Bəlkə də sərlövhə qəribə təsir bağışlaya, “Qədin torpağın sakinləri öz torpağında yenidən necə məskunlaşar?” kimi sual ortaya çıxara bilər. Əslində belə bir sualın yaranması heç də təəccüblü deyil. Çünki bir millət xalq kimi formalaşdığı andan etibarən həm də ona məxsus olan torpaqlarda məskunlaşır. Və bəlli sərhədlər çərçivəsi onun məskunlaşma yeri olur. Lakin bəzən həyat elə davam edir ki, xalqın nümayəndələri məskun olduqları şəhər, rayon, qəsəbə və kəndlərdən uzaq düşməli, illərlə ata-baba yurdundan ayrı yaşamalı olurlar. Bu zaman məskunlaşma prosesi pozulur.
Məskən saldığın yerin itirilməsinin nə demək olduğunu isə yalnız bunu yaşayanlar anlaya bilər. İllərlə yurdundan-yuvasından, evindən-eşiyindən, torpağından ayrı yaşayanlar bilər. Torpağının ətri burnunda qalanlar, qurban verdiklərinin hər birinin həsrətini çəkənlər bilər.
Ümumdünya Məskunlaşma Günündə...
11 oktyabrın Ümumdünya Məskunlaşma Günü olması və BMT-nin Məskunlaşma Proqramı (“UN-Habitat”) Assambleyasının Keniyada keçirilən 2-ci sessiyasında “Ümumdünya Məskunlaşma Günü”nün 2023-cü ildə Bakıda qeyd edilməsinə dair qərar qəbul olunması çərçivəsində bu mövzuya qayıtmalı olduq.
Qeyd edək ki, BMT-nin 1985-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən Ümumdünya Məskunlaşma Günü hər il bir ölkədə qeyd olunmaqla hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatını təşviq edir, dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsi üzrə qlobal platforma rolunu oynayır.
Məhz bu il-torpaqlarımızın işğaldan azad edilməsinin üçüncü ilində, Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin həyata keçirildiyi, yeni şəhər, qəsəbə və kəndlərin salınması, əhalinin bir qisminin doğma torpaqlarına-ev-eşiyinə köçürüldüyü bir zamanda Bakıda şəhər iqtisadiyyatı və şəhərlərin tərəqqi mərkəzləri rolu ilə bağlı məsələlərin müzakirəsinin keçirilməsi həm də dünyaya bir mesajdır. Çünki uzun illər ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinə, tarixi, mədəni və dini abidələrimizin, yüzlərlə sosial obyektlərin və yaşayış məskənlərinin dağıdılmasına, soydaşlarımızın məcburi köçkün kimi yaşamasına dünya susurdu.
30 il məskənindən ayrı
Bəli, 1990-cı ildən başlayaraq bir neçə il ərzində torpaqlarımızın bir qisminin Ermənistan tərəfindən işğal olunması minlərlə soydaşımızın ev-eşiksiz qalması ilə nəticələnmişdi. Minlərlə soydaşımız bir qərinəyə yaxın məcburi köçkün həyata yaşamağa məcbur edilmişdi.
İnsanlar illərlə qurduqları evlərini, həyətlərini, bağ-bağçalarını qoyub silahın burnunda zorla yurdundan didərgin salınmışdı. Daha sonra isə onların evlərinin qapı-pəncərələri, dam örtüyü sökülüb satılmış, mal-mülkləri qarət olunmuş, həyət-bacaları, evləri yandırılmışdır. Bütün bunlar dəfələrlə dövlətimizin başçısı tərəfindən ən mötəbər beynəlxalq tribunalardan səsləndirilmişdi. Lakin dünya səssiz qalmışdı.
