dedik yox, ay Məmmədəli əmi, elə deyil, əlbəttə, həkimin yaxşısı da var, pisi də. Nəinki həkimin, müəllimin, mühəndisin, fəhlənin də, xülasə, bütün peşə, sənət sahiblərinin yaxşısı da var, pisi də. Məsələn, həkim var ki, gedirsən, gəlirsən, gedirsən, gəlirsən, axırda da ölürsən. Həkim də var ki, 2-3 dəfə müalicəsini alırsan, əvvəlkindən də gümrah olursan.

Müəllim var ki, elm öyrədir, öyrənib adam olursan, müəllim də var ki, heç özü bir şey bilir ki, sənə də nə isə öyrətsin. Mühəndis var ki, işi işdir, mühəndis də var ki, gördüyü iş uçur adamın başına, əcəlini gətirir. Fəhlə ey, hələ. Fəhlə var ki, abad edir, fəhlə də var ki, abadı bərbad edir.

Nə isə. Məmmədəli əmiyə çox dedik, lakin o, az eşitdi. Vəziyyəti də gündən-günə pisləşməyə başladı. Axır ki, oğlu gəlib özünü yetirdi, atasını götürüb özü ilə xaricə apardı. Vallah, orada nə etdilər, etmədilər, kişi qayıtdı, özü də buz baltası kimi.

Deyəsən yenə mətləbdənkənar söhbətlərə qızışıb əsl mətləbi unuduram. Keçim mətləbə. Əslində səhərdən bəri danışdıqlarımın deyəcəklərimə heç dəxli yoxdur, söhbət açıldı, dedim. Amma, vallah, gerçəkdən bizə həkim lazımdır, yaxşı bir həkim. Tək xəstəmizə yox, uşaqlı-böyüklü, ağsaqqallı-ağbirçəkli, hamımıza həkim lazımdır. “Nə üçün?”,- deyirsiniz. Vallah, deməyin, lazımdır. Bir yaxşı həkim lazımdır ki, deyə ki, ay camaat, xəstələnib mənim yanıma gəlməzdən, hələ bir də məni bəyənib-bəyənməzdən əvvəl baxın, görün nə yeyirsiniz, nə içirsiniz? Necə qidalanırsınız, nə ilə qidalanırsınız?

Sözə bax, heç danışılmalıdır? Camaat nə yemir ki? Yerli məhsullar qalsın bir kənarda. Geni dəyişdirilib xarab olmaq bilməyən, par-par parıldayan kartofu, pomidoru, xiyarı yoxdu, düyüsü, noxudu yoxdu, toyuğu, əti, nə yoxdu bazarlarımızda? Biz də ki, şükür Allaha, nəyə simic olsaq da, yeməyimizə-içməyimizə pul xərcləməkdə əliaçığıq. Gedirik bazara, marketlərə, harada parıldayan, gözəl görünən ərzaq, meyvə-tərəvəz var, onu alırıq. Bir az balacasını, yaraşıqsızını bəyənmirik ki, bəyənmirik. Deyirik ki, niyə biz yaxşısını, bahalısını yeməyik ki? Nə üçün yaşayırıq ki, bu dünyada? Səhərdən axşamadək çalışırıq ki, ucuz məhsul alıb yeyək? Alıb doldururuq çantalarımızı, gətirib yığırıq soyuducuya. Biz niyə nə yemirik ki, bu həkimlər bizə qida məsləhəti verələr?

Hələ şəhərlini qoyuram bir kənara ey. İndi kəndlərimizdə ağacının altına tökülən meyvəni kəndli yığıb doğrayıb verir mal-heyvana. Özü üçün gedib bazarlarda o parıldayan alma-armuddan, şaftalıdan, ərikdən alır. Bəzən düşünür ki, əşi, ta əziyyət çəkib kartof, soğan, tərəvəz əkincə, payız dananı satıb qış tədarükünü edib yığaram başımın altına, yaza çıxaram. Nəyi pisdir ki? Biz özümüzü, görürsünüzmü, necə qoruyuruq, necə qədrimizi bilirik. Bizə həkim, filan lazım deyil. Biz nə yediyimizi də, nə içdiyimizi də yaxşı bilirik.

Vallah, mən qaldım deyəsən həkimlə bu camaatın arasında. Lakin bunların qalmaqalında arada ölsəm də, yenə deyəcəyəm: bizə həkim lazımdır. Ay qardaş, ay bacı, bilirəm hələlik bir yeriniz xəstə deyil, aydındır, öldürməyin məni.

Xəta olmadı ki, 10 oktyabrın Ümumdünya Psixi Sağlamlıq Günü olduğunu xatırladım və düşündüm ki, bizə həkim lazımdır. Mən demirəm ki, xəstəsiniz. Bizim şüurumuzun müalicəyə ehtiyacı var. Bizə terapevt yox, psixoloq lazımdır.

Bu sözləri eşidən kimi üzlərdə təbəssüm yarandı... Şükür!

Mətanət Məmmədova

Digər xəbərlər