Neçə günlərdir, mətbuat çalxalanır ki, dünya ölkələrində süni yumurta istehsalı və istehlakı ilə bağlı xəbərlər getdikcə artmağa başlayır. Deyirlər, əgər əvvəllər satışda saxta toyuq yumurtalarının kütləvi şəkildə görünməsi ilə bağlı xəbərlər əsasən Çin və Cənub-Şərqi Asiya ölkələrindən gəlirdisə, indi bu cür məlumatlar Banqladeş, Pakistan və Hindistandan, hətta Böyük Britaniya, Avropa ölkələrindən gəlir. Onu da deyirlər ki, saxta yumurtaların əksəriyyətinin Çində istehsal olunduğu bilinsə də, 2023-cü ildə toyuq yumurtasının qiymətinin bütün dünyada kəskin artması səbəbindən süni yumurta istehsalı üçün yeni mərkəzlər - Albaniya və Banqladeş yaranıb.
Burada narahatlıq yaradan nə var ki? Yumurta yumurtadır da... Ağdan və sarıdan ibarət, oval şəkildə yumurta. Rəngi, forması dəyişsə, məsələn, içərisi ağla qırmızı olsa, narahat olmağa dəyər. Forması oval yox, yupyumru olsa, yenə narahatlıq keçirmək olar. Bunu bu qədər qloballaşdırmaq nəyə lazımdır axı? Yumurtanı toyuq yumurtlamiş, ya kənarda düzəldilmiş, fərqi var ki?
Bəs neçə illərdir, guya yediyiniz yumurta əsl yumurta idi? Toyuğun başına elə bir oyun açılmışdı ki, məgər toyuqda toyuqluq qalmışdı? Birinci toyuğun özü dünyaya saxta gəlir. Bunu hamı bilir. Bəs toyuğu saxtalaşdıranda, onun yemini GMO-laşdıranda, yaşayış tərzini dəyişəndə heç narahat olan yox idi ki, axı onun əti də, yumurtası da toyuq ətindən, yumurtasından başqa hər şey olacaq?.. Toyuqların başını aldadıb gecə ilə gündüzlərini dəyişəndə ki, nədir-nədir, çox yumurtlasınlar, bəs heç deyən yox idi, toyuqların başına nə üçün bu oyunlar açılır. Axı onlar yazıqdır...
İndi əsl yumurtanı tək kəndlərdə tapmaq olar. O da əgər toyuqların evi-hinlər sökülməyibsə, barmaqsayı qədər qalan kəndlilər də şəhər həyatına keçməyibsə... Axı bir vaxtlar kəndlərdə təndirlər də var idi. Bu təndirlərdə camaat çörəyini özü bişirirdi. Təndirin külündə də toyuqlar küllənirdi, bu kül həm də hinlərə tökülürdü ki, toyuqların yeri isti olsun. Sonra kəndlərdə çörək sexləri açıldı, təndirləri söküb dedilər, ta bəsdir, illərdir yorulmuşuq, keçdik dincəlmə rejiminə. Beləliklə toyuqların külü də göyə sovruldu. Hinlərə işıq çəkildi. Yazıq toyuqlar elə o vaxtdan da gecə ilə gündüzü qarışıq saldılar...
İndi də hinlər... Əgər sökülməyibsə, hələ də toyuq saxlayan varsa, deməli, kəndlərdə əsl yumurta da var. Olar, bəlkə də az-maz olar. Lakin gəlin görək onun qiyməti neçəyə olar? Təbii ki 40-50 qəpiyə. Lakin deyirlər ki, süni yumurtanın qiyməti həqiqi yumurtadan 20% ucuz başa gəlir.
Bunu eşidən kəndli heç inanmıram ki, əziyyət çəkib bundan sonra toyuq saxlaya, toyuğu güdə ki, 1-2 yumurta yumurtlasın, o da yesin. Çörəyi özü bişirməyən, qatığı, pendiri, yağı özü istehsal etməyən, ağacın altının meyvəsini yığmağa ərinən, gedib bazardan kartof-soğan, göyərti, nə bilim xiyar-pomidor alan kəndli durub yumurtanın dərdini çəkəcək?
Hələ bir günlərlə düşünəcək ki, bu toyuqlara nə verim yesin? Gedib mağazadan bir kiloqramı bir yumurtanın qiymətindən xeyli baha buğda alıb gətirib toyuğa verəcək ki, nədir-nədir, təbii yumurta yeyim? Hələ bunun dava-dərmanı, peyvəndi var...
Odur ki, yumurta elə yumurtadır. Gəlin, heç narahat olmayaq. Hansı ucuz başa gəlir, ondan alaq. İllərdir, ərzağından tutmuş tərəvəzinədək saxta-süni yeyirik, nə olub ki bizə, qalıb yumurta?..
Mətanət Məmmədova