Belə bir deyim var: gözəllik ondur, doqquzu dondur. Bəzən bu deyim elə başa düşülür ki, gözəl, dəbdəbəli geyimlər gözəlliyi ortaya çıxarır. Bu, yanlış anlaşmadır. Bu deyim ona görə belə söylənib ki, yəni geyim o qədər yerində, sadə, insana yaraşan olmalıdır ki, bir gözəlliyə doqquz gözəllik də əlavə edib onu ona çatdıra bilsin. Təəssüf ki, hazırda həmin deyim artıq öz effektini itirib, onu heç dilə gətirən də yoxdur. Çünki indi geyimlər bəziləri üçün elə bir vəziyyətdədir ki, olan-qalan gözəlliyi də alıb aparır, nəinki hələ ona doqquzunu da əlavə edir.
Bugünkü təfəkkürə görə gözəllik, bəli, on olaraq qalır, lakin bunun doqquzu estetik əməliyyatlardır. O əməliyyatlar ki, bəlkə də dəfələrlə bunun üçün müraciət edənlərə görə gözəllikdir, lakin əslində elə bir eybəcərlikdir ki, onu nə gözəl geyimlər xilas edə bilir, nə də kosmetik vasitələr...
Biz nə üçün özümüz olmaq istəmirik?..
Mütəxəssislərin dediyinə görə, 2000-ci illərdən bəri gözəllik anlayışında dəyişiklik baş verib. Belə ki, 90-cı illərin incə modelləri dolğun bədənlərlə əvəz olunmağa başlanıb. Daha sonra isə Cennifer Lopezlə başlayıb Kim Kardaşyanla zirvəyə çatan iri döşlər, nazik bel və böyük ombalardan ibarət dəb meydana gəlib.
Biz nə edirik? 90-larda da, 2000-lərdə də, hal-hazırda da özümüzə deyil, müğənnilərə, artistlərə-trend modellərə oxşamağa çalışırıq. Həm geyimimizlə, həm saç düzümümüzlə, həm də bədən quruluşuna görə. Təəssüf ki, bu, hazırda evdar xanımların belə öz üzərində tətbiq etdiyi dəyişikliklərdir.
Bəs biz nə üçün özümüzə deyil, başqalarına, həm də müğənni, artist, modellərə oxşamalıyıq? Özümüzü nə üçün estetik əməliyyatların qurbanı etməli, həm də bəzi hallarda, necə deyərlər, insan cildindən çıxarmalıyıq? Dünyada kim nə edəcəksə, biz də onu etməliyikmi?
Axı bütün bunlar həm də tibbi cəhətdən sağlamlıq üçün zərərlidir. Bu barədə düşünürükmü? Yoxsa dəbli görünmək üçün sağlamlığı da qurban veririk. Bəli, qurban veririk. Estetik əməliyyatlar zamanı yüzlərlə insan həyatını itirir, yüzlərlə insan uğursuz əməliyyatlardan əziyyət çəkir, yüzlərlə insan istədiyi nəticəni almadığı üçün psixoloji sarsıntılarla üz-üzə qalır, aylarla bayıra çıxa bilmir.
Lakin dünyanın bir çox ölkəsi ildən-ilə estetik əməliyyatlara daha çox meyl edir. Beynəlxalq Estetik Plastik Cərrahiyyə Cəmiyyətinin hesabatına əsasən 2020-ci ildə dünyada 10 milyondan çox insan cərrahiyyə əməliyyatına, təxminən 14,5 milyon insan isə qeyri-cərrahi estetik prosedurlara müraciət edib. Burada rəqəmlərin daha çox olması ehtimal olunur və buna pandemiyanın səbəb olması göstərilir.
Dünyada estetik prosedurlara üstünlük verənlər yaş qruplarına gəlincə, yaş aralıqları fərqli olsa da, estetik prosedurların ən çox tətbiq edildiyi dövrlər olaraq 19-34 və 35-50 yaşlar önə çıxır. Buna görə 19-34 yaş qrupunda edilən əməliyyatlar arasında ən yüksək nisbət yüzdə 67 ilə burun əməliyyatıdır. 35-50 yaş qrupunda botoks yüzdə 50 ilə birinci gəlir.
Beynəlxalq Estetik Plastik Cərrahiyyə Cəmiyyəti ölkələr üzrə estetik əməliyyatların növləri üzrə də hesablama aparıb və bu nəticəyə gəlib ki, döş böyütmədə ilk üçlükdə ABŞ, Braziliya, Almaniya, göz qapağı əməliyyatında ilk üçlükdə Yaponiya, Braziliya, Rusiya, qarın gərmə əməliyyatında ilk üçlükdə ABŞ, Braziliya, Meksika, liposaksiyada ilk üçlükdə ABŞ, Braziliya, Almaniya, burun cərrahiyyəsində ilk üçlükdə Braziliya, Türkiyə, ABŞ, botoksda ilk üçlükdə ABŞ, Almaniya, Türkiyə dayanır.
