Qida zəhərlənməsi, hər kəsin başına gələ biləcək bir hadisədir – bəzən ehtiyatsızlıqdan, bəzən tamahdan. Qida zəhərlənməsi bəzən adi bir mədə yuyulması ilə yüngül bir şəkildə sovuşdurula bilən prosesdirsə, bəzən də ölümə yol aça biləcək qədər təhlükəlidir. Qida zəhərlənməsinin səbəbləri çoxdur, məhsulların gigiyenik şəraitdə saxlanmaması, tərkibində olan kimyəvi elementlər, habelə orqanizmin mənimsəyə bilmədiyi maddələrlə zəngin olması da bu səbəblərdəndir. Zəhərlənməyə səbəb olan qidaların çeşidi isə boldur.
2023-cü ilin 9 ayı ərzində baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, bu ilin yanvar-sentyabr ayları ərzində Agentliyə qida zəhərlənmələri ilə bağlı 586 müraciət daxil olub. Təsdiqini tapmış zəhərlənmə faktlarının sayı 106 olub. Eyni zamanda, qida zəhərlənməsilə əlaqədar 869 nəfər qeydiyyata alınıb, təsdiq olunmuş qida zəhərlənməsi ilə zərərçəkənlərin sayı 216 nəfər təşkil edib. Zəhərlənmədən ölən 1 nəfər olub ki, o da 53 yaşlı Zaqatala sakini olub. O göbələkdən zəhərlənərək ölüb. Rayonun Höytala kənd sakini, 1970-ci il təvəllüdlü Kərəm Hacıxan oğlu İmranov ötən gün göbələk zəhərlənməsi diaqnozu ilə müalicə aldığı Bakıdakı Kliniki Tibbi Mərkəzində dünyasını dəyişib.
Kənd təsərrüfatı məhsullarının yetişdirilməsində ziyanvericilərlə mübarizə üçün geniş şəkildə kimyəvi dərmanlardan istifadə edilir. Torpağa bol gübrə verilir. Təkcə Qubada bir il ərzində alma ağaclarına ziyanvericilərlə mübarizə aparmaq üçün 16 dəfə zəhər vurulur. Torpağa külli miqdarda zəhərli maddələr yeridilir və bunlar yerində qalmır, meyvələrlə, tərəvəzlərlə insan orqanizminə daxil olur. Çoxlu məhsuldarlıq əldə etmək üçün külli miqdarda zəhərli maddələrdən istifadə edilir. Bunun da nəticəsi zəhərlənmələr olur.
Qeyd edək ki, mövsümü zəhərlənmələrə zamansız satışa çıxarılan meyvələr, keyfiyyətsiz dondurmalar, uyğun şəraitdə saxlanmayan şokaladlar, tortlar, balıq, ət və tərəvəz konservləri, hazır təklif edilən qidalar, habelə sərinləşdirici içkilər də səbəb ola bilər. Odur ki, balıq və ət konservlərini aldıqdan və istifadə etdikdən sonra yerdə qalanını öz qabında deyil, şüşə bir qaba boşaltmaq lazımdır, unutmayın ki, yalnız evdə qeyri-peşəkar üsullarla hazırlanan konservlər zəhərlənmə yaratmır, mağazalarda təklif edilən müxtəlif sənaye konservləri də botulizm xəstəliyinə səbəb ola bilər. Tərəvəz, balıq, ət konservləri aldıqda qablaşdırılmasına, xüsusilə də istifadə müddətinə diqqət edin. Qapağı şişmiş konservlər təhlükəlidir.
Botulizm ev şəraitində hazırlanan müxtəlif turşular, mürəbbələr və kompotların istehlakı nəticəsində yaranan zəhərlənmələrdir. Botulizm zəhərlənməsini yaradan bakteriya “clostridium botulinum” adlandırılır. Əslində bu bakteriyalar insan orqanizmi üçün təhlükəli deyil. Lakin bakteriyalar tərəfindən əmələ gətirilən toksin - botulotoksin dünyada ən güclü bioloji zəhərlərdən biri hesab edilir.
Botulizm zəhərlənmələri bəzən o qədər təhlükəli olur ki, ölümə belə səbəb ola bilir. Yaxın illər ərzində botulizm hadisələri zamanı müxtəlif yaş qrupunda olan insanlar vəfat edib. Pomidor turşusundan Kürdəmirdə 46 yaşlı qadın zəhərlənərək vəfat etdi, Qazaxın Daş Salahlı kəndində 11 yaşlı uşaq da eyni səbəbdən dünyasını dəyişdi, Göygöldə 52 yaşlı qadın da turşudan zəhərlənərək öldü, Salyan rayonunda yas mərasimində 31 nəfər də məhz pomidor və xiyar turşusu, Beyləqanda 5 nəfər pomidor zəhərlənməsi ilə bağlı xəstəxanaya çatdırıldı. Yaxın illərdə tanınmış professorun 26 yaşlı oğlu bu səbəbdən dünyasını dəyişdi. Xatırlayırsınızsa bir neçə il əvvəl Gürcüstanda yaşayan 15 soydaşımız pomidor turşusundan zəhərlənmişdi, onlardan 3-ü dünyasını dəyişdi.
Özünüzü qida zəhərlənmələrindən sığortalamaq üçün ev şəraitində hazırladığınız turşuları, mürəbbələri yalnız təzə və keyfiyyətli meyvə və tərəvəzlərdən hazırlayın, yaxşı olar ki, meyvə-tərəvəzi yuyarkən suya bir az sirkə əlavə edəsiniz. Bankalaın qapağını bağlama prosedurunu dəqiqliklə yerinə yetirin. Konserv hazırlayarkən bankaları 1 saatdan az olmayaraq sterilizasiya edin. Botulizmi törədən mikroblar yalnız güclü və düzgün sterilizasiya zamanı məhv olur.
Lalə Mehralı