Ermənilər işğal etdikləri torpaqlarımızda xalqımıza məxsus yeraltı və yerüstü sərvətləri talayıb dünya bazarına çıxarmış, torpaqlarımızı başdan-başa minalamışlar. Bütün bunlar isə dünyanın dəstəklədiyi məskunlaşma prosesinə zidd olan məsələlər idi. Ona görə ki, bir tərəfdən insanlar yurdunu itirmişdi, bir tərəfdən də onların həmin torpaqlara qayıdarkən olmazın çətinliyi ilə qarşılaşmaları üçün düşmən əlindən gələni etmişdi.
Qarabağda və Şərqi Zəngəzurda daş daş üstündə qalmamışdı. Ağdam Qafqazın Xirosimasına çevrilmiş, ağ saraylı evlər yandırılaraq qara rəngə boyanmışdı. Bəzi şəhər və qəsəbələrimiz o qədər dağıdılmışdı ki, Azərbaycan ordusu həmin yerləri işğaldan azad etdikdən sonra bayrağı sancmağa bir yer tapa bilmirdi.
Bütün şəhər, qəsəbə və kəndlər bir qəbiristanlıq görünüşündə idi. Bu yandırılmış, dağıdılmış, uçurulmuş, talanmış, qarət olunmuş məskənlərin əvvəlki halına gətirilməsi əlbəttə ki, zaman tələb edəcəkdi. Çünki ilk növbədə, bu məskənlər-torpaqlar minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirilməli idi.
Düşmən bilirdi ki, bu torpaqların sahibi bir gün onları geri alacaq. Ona görə də nə bacarmışsa, o qədər dağıtmış, talamışdı.
Məskənsiz qalmaq acısı
Dünyada məskunlaşmaqdan çətin iş yoxdur, desəm, yanılmaram. Çünki ev tikmək, bağ-bağat salmaq bir insanın ömrünə sığmır. Bir həyətin həyət halına gəlməsi üçün bir ömür kifayət etmir. Biz qururuq, övladlarımız davam edir, nəvə-nəticələrimiz çalışır ki, yurd yurdluqdan çıxmasın, dağılmasın, viran olmasın. Beləliklə də yurd salmaq, yəni məskunlaşmaq elə də asan məsələ deyil.
Təəssüf olsun ki, bunu bir alin yazisi kimi yaşamalı olduq. Məskənimizdən zorla qovulduq. Məskənimiz göyə sovruldu. İllərlə əllərimizlə qurduqlarımız, min bir əziyyətlə yaratdıqlarımız düşmənin acı tamahının qurbanı oldu. Soydaşlarımız köçkünlük həyatına başlayandan bir neçə il sonra da əllərinin qabarı hələ getməmişdi. Hələ üstəlik bu qədər zəhmətin fonunda ürəyin qubar bağlaması isə daha dözülməz idi. O qubar ki, məcburi köçkünlərimizdən dünyasını dəyişən minlərlə insan yurdunu, torpağını bir daha görə bilməyərək həyatla vidalaşdı. O qubar ki, “torpaq, yurd” deyə-deyə minlərlə soydaşımız yurdundan kənarda illərlə yaşamalı oldu. O qubar ki, yüzlərlə vətəndaşımızın arzularını gözündə qoydu. Tikdiyi ev-eşiyində, həyət-bacasında övladı üçün qurduğu arzuları yarımçıq qaldı.
Onlar düz 30 il köçkün kimi yaşadılar. Dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunsalar da, bu, yaralarına məlhəm ola bilmirdi. Çünki öz məskənləri, öz yurdları yox idi. Vətən bir olsa da, özgə yurdda idilər. İllərin zəhməti, arzusu, xəyalları əllərindən alınmışdı. Əzizlərinin qəbirləri o yurdlarda qalmışdı. Xatirələri o torpaqlara gömülmüşdü.