Təəssüf hissi ilə qeyd edək ki, adları sadalanan ölkələrdən kiçik olmasına baxmayaraq Azərbaycanda da bütün adı sadalanan əməliyyatlar ildən-ilə çoxalır. Və bu əməliyyatlardan gözəlləşənlər kimi, çirkinləşib vahiməli görkəm alanlarla da qarşılaşırıq.
Sifətlə bir dodaqlar...
Günümüzdə on gözəlliyin doqquzundan biri dodaq dolğusudur ki, buna hazırda yüzlərlə qadın müraciət edir. Dodaq dolğusuna günümüzün dəbi desək, yanılmarıq. Bu estetik toxunuş üçün qadınların seçimi də təbii ki, eyni olmur. Həm ölçü baxımından, həm də kosmetoloq-həkim baxımlından. Bəzi qadınlar dodaqlarının çox həcmli görünməsinə üstünlük verir. Bununla gözəl göründüklərini düşünürlər. Və onlar üçün kosmetoloq-həkim seçimi anlayışı da fərqlidir. Əksər qadın nəinki dodaq dolğusu, üzərində həyata keçirilən bütün estetik əməliyyat və prosedurun ucuz başa gəlməsini axtarır. Və təbii ki, bunun üçün də həkim olmayan, bu sahədən xəbərsiz, şəhərimizdə yüzlərlə sayda olan məhəllə salonlarında bu işi görənlərə müraciət edir. Nəticə isə bu olur ki, prosedurlar çox vaxt uğursuz alınır, dodaqlarda dəhşətli görünüş yaranır. Tez-tez müşahidə etdiyimiz bu hallar bizi narahat etdiyi kimi, görəsən həmin dodaqların sahiblərini də narahat edirmi? Yoxsa, onlar dodaqlarındakı görüntünün əsla fərqində deyillər. Ya da ki, bunu istəyərək belə edirlər...
Bu günlərdə küçədə bir qadınla rastlaşdım. Təsadüfən başımı qaldırıb üzünə baxanda xoflanıb, “Bismillahir rəhmanir rəhim”,- dedim. Qadının dodaqları üzünün dörddə iki hissəsini əhatə edirdi. Bir anlığa düşündüm ki, İlahi, yazıq, buna nə olub belə, görəsən? Lakin daha bir nəzər salanda bu dodaqlara dolğu vurulduğunu açıqca anladım. Burada iki variant var: ya qadın “dəbdir”,- deyib, özü istəyib dodaqlarını bu günə saldırıb, ya da müraciət etdiyi kosmetoloq –işinin sahibi olmayan kosmetoloq onu bu günə qoyub. Heç inana bilmırəm ki, hansısa bir qadın özünü belə eybəcər vəziyyətə salmağa çalışa. Sadəcə bir qədər dolğu istəyib, lakin düzgün ünvan, düzgün həkim seçmədiyindən bu günə qalıb. Lakin orası da var ki, görünür, bu əməliyyat onu təmin edib ki, küçəyə çıxa bilib. Məsələnin bu tərəfi bir qədər müəmmalıdır...
Oxşar burunlar, qaşlar, yanaqlar...
Fərqinə varan varsa, açıq görə bilir ki, indi qadınların əksəriyyəti bir-birinə oxşayır. Hansı ki, biz hər birimiz Allah-təala tərəfindən fərqli şəkildə yer üzünə bəxş olunmuşuq. Lakin zamanla Allahın bizə bəxş etdiyi əzaları bəyənmədiyimiz səbəbindən kosmetoloq-həkimlərə müraciət edərək onları dəyişdirməyə çalışırıq. Bir həkimin, bir salon “həkiminin” əl işi onlarla qadının sifətində, bədənində olduğundan təbii ki, onlar bir-birilərinə bənzəyəcək.
Çox tez-tez burunları eyni formada, yanaqları eyni ölçüdə, qaşları oxşar olan qadınlarla rastlaşırıq. Onlar bir-birilərinə bənzəyirlər. Qaşlar necə deyərlər, kamana dartılmış, burunlar nazik şəklə salınmış, ucu qaldırılmış, yanaqlar şişirdilmiş...
