“Aqroturizm turizmdə yeni trend olaraq tanınır. Adından da göründüyü kimi, iki istiqamətin kəsişdiyi bir sahədir. Həm aqrar sahə, həm də turizm sahəsi Azərbaycanda qeyri-neft sektorunda öz əhəmiyyətli yerini tutub. Sözügedən iki sahə üzrə inkişaf bizim üçün prioritetdir. Bu, həm ölkəyə valyuta axınında, həm də məşğulluq sahəsində xüsusilə özünü büruzə verir”. Bu sözləri SİA-ya Aqrar Tədarük və təchizat ASC-nin rəsmisi Hikmət Hüseynov deyib. Onun sözlərinə görə, bu iki istiqamətin kəsişməsi fermerlər üçün əlavə gəlir mənbəyi yaradır: “Əlbəttə ki, əsas ağırlıq aqrar sektorun üzərinə düşür. Çünki aqroturizmdə kənd təsərrüfatı istehsalı istiqaməti mütləq olmalıdır. Eyni zamanda, fermerlər bu sektorda öz məhsullarını birbaşa müştəriyə tanıda bilirlər. Bundan əlavə, brendləşmənin olması da məhsulun daha çox satılmasına gətirib çıxarır”.H.Hüseynov bildirib ki, aqroturizmin inkişafı pandemiya dövründən sonra daha da aktuallaşıb: “Çünki sərhədlərin bağlı olması vətəndaşların daxili turizmə tələbatını daha çox artırdı. Ölkədə aqroturizmlə məşğul olan insanların sayı getdikcə çoxalır”.
Ləman Sərraf