Bir qarış torpaq uğrunda müharibələr zamanla bizim soydaşlarımız kimi, bu acını milyonlarla insana yaşadıb. Lakin bu acılar tamahlara “dur” deyə bilməyib. Özününkü olanla qənaətlənməyi öyrədə bilməyib. Övlad itkisi yaşanıb, qan tökülüb, lakin qəddar ürəklərə bu, əsla təsir gücündə olmayıb. Bizim qonşuluqdan kənar qonşumuz kimi-ermənilərin tamahı, daş ürəkləri kimi...
Yenidən məskunlaşırıq
Haqq nazilər, lakin üzülməz, deyib atalarımız. Haqq, bəli nazilmişdi. Bütün dünyanın susması qarşısında bizim haqq səsimizi sükut mişarlamaqda idi. Lakin mişarın gücü bu haqqı üzə bilmədi.
2020-ci ilin 44 günlük Vətən müharibəsində ədalət qalib gəldi. Azərbaycan xalqı Ermənistan üzərində Zəfər çaldı. Torpaqlarımız müzəffər sərkərdəmizin rəhbərliyi ilə milli ordumuz tərəfindən azad edildi. Biz bu Zəfərlə həm illərdən bəri çiyinlərimizdə ağır yük olan namus, şərəf məsələsini həll etdik, həm də minlərlə soydaşımızın yurduna qayıtmaq arzusunu reallaşdırdıq.
Zəfər nə demək idi? Zəfər məcburi köçkünlərin yaxın gələcəkdə yenidən öz yurdlarında məskunlaşa bilməsi demək idi. Zəfər Qarabağın və Şərqi Zəngəzurun doğma anasına-Azərbaycana qovuşması və yenidən qurulacağı, yeni həyata qədəm qoyacağı demək idi.
Müharibə bitdi. Dünyanın əksər ölkələrindən azad torpaqlarımıza gələnlər, ermənilərin yurdlarımıza tutduğu sitəmi öz gözləri ilə görənlər oldu. Sonda haqqın kimin tərəfində olması dünyaya məlum oldu.
Müharibə hələ bitməmişdi, artıq azad edilən torpaqlarda elertrik xətlərinin çəkilməsinə, yolların abadlaşdırılmasına başlanmışdı. Çox çəkmədi ki, bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydanına çevrildi. Gündən- günə yurdlarımıza həyat verildi. Bu gün də azad edilmiş torpaqlarımızda bərpa işləri sürətlə həyata keçirilir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”na əsasən mərhələli şəkildə görülən işlər azad edilmiş torpaqlarımıza yeni nəfəs verir.
Məcburi köçkünlərin artıq yurdlarına qayıdışı başlayıb. Ötən ilin iyul ayından Laçın və Füzuli şəhərləri və Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri artıq qoynunu sakinlərinə açıb, onları qarşılayıb.
Qayıdış mərhələli şəkildə həyata keçirilir. Şəhər, qəsəbə, kəndlərimiz müasir şəkildə qurulur, insanların əvvəlkindən də gözəl şəraitdə yaşaması üçün işlər görülür, daha sonra onlar köçürülür.
Ərazilərimizin böyük qisminin minalanması və minalanmış ərazilərin xəritələrinin düşmən tərəfindən verilməməsi qayıdışı bir qədər ləngidir. Lakin bəlli ərazilərin minadan təmizlənməsi sürətlə həyata keçirilir. Təmizlənən ərazilər isə bərpa olunur, yenidən qurulur, sakinlərinə verilir. Beləliklə biz öz torpaqlarımızda yenidən məskunlaşırıq. Bu məskunlaşmanı isə bütün dünya izləyir. Biz yeni, müasir şəhərlər, qəsəbələr, kəndlər salırıq.
Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-HABİTAT) ilə əməkdaşlığa başlaması, ötən ildən bəri Milli Şəhərsalma forumlarının təşkil olunması təqdirəlayiqdir. Ona görə ki, dünyaya həm şəhərsalmanı, həm də öz torpağında yenidən məskunlaşmanı nə qədər yüksək səviyyədə həyata keçirdiyimizi göstərə bilirik.
Mətanət Məmmədova