Bu yaxınlarda bir qadınla rastlaşdım. Qaşları kənardan çağırırdı ki, mən səriştəsiz bir kosmetoloqun uğursuz işiyəm. Vallah, mən həyatda elə qaş görməmişdim. Rəngi açıq bənövşəyi idi. Quruluşu da, necə deyərlər, qaşlar kamana dartılmışdı, misalı kimi. Bu deyim təbii gözəllərimiz üçün deyilib, düzdür. Gördüyüm bu qaşlar da kamana dartılmışdı, amma ikiqat kamana. Ümumiyyətlə, son vaxtlar bu qaş məsələsi çox dəbdədir. Təsadüfi qadın tapılar ki, öz qaşını daşısın. Əksər qadınlarımız isə saxta qaşlarla özləri üçün gözəllik yaradırlar. Əslində buna gözəllik demək olarsa...
Bu qaşların ya rəngində, ya qalınlığında, uzunluğunda elə bir səhvə yol verilir ki, gözəlləşmək məqsədi ilə gedənlər eybəcər şəklə düşüb qayıdırlar. Lakin onu da vurğulayaq ki, uğurlu qaşlar da var. Kənardan heç də saxtalığı hiss olunmayan qaşlar. Belə olan təqdirdə qaşları nazik, əyri olan qadınlar belə yaxşı ustalara müraciət edə bilərlər, təbii ki. Lakin necə deyərlər, elə bir dövrə gəlib çıxmışıq ki, indi qaşı gözəl olan da, çirkin olan da, hamı Allahın verdiyini silib, yenisini çəkdirir.
Biabırçı ombalar, vahiməli sinələr...
Haradasa anlamaq olar ki, burun eybəcərdir, adam gedib əməliyyat etdirib, qaşının turu tökülüb, gedib bir az düzəliş etdirib, yaşlaşıb, gedib üzünə dolğu, botoks etdirib. Bəs bu gün estetik əməliyyatlar içərisində ən populyarı olan omba və sinə əməliyyatları necə, bunun vacibliyi nə dərəcədədir? Hansı ehtiyac bu əməliyyatları etməyə vadar edir? O əməliyyat ki, qadından qadınlığı alır. Onu gülünc və biabırçı vəziyyətə salır.
Bu yaxınlarda bir toydan çəkilmiş və sosial şəbəkələrdə yayılan videoya baxırdım. Həmin video toyda omba əməliyyatı keçirmiş bir neçə qadının rəqsindən bəhs edirdi. Yan-yana düzülən bu qadınların paltarlarına “xüsusi bir görünüş” verən ombalarından bir qadın olaraq xəcalət çəkməmək mümkün deyildi. Və bilirəm ki, həmin videoya baxıb mən fikirdə olan yüzlərlə qadın var ki, onlar da həmcinslərinin bu yersiz və lüzumsuz seçimlərindən xəcalət çəkirlər.
Sinə əməliyyatları da omba əməliyyatı kimi qadının qadınlığını, yaraşığını, zərifliyini, incəliyini əlindən alan bir əməliyyatdır. Qadınları eybəcər görkəmə salan, incə belin əhatəsində şişirdilmiş sinə və ombaların kənardan cəlbedici görünüşü məncə onlara qarşı ikrah hissindən başqa nə isə yaratmır.
Dinimiz buyurur ki, qadın elə geyinməlidir ki, bədən orqanları kənardan hiss olunmasın. Biz isə istədiyimiz kimi geyinirik. Dini qaydalara əksər qadın riayət etmir. Hələ üstəlik müasir dövrümüzdə bəzi qadınlar bu əməliyyatları həyata keçirməklə və hələ üstəlik dar paltarlar geyinməklə sinə və ombalarının qabarıq şəkildə görünməsinə çalışırlarsa, buna nə ad vermək olar? Bunun bir adı var: utanmazlıq.
Mən ki gözəl deyiləm...
Bütün gördüklərimizin fonunda isə deyə bilərik ki, özünüzü bu vəziyyətə salmayın, əziz qadınlar. Pulunuzu sizi gözəlləşdirən deyil, çirkin görkəmə salan “həkimlərə” verməyin. Deməyin ki, kaman qaşlar, ceyran gözlər, böyük ombalar, sinələr, taxma uzun saçlar, nazik, ucu dik burunlar indi dəbdədir, məndə də olmalıdır. Unutmayın ki, ən yaxşı dəb bizə yaraşandır. İnanın, bəlkə də kimlərsə sizin könlünüzün xoş olması üçün, “ay, nə yaman gözəl olmusan”,- deyirlər. Lakin inanın, kənardan özünüzə baxsanız “mən ki gözəl deyiləm”,- deyərsiniz...
Gözəlliyə, gözəlləşməyə doğru həmişə düşünülmüş və düzgün addım atmağınız diləyilə...
Mətanət Məmmədova