Bir dövlətin, bir millətin özül sütunudur gənclər. Böyük arzuları, böyük idealları, böyük ümidləri var. Gəncliklərini yaşamadan yaşlanan, oxumaq, işləmək, qazanmaq üçbucağında qaçhaqaç həyat yaşayan gənclər...
Gənclərin ən vacib üç əsas ehtiyacı var. Enerjisini çıxarmalı, özünü ifadə etməli, həmyaşıdları ilə ünsiyyət ehtiyacını ödəməlidir. İnsan həyatı boyu ən yüksək enerjiyə gənclik illərində sahib olur. Həyat boyu insanlar ən çox gənclik illərində dinamik olur, daha çox aktiv olurlar, daha çox özlərini göstərmək istəyirlər. Yemək yeyirsə, geyimlə təmin olunursa, dostları ilə sosiallaşırsa bir gəncin bütün ehtiyacları ödənmiş olmur. Elə ehtiyaclar var ki, fiziki, elə ehtiyaclar da var ki mənəvi boşluğu doldurmaq üçündür. Bizim gənclər yaxşı-pis fiziki ehtiyaclarını ödəyirlər, bəs mənəvi ehtiyaclar?
Sosiallaşmaq ehtiyacı yarandıqda və gücləndikdə insan bu ehtiyacını ödəmək üçün vasitə, yol, çıxış axtarır. Sağlam mühit tapa bilmədikdə isə gənclər qeyri-sağlam mühitə üz tutur, axtardığını burda tapdısa vay halına! Çünki o mühit sağlam deyil, zərərli vərdişlərlə zəngindir, amma gənci həmin an o mühitin sağlam olub-olmaması narahat etmir, onu maraqlandıran ehtiyaclarının ödənilməsidir. Bu yolda zərərli vərdişlərə yiyələnir, zərərli yoldaşlıqlar qurur, amma fərqində olmur. O anlaşılmaq, başa düşülmək istəyir, amma bunun üçün yalnış yer seçir.
Bu dövrdə gənclər görünmək, danışmaq, izah etmək istəyirlər. Dünyanı, həyatı, hadisələri və insanları anlamağa başladıqca, özləri haqqında nəticə çıxarmaq, öz yollarını tapmaq, bütün bunları insanlarla bölüşmək, insanlara öz fikirlərini və özlərini göstərmək istəyirlər. Çünki məktəbdən, universitetdən, dərsdən kənarda öz fikirlərini, hisslərini, istedad və qabiliyyətlərini ifadə etmək imkanı tapa bilmirlər. Xüsusilə onlar üçün məşğuliyyət, əyləncə yerlərinin az olması da buna təsir göstərir. Daha doğrusu, gənclərin ödənişsiz əyləncə, məşğuliyyət yolları yoxdur. Hər rayonda tikilən, amma ağzı qıfıllı saxlanan Gənclər Evi onların üzünə bağlıdır. Gənclərə özünü ifadə edə biləcəkləri alternativ məkanlar və imkanlar təmin edilmədikcə, onların zərərli vərdişlərdən və yollardan uzaqlaşmasını gözləmək də sadəlövhlük olardı.
Əslində, kəşf olunmağı gözləyən ən böyük dəyərlərimizdən biri də gənclərdir. Gənclik öz yolunu və həyat tərzini təyin etməyin başlanğıc dövrüdür. Bəşəriyyət cəmiyyət kimi formalaşmağa başladığı vaxtdan gəncliyə xüsusi önəm verib. Bütün dinlərdə gənclərlə bağlı hikmətli sözlər deyilir, bütün müdriklər gənclərin gələcəyə körpü olması barədə danışıb, mənəvi dəyərlərə önəm verilərək tərbiyə olunmalarını əsas tutub, bütün xalqlar vətənpərvərliyi onların timsalında təbliğ ediblər.
Milllətçilik ideallarında millətin gələcəyi onlara tapşırılır, sosializm öz gələcəyini bu ideyalara sadiq gənclərdə görür, dövlət öz siyasi kursunun təbliğini potensial vəd edən gənclərə həvalə edir, milli-mənəvi ənənələrin təbliği onlar vasitəsi ilə həyata keçirilir. Çünki gənclər cəlddir, temperamentlidir, parlaq gələcək vəd edirlər. Asanlıqla öyrənirlər, öyrəndiklərini asan tətbiq edirlər. Gənclər həmişə yenilikçidirlər, lakin bunun fonunda əgər milli adət və ənənəyə, vətənpərvərlik ideyalarına sadiq qalınaraq tərbiyə olunublarsa həm millətçiliyə, həm dövlətçiliyə, həm mənəviyyata, həm də vətənpərvərlik ideyalarına sadiqdirlər.
Sağlam sosiallaşma onların haqqıdır, ehtiyacıdır. Bu təmin edilməlidir. Sosiallaşmanın sağlam olması üçün həm dövlət, həm cəmiyyət kontakt halında olmalıdır. əlaqə dərin və davamlı olmalıdır. Lakin şəhərləşmənin gətirdiyi həyat tərzində daha nə əvvəlki qonşuluq, nə də məhəllə münasibətləri var, indi sosiallaşma imkanları tamamilə virtual aləmin öhdəsindədir. Bu səbəbdən də gənclərin sağlam sosiallaşa, həmyaşıdları ilə görüşə, söhbət edə, ortaq fəaliyyət göstərə biləcəyi zəmin və imkanlar hazırlamadan onların virtual münasibətlərini tənqid etmək də doğru deyil.
Bu gün hər kəsin qəbul etdiyi qaçılmaz bir həqiqət var ki, o da uşaqlarımızın yaşayacağı zaman bizim yaşadığımız zamandan çox fərqli olacaq. Bu baxımdan övladlarımızın malik olacaqları bilik, bacarıq və davranışlar əlbəttə ki, valideynlərinkindən fərqli olacaq. Onlar yaradıcı, yenilikçi, ixtiraçı bir dövrdə yaşayacaqlar, innovasiyanın bütün mərhələlərini keçəcəklər. Valideyn olaraq bizim borcumuzdur ki, innovativ gələcəyə övladımız öz mədəniyyətinə, adətinə vətəninə bağlı fərd kimi getsin.
Gənclər enerjilərini sağlam şəkildə boşalda bilmədikcə, özlərini sağlam şəkildə ifadə edə bilmədikcə, həmyaşıdları ilə sağlam mühitlərdə ünsiyyət qura bilmədikcə, onlardan şikayət edənlər də artacaq. Ancaq şikayət edərkən onların fonunda özümüzə də baxaq. Təmin edilməyən gənclərdən nə qədər çox şey gözlədiyimizin fərqindəyikmi? Günahkar axtarılırsa, o gənclər deyil, onların ehtiyaclarını görməyən, ödəməyən hər kəsdir. Onları təmin etməliyik. Gənclər gələcəyə tam təşəkkül hazırlanmalıdırlar. Gələcək amansız olacaq...
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb