Aşığın sözü qurtaranda “neynim, neynim” edib, məclisi yola verdiyini görmüşdük. Sən demə, siyasətdə də neynim-neynim varmış ey. Əli Kərimli bu günlər elə bir “neynim, neynim”dəydi ki, güldük, güldük, elə güldük ki, uğunub getdik.
Xankəndinə, Xocalıya, Xocavəndə, Ağdərəyə... bayraq sancılandan yoxuydu “bəy”. Dedik yəqin utandığından qısılıb bir kənara. Yəqin deyib: “ta nə deyim axı?”. Nə deyirəmsə, ağzımın üstündən vurub oturdurlar yerimə; üç il əvvəl müharibə oldu. Elə bir söz axtarırdım danışmağa, Laçın, Kəlbəcər, Ağdam məsələsi çıxdı meydana. O qədər sevindim, o qədər sevindim ki, az qaldı ürəyim partlasın. Dedim, nə yaxşı oldu. Danışmağa söz taparam. Bir az danışmışdım ki, Laçını da, Kəlbəcəri də, Ağdamı da erməni başına daş düşmüş qoyub aftafasını, unutazını götürüb getdi. Dedim yaxşı, bəs mən indi nə danışacağam?
Bu arada axı bir söz lazım idi ki, danışam. Nə olur olsun ey, söz olsun. Axı söz yoxdursa, gündəm də yoxdur. Hər şey gedib ey, qalan bir sözdür. Yəni bir çürük sözü də danışmayım, nə edim bəs?
Sonra ermənilərlə azərbaycanlılar arasında keçid məntəqəsi yaradıldı. “Bəy” buna çox narahat oldu. Dedi ki, bəs yazıq ermənilər orada acından-susuzdan öləcəklər. Ancaq gərək narahat olmayaydı, bu məntəqə silah-sursat üçün qoyulmuşdu, ərzaq üçün yox. Bunu “bəy” biləndə isə artıq ermənilər özləri öz xoşları ilə getməyi məsləhət bildilər. Buna da “bəy” çox məyus oldu. Bir xeyli də bundan danışdı. Lakin onlar artıq getmişdilər.
Sonra nə danışacaqdı ki, bəs? Başladı Xankəndidən, Xocalıdan, Ağdərədən, Xocavənddən tutub buraxmamağa. “Yarımçıq müharibə” adlı mövzunu saldı çənələrinə. Lakin bu dəfə söz elə çənəsindəcə qaldı. Bayraqlarımız bir-bir həmin torpaqlarda ucaldıldı.
Nə məsələ idi, deyə bilmərəm, bu hadisədən sonra Əli “bəy” düz 3 gün susdu, səssizliyə qapıdı. Dedik, yəqin utandığından belə edir. Danışdıqlarına görə xalqın qarşısında özünü günahkar hesab edir.
Sən demə yox, belə deyilmiş. Əli “bəy” yeni mövzu üzərində işləyirmiş. Danışmağa söz axtarırmış. Belə də oldu. Üç gündən sonra ortalığa çıxdı və yeni mövzunu gündəmə gətirdi: niyə bu müharibə 30 ilin əvvəlində deyil, axırında oldu. Və sair və ilaxır...
Bu dəfə dedik ki, hə... Deməli, siyasətdə də “neynim, neynim” məsələsi varmış. “Bəy” günlərdir ki, “neynim, neynim”dədir. Lakin bunun üçün əlverişli vaxt seçibmi? Yox. Gərək sükuta qərq olduğu o 3 günü ən azından bir 6-7 gün edərdi. Çünki bu saat hamı toy-bayramdadır. Əli “bəy”ə bircə nəfərin də qulaq asmağa nə vaxtı, nə də əhvalı var.
Bizə də Molla əmi dedi, yoxsa əsla xəbərimiz olmayacaqdı. Molla əmi Qarabağı eşidib, o dünyadan qalxıb bizi təbrikə gələndə Əli “bəy”lə yol yoldaşı olubmuş. Deyir, ordan bura “neynim, neynim” elədi. Mən də cəmi bir kəlməsinə cavab verdim ki, 30 il əvvəl acından öldüyün günləri xatırlayırsan, necə müharibə edəcəkdin?
Mətanət Məmmədova