PDF Oxu

Sosial

  • 6 745

Sənət dünyamızın əvəzsiz rejissoru Mehdi Məmmədov - 105

Sənət dünyamızın əvəzsiz rejissoru Mehdi Məmmədov - 105

Əsrlərdən səsi eşidilən, hər zaman toy-büsatlı olan Şuşamız tarixin dönəmlərində çox hücumlara məruz qalsa da başını dik tutub, əyilməz, məğlubedilməz olub. Çox gözlər dikilib bu diyara. Hər daşında bir tarix yaşar, bir tarix danışılar. 28 il erməni işğalı altında qalan Şuşamız bu gün azad nəfəs alır və dirçəlir. Şuşada, Cıdır düzündə festivallar, tədbirlər keçirilir, xalqın ruhu, istəyi öz ifadəsini tapır. Qarabağ bölgəsində yerləşən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ölkəmizin ən mühüm şəhərlərindən biri olmuşdur. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırılan Şuşada 17 məhəllə vardı və hər məhəllədə hamam, məscid və bulaq yerləşirdi. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. Bu tarixi şəhərdə məşhur aktyorlar, rejissorlar, yazıçı və şairlər də yetişdi.Azərbaycan teatr rejisoru, aktyoru və pedaqoqu, sənətşünaslıq doktoru, Xalq artisti Mehdi Məmmədov da böyük sənətkarlar yetişdirən məkanda Şuşada dünyaya göz açmışdır. Azərbaycan teatr sənətinin çox görkəmli rejissorlarından olan Mehdi Məmmədov, həqiqətən də, bu sahədə özünəməxsus bir məktəbin təməl daşını qoymuş və bu möhtəşəm binadan neçə-neçə rejissorlar nəsli yetişərək gözəl tamaşaların səhnələşdirilməsinə nail olmuşdur. Mehdi Məmmədovun sənət tarixindəki mövqeyi və rolu onun quruluş verdiyi tamaşalarda daha aydın şəkildə özünü göstərir. Bu tamaşaların hər biri sənət tariximizdə qızıl əsərlər hesab olunub, siyahıya daxil edilmişdir.

YÜKSƏK SƏHNƏ NİZAMINA UYĞUN ƏSƏRLƏRİN BƏDİİ HƏLLİNƏ MÜVƏFFƏQ OLDU

Görkəmli sənətkarlardan təhsil alan və bu sahədə mükəmməl şəkildə mütəxəssis kimi yetişən Mehdi Məmmədov, yaradıcılıq yoluna ömrünün gənclik dövrlərində başlamış, qısa bir müddətdə istedadını səhnələşdirdiyi əsərləri vasitəsilə büruzə vermişdir. Qeyd edim ki, Mehdi Məmmədov 1940-cı ildə Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdir. Ötən əsrin 40-45-ci illərindən Kirovabad (Gəncə) Dövlət Dram Teatrında rejissor kimi çalışmış, yiyələndiyi nəzəriyyəni və təcrübəni burada göstərə bilmişdir. Qeyd olunan sənət məktəbində çalışdığı müddət ərzində klassik sənətkarların əsərlərini səhnələşdirmiş və həmin tamaşalar uzun müddət teatrın repertuarında xüsusi yer almışdır. Belə ki, o, Mirzə İbrahimovun "Madrid", Cəfər Cabbarlının "Od gəlini", "Oqtay Eloğlu", Səməd Vurğunun "Vaqif", Mehdi Hüseynin "Nizami" tamaşalarına quruluş verərək, çox yüksək səhnə nizamına uyğun əsərlərin bədii həllinə müvəffəq olmuşdur.
Bu teatrda qısa bir müddət işlədikdən sonra Mehdi Məmmədov 1946-cı ildə Azərbaycan Dövlət Dram Teatrına dəvət alır. Böyük sənətkarların çalışdığı bu sənət məbədində rejissor kimi çalışmaq sənətkar üçün nə qədər məsuliyyətli olsa da belə o, qeyri-adi istedadı nəticəsində göstərilən etimadı doğruldur və teatrın baş rejissoruna çevrilir. Qeyd edək ki, Mehdi Məmmədov bu teatrın səhnəsində çox möhtəşəm tamaşalarda baş rollara təyin olunmuş, özünəməxsus tərzdə yüksək xarakterə malik insanların obrazını canlandırmışdır. Mehdi Məmmədov bu obrazlara, demək olar ki, ikinci həyat bəxş etmişdir. Onun bu obrazlarının hər birində aktyor həyəcanı, emossiyası özünü büruzə verir. Bu teatrda onun Vilyam Şeksprin "12-ci gecə", Lope de Veqanın "Rəqs müəllimi", Mehdi Hüseynin "Alov", Hüseyn Cavidin "Xəyyam" tamaşalarında baş obrazların yaradıcısı kimi uğur qazanması, təbii ki, böyük məktəb keçmiş şəxslərdən təhsil alması ilə əlaqələndirmək mümkündür. İstedad ilə tədrisin mükəmməlliyi Mehdi Məmmədovu sənət aləmində böyük sənətkar tituluna yüksəldə bildi. Onun oynadığı tamaşaların hər biri teatr aləmində əhəmiyyətli yer tutur.

