PDF Oxu

Sosial

  • 3 150

Bizi peşman etməyin!..

Bizi peşman etməyin!..

Bunu uşaqlar deyir. Dünyadakı bütün uşaqlar müharibə hərislərinə, torpaq acgözlərinə, mənfəət sevdalılarına üz tutub deyir ki, rəhm edin bizə. Sizi and veririk Allaha, rəhm edin.

Biz nə üçün siz böyüklərin əlində oyuncağa çevrilməliyik? Nə üçün hər bir müharibədə, münaqişədə qurban biz olmalıyıq? Nə üçün bizə rəhm etmirsiniz? Nə üçün dinc, sakit həyatımızı əlimizdən alırsınız?

Biz gecənin yarısında atdığınız bombaların səsindən nə üçün qan-bağır olmalıyıq? Nə üçün valideynlərimiz bizi gecənin şirin yuxusundan silkələyərək oyadıb ayaqyalın, çılpaq meşələrə, dağlara, düzənliklərə doğru sürüməlidirlər? Nə üçün yollarda acından məhv olmalıyıq? Nə üçün sizin qurbanınıza çevrilib əzizlərimizə kədər, qəm yaşatmalıyıq? Nə üçün ata-anamızın gözü qarşısında bizə qıyırsınız? Nə üçün bizim gözümüz qarşısında valideynlərimizi min bir işgəncə ilə öldürürsünüz?

Nədir bizim günahımız? Bu dünyaya müharibələrin acısını, fəlakətini yaşamaq üçün gəlmişik, yoxsa siz “əmilərin” arzularına qurban olmaq üçün? Siz hegamon olacaqsınız, xalqları əzib öz niyyətinizə çatacaqsınız deyə, biz nə üçün bu fəlakətləri yaşamalıyıq? Evlərimiz yandırılmalıdır, ata-anamız öldürülməlidir, bacı-qardaşlarımızdan ayrı düşməliyik, aclığa tab gətirə bilməyən həmyaşıdlarımızı gözlərimiz qarşısında itirməliyik?

Nə üçün? Nə üçün biz sizə görə isti yuvamızdan, rahat yatağımızdan didərgin düşməliyik? Harada qaldı qələmlərimiz, şəkil dəftərimiz, oyuncaqlarımız? Bilirsinizmi, onları atam mənə yenicə almışdı. Rəsm çəkəcəkdim. Atama da söz vermişdim ki, onun da şəklini çəkəcəyəm. Lakin siz atamı əlimdən aldınız, o, çəkəcəyim rəsmini görmədən dünyadan köçdü...

O oyuncaq maşını mənə almaq üçün dünən öldürdüyünüz atam düz bir ay işdən sonra əlavə işləmişdi. O gəlinciyi anam mənə almaq üçün neçə günlər evlərdə xidmətçilik etmişdi, bilirsinizmi? Bilməzsiniz siz. Bunların heç birini bilməzsiniz. Çünki siz biz yaşadığımızın bircəsini belə yaşamamısınız.

Maraqlıdır, siz ata deyilsiniz? Oğlunuz, qızınız yoxdur. Bəlkə də var. Varsa, onlar da bizim kimi yazıqdırlar. Sizin yazıq etdiyiniz uşaqların hər biri kimi yazıqdırlar. Yoxdursa, övladınız, bu, lap əla. Yaxşı ki, yoxdur. Olsa idi, bizə yaşatdıqlarınızı onlar da yaşayacaqdı. Biz qədər ağır, məşəqqətlə yaşamasalar da, yaşayacaqdılar. Çünki müharibə heç bir uşaqdan təsirsiz ötmür. Biz ya qurban oluruq, ölürük, öldürülürük, didərgin salınırıq, ya səfalət içərisində yaşamağa məhkum edilirik, aclıqdan dünyamızı dəyişirik, ya da uzaqdan televizor vasitəsilə həmyaşıdlarımızın aqibətini izləyirik. İzlədikcə də psixologiyamız pozulur, zədələnir, uşaq dünyamız yıxılır...

Siz müharibələri davam etdirdikcə, bizi itirirsiniz. İtirmək tək o deyil ki, minlərlə uşaq müharibələrin qurbanı olur. İtirmək həm də yaşaya-yaşaya itirməkdir. Bir uşağın ki, psixologiyası zədələnir, o, ölü kimidir, yaşasa nəyə dəyər...

Ay “əmilər”, insafa gəlin, yandırmayın, süngüləməyin kiçik bədənimizi. Dağlamayın sinəmizi. Almayın əlimizdən oyuncaqlarımızı. Almayın ata-anamızı. Salmayın bizi evimizdən uzaqlara...

Ay “əmilər”, insaf edin, bəsdir, müharibələrdən bezdik, usandıq. Biri bitir, o biri başlayır. Bir gün müharibəsiz dünyamız olmur. Yetər!

Nə vaxt gözləriniz doyacaq dünya malından? Nə vaxt? Axı bu dünya sizə də qalan deyil. Bir gün bizim kimi, siz də bu dünya ilə vidalaşacaqsınız. Minlərlə, milyonlarla günahsız uşağa etdiyiniz bu sitəmlərə Allah qarşısında necə cavab verəcəksiniz?

Etməyin müharibələr, savaşlar... Qıymayın bizim düzənimizə, nə olar? Dünyamızı qaraltmayın. Bizi dünyaya gəlməyə peşman etməyin, nə olar...

Mətanət Məmmədova

Digər xəbərlər