PDF Oxu

Sosial

  • 3 951

Gənclər keçmiş, yoxsa müasir filmləri izləyir? - SORĞU

image

Gənclərimiz keçmiş, yoxsa müasir Azərbaycan filmlərini izləməyə üstünlük verir? Mövzu ilə bağlı SİA-nın keçirdiyi sorğunu təqdim edirik.

BDU Jurnalistika fakültəsinin tələbəsi Şəkərnaz Şahəliyeva düşünür ki, keçmiş Azərbaycan filmləri daha maraqlıdır: “İndiki dövrdə Azərbaycanda film sektoru çox az inkişaf edir, demək olar inkişaf etmir. Bunun bir çox səbəbləri var. Ən böyük səbəblərdən biri də yaxşı aktyorların olmaması, yaxud yaxşı ssenarilərin yazılmamasıdır. Düzdür, çəkilən bəzi müasir filmlər var ki, məsələn, müharibələrə aid və s. xoşagələndir. Amma təbii ki, keçmiş filmlərin yerini vermir. Mən onları heç rəqib olaraq görmürəm”.

Bakı Dövlət Universiteti tələbəsi Aynur Babayeva bildirib ki, keçmiş Azərbaycan filmlərini izləməyə üstünlük verir: “Çünki keçmiş filmlərdə adət-ənənələrimiz, tariximiz daha qabarıq şəkildə əks olunub. Eyni zamanda, müqayisə edilərsə, müasir filmlərə nisbətən keçmiş filmlər daha cəlbedici gəlir və məzmun maraqlı olur”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin tələbəsi Xasməmmədova Ayişə daha çox keçmiş Azərbaycan filmlərinə üstünlük verir: “Düşünürəm ki, keçmiş Azərbaycan filmlərində insanlara, xalqa çatdırılmaq istənilən bir fikir, qayə olurdu. İndiki filmlər isə yalnız reytinq xatirinədir. Təbii ki, bunu yalnız Azərbaycan filmlərinə aid etmək doğru olmaz. Dünyada müasir filmlər, sadəcə, qazanc və reytinq xatirinədir. İnsanlara ötürüləsi bir qayə qoymurlar. Buna görə də elə köhnə filmlər daha yaxşıdır”.

Paytaxt sakini Ləman Abbaslı daha çox keçmiş filmləri sevdiyini bildirib. Bunun səbəbi çox real olması və aktyorların rollarını təbii oynamalarıdır. Müasirlərdən izlədiyim o qədər də yoxdur. Ən son “Əqrəb Mövsümü” serialını izləmişəm. Düşünürəm ki, müasir filmlər keçmiş filmlər səviyyəsində deyillər. Bu sahədə bəzi görülməli işlər var.

Bakı Dövlət Universiteti Aytac Bəhruzqızı bildirib ki, istər keçmiş Azərbaycan filmləri, istərsə də müasir Azərbaycan filmləri özünəməxsus keyfiyyətləri ilə bir-birindən fərqlənir: “Hazırda əksər gənclər müasir Azərbaycan filmlərini izləməyə üstünlük verirlər. Buna səbəb isə texnoloji tərəqqi, daha keyfiyyətli çəkiliş texnikalarından istifadə olunması, kino və incəsənət sahəsinin sürətli inkişaf etməsi ilə sıx bağlıdır. Mən isə keçmiş Azərbaycan filmlərini izləməyi daha çox sevirəm. O dövrdə çəkilən fimlər məndə daha çox nostalji təəssüratlar yaradır. Maraqlıdır ki, həmin filmlər izləyici kütləsini yormur, dəfələrlə baxsaq belə, yenə də həmin filmləri eyni maraq və həyəcan hissi ilə izləmək istəyirik. Görkəmli rejissor və aktyorlarımızın nümayiş etdirdiyi böyük ustalıq isə bizi heyrətləndirməklə yanaşı, həmçinin, zövqümüzü də oxşayır. Gənclərə tövsiyəm isə Azərbaycanın milli-mənəvi dəyərlərinə sadiq qalaraq, həmin Azərbaycan filmlərini azı bir dəfə belə olsa izləmələridir”.

Digər xəbərlər