QURULUŞ VERDİYİ TAMAŞALARDAN BÖYÜK MƏHƏBBƏTLƏ DANIŞILIR

Mehdi Məmmədova qədər klassik əsərlərdə bir çox sənətkarlar fərdi qaydada obrazlar yaratsalar da, onun ifaçısı olduğu rolların hər biri bənzərsizliyi ilə seçilmiş, hətta yaratdığı obrazların adı ilə teatrsevərlərin yaddaşında iz salmışdır. Çoxşaxəli və məzmunlu yaradıcılıq yoluna malik olan Mehdi Məmmədovun sənət yolu təkcə Azərbaycan Dövlət Dram Teatrı ilə məhdudlaşmamışdır. O, bu illər ərzində bir neçə teatrda rejissor kimi çalışmış və gözəl əsərlərin səhnələşdirilməsində müəllif yozumu ilə öz yozumunu birləşdirərək, aktyorların ifasında gözəl məntiq və ideyaya malik olan saysız əsərlərə səhnə həyatı vermişdir.
Belə ki, Mehdi Məmmədov Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında baş rejissor işlədiyi illərdə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Koroğlu", Cahangir Cahangirovun "Azad" və digər operalara quruluş vermiş və həmin əsərlər uzun illər opera teatrının səhnəsində böyük uğur qazanmış, hətta dünya ölkələrinin səhnələrində belə oynanılmışdır. Onun quruluş verdiyi əsərlərin təcrübəsindən sonrakı rejissorlar bəhrələnərək, yeni bir quruluşda adlarını qeyd etdiyimiz bu və ya dikər əsərləri səhnələşdirmişdilər. Onu da etiraf edək ki, yüzillik tarixi olan "Leyli və Məcnun" operasına bir çox rejissorlar quruluş versələr də, Mehdi Məmmədovun quruluş verdiyi tamaşa haqqında bu gün böyük məhəbbətlə danışılır. Mehdi Məmmədov həm quruluş verdiyi əsərlərin müəllifinə, həm də öz yaradıcılıq yoluna hörmət əlaməti olaraq heç vaxt təsadüfi və istedadsız şəxsləri tamaşalarına dəvət etməmiş, böyük aktyorluq məharətinə malik olan sənətkarlarla işləməyə önəm vermişdir.

MÖHKƏM TƏMƏLLİ YARADICILIQ MƏKTƏBİ

Mehdi Məmmədovun yaradıcılıq yolunun bir qolu da Səməd Vurğun adına Rus Dram Teatrı ilə bağlıdır. O, bu sənət məbədində 1978-ci ildə fəaliyyətə başlamış baş rejissor vəzifəsində çalışmışdır. Mehdi Məmmədovun yaradıcılıq irsinə diqqət yetirsək, görərik ki, o, sənət tariximizdə həm istedadlı rejissor, həm də qeyri-adi potensiala malik aktyor kimi tanınmışdır. Ciddi görkəmi, səs imkanları, aktyorluq manevrləri, jest və mimikaları ilə tamaşaçıda böyük məhəbbət doğuran aktyor sənət tariximizdəki Xəyyamı, Protosovu, Fərhad Kamalovu və digər obrazları ilə təkrarsız olduğunu bir daha təsdiqlədi və rolların mahir ifaçısı olaraq əbədiləşdi.
Mehdi Məmmədov 1969-1976-cı illərdə Azərbaycan teatr cəmiyyətinin sədri vəzifəsində çalışmışdır. Bu illərdə teatrın inkişafına və onun görkəmli nümayəndələrinə diqqət yetirmiş, sənət məbədlərində çox gözəl məzmuna malik olan əsərlərin səhnələşdirilməsinə nail olmuşdur. Qeyd edim ki, Mehdi Məmmədov bir pedaqoq kimi də böyük xidmətlər göstərmişdir. O, uzun illər Azərbaycan Dövlət İncəsənət Universitetinin kafedra müdiri, professoru olmuş, bu illər ərzində də Azərbaycan teatr sənətinə aktyorlar nəslini və rejissorları yetişdirmişdir. Bütün bunlarla yanaşı, onun milli dramaturgiya, incəsənət nəzəriyyəsi və estetikaya dair əsərləri də işıq üzü görmüşdür. Bu əsərləri ilə Mehdi Məmmədov tədris prosesində tələbələr üçün əyani vəsaitin nə qədər vacibliyini nəzərə almış və bu məqsədlə də belə kitabların ərsəyə gəlməsini əhəmiyyətli hesab etmişdir. Mehdi Məmmədovun müxtəlif məzmunda olan kitablarından bu gün də tədris proseslərində əyani vəsait kimi istifadə edilir.
Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi olan Mehdi Məmmədovun dünyasını dəyişməsinə baxmayaraq, yaratdığı məktəbin təməli o qədər möhkəmdir ki, müasir dövrümüzdə, eləcə də, yaşanılacaq illərdə dünyasına hər zaman müraciət olunacaq və ondan sənətin inkişafı yolunda çox böyük dəyərlər əxz ediləcəkdir. Bu gün sənət tariximizdə Mehdi Məmmədovun adını çox böyük iftixarla çəkir və yad edirik. Belə sənətkarların yaradıcılıq irsinin nəticəsi olaraq, teatr sənəti inkişaf edir və yaşayır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər