 
“Prezident İlham Əliyevin təhsil sahəsinə verdiyi xüsusi önəmi hər il istifadəyə verilən yeni məktəblərin sayından da görmək mümkündür. Bu, təhsil sistemimizin inkişaf etdiyini göstərir. Lakin bütün bunlara baxmayaraq, hələ də mövcud olan müəyyən problemlər bizi düşündürməyə bilməz". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Fazil Mustafa səsləndirib.Deputat bildirib ki, hər bir məktəbin siması onun direktorudur, necə ki, universitet rektoruyla tanınırsa, məktəb də direktorun idarəçilik mədəniyyəti, peşəkarlığı və yanaşması ilə fərqlənir: “Hazırda ölkəmizdə 600-dən çox məktəbdə direktor vəzifəsi mövcuddur. Bu isə o deməkdir ki, 600 məktəbin təhsil mühiti, nizam-intizamı və keyfiyyəti əsasən direktorun idarəçilik bacarıqlarından asılıdır”.Fazil Mustafa direktorların seçilməsi prosesində tətbiq olunan kriteriyalara toxunaraq deyib ki, müsahibə və mərhələli seçim modeli vacibdir, lakin bəzən bu sistem ideal nəticə vermir: “500-dən çox şagirdi olan məktəblərdə direktor seçimi daha mürəkkəb proses əsasında aparılır. Lakin yenə də həmişə ən layiqli şəxsin seçildiyini deyə bilmirik. Bu da təhsil keyfiyyətinə birbaşa təsir göstərir”.Deputat əlavə edib ki, direktor müavimləri institutu və kadr bankı sisteminin effektiv işləməsi son dərəcə vacibdir: “Əgər hazır kadr bazası güclü olarsa, məktəblərdə idarəçilik boşluğu yaranmaz. Kadr yetişdirmə mexanizminin gücləndirilməsi, gələcək direktor namizədlərinin vaxtında hazırlanması önəmli məsələdir”.Fazil Mustafa xaricdə təhsil almış gənclərin potensialından daha geniş istifadə olunmasının vacibliyini də vurğulayıb: “Minlərlə gəncimiz xaricdə təhsil alıb və vətənə dönüb. Onların bilik və bacarıqlarından tam istifadə olunması üçün işlə təminat məsələsi də diqqətdə saxlanılmalıdır. Bu məsələyə daha həssas yanaşmaq lazımdır”.Deputat çıxışının sonunda qeyd edib ki, təhsil sistemində idarəçilik keyfiyyətinin yüksəldilməsi cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdən biridir: “Təhsilə diqqət yalnız məktəblərin tikintisi ilə bitmir. İdarəçilik modeli, kadr siyasəti və müəllimlərin hazırlığı paralel şəkildə təkmilləşdirilməlidir. Bu məsələ hamımızın məsuliyyətidir”.