Ay camaat, yeni xəbər var, qulaq verin, deyirik. Bu gün Molla Nəsrəddin gəlmişdi redaksiyamıza, oradan-buradan söhbət düşdü, gəlib dayandı bu yumurtanın üstündə. Dedik, ay Molla əmi, çıxıb gedib oturmusunuz o dünyada, dərdsiz-qəmsiz. Nə vecinizə, bunun məktəbi, xəstəxanası var, bazarı-dükanı var, hərəsində də özü qədər problem, di bunların öhdəsindən gəl görüm, necə gəlirsən.
Allahın yumurtası nədir, gəl, qiymətinə bax, onu da tapsan. Odur ey yığıb aparırlar Rusiyaya. Deyirlər, burada yumurta çox istehsal olunur, nə olar ki, Rusiyaya satılanda. Aparsınlar, nə işimizə. Amma deyir, Rusiyada norma ilboyu adambaşına 290 ədəd yumurta olduğu halda, onlar 350 yumurta istehlak edirlər. Bunun da əsas hissəsini Rusiya özü istehsal edir və az bir hissəsini Belarusdan idxal edirmiş, indi isə tələbat artdığına görə Azərbaycan və Türkiyədən idxala başlayıb. Bizdə isə il ərzində adambaşına norma 290 ədəd olduğu halda, 190-200 ədəd istehlak edilir. Azərbaycan özünü beynəlxalq normaya uyğun olaraq yumurta ilə təmin etmədiyi halda, Rusiyaya yumurta göndərir ki, bu da bahalaşmanın səbəbidir.
İndi, Molla əmi, bu məsələ bir az qaranlıq qalır. Allah səni yaxşı yetirib, bəlkə bir aydınlıq gətirəsən, nə üçün ruslar yumurtanı bizdən çox yeyirlər? Biz isə normadan çox az yeyirik? Nə üçün biz yumurtanı camaatın boğazından kəsib Rusiyaya göndəririk? Bax bunları bizə izah et, fikirdən ta başımız çatlayır.
Molla əmi:
-Mən də deyirəm bunlar səhərdən nəyi fikirləşib tapa bilmirlər. Ay bala, burada qaranlıq nə var ki. Ruslar yumurta sevəndirlər. Ona görə də çox yeyirlər. Görürlər ki, ölkədə yumurta azalır, tez bizdən, ordan-burdan alırlar ki, yumurtanın qiyməti sabit qalsın, qalxmasın.
-Molla əmi, bizdə amma yumurtanın qiyməti hər gün qalxır. Kənd yumurtası bilirsiniz, neçəyədir? 35-40 qəpik.
-Ay bala, mal yeməzin malını yeyərlər də. Rusiyada bir adam il ərzində 290 əvəzinə 350 yumurta yeyir. Sizdə isə bir adam 290 əvəzinə 190-200 yumurta yeyir. Bunu da qida ilə əlaqədar aid qurumlar görür, yumurta xarab olmasın deyə satırlar Rusiyaya. Burda nə var ki...
-Ay Molla əmi, bəs axı yumurta ölkədən çıxdıqca bizdə qiymətlər qalxır.
-Əşi, qalxır, qalxır da. Guya nə qədər yumurta yeyirsiniz ki? Siz də ruslar qədər çox yesəydiniz, hə, deyərdim ki, bu ixrac camaat üçün qiymət qalxması ilə problem yaradacaq.
-Ay Molla əmi, siz dünyagörmüş adamsınız. Axı bizdə nə üçün yumurta belə az yeyilir?
-Bilirsiniz, ay bala, Rusiya soyuq olan yerdir. Yumurtadan ye, yeyə bildikcə. Azərbaycan isə isti ölkədir. Bir-iki yumurta artıq yeyirsən, təzyiqin qalxır. Səbəb olaraq yalnız bunu görürəm. Məsləhət bilirəm ki, yumurta yeməyin. Nə qədər az yesəniz, bir o qədər yaxşıdır.
-Hə, bax, bu bizim ağlımıza heç gəlməmişdi. Anladıq, Molla əmi, çox sağ olun.
Mətanət Məmmədova