O günləri Molla Nəsrəddinlə qarşılaşdım. Qoca ilə xeyli söhbət etdik. Oradan-buradan danışdıq: gələnlərdən, keçənlərdən, olanlardan, olmayanlardan... “Çox müasirləşmisiniz”,- dedi, halal olsun sizə. Uzun illər sizin maarif, mətbuatınız uğrunda mübarizə apardıq, əla, nəticəsini bəyəndim. Gəldim maarifə baxdım, könlüm açıldı, mətbuata baxdım, az qaldı sevincdən ürəyim partlasın. Hələ internat deyirsiniz, internet deyirsiniz, nədir, oraya baxanda adam lap göylərə uçmaq istəyir ki, a kişi, bu, bizim qoyub getdiyimiz xalqdır...
Molla əmi xüsusilə bir söhbəti də söylədi və məndən çox xahiş etdi ki, bunu sizlərə də çatdırım. Mən də dedim, Molla əmi, xahiş nədir, sən bizə əmr et, hüzurunda müntəzir olaq.
Molla əmi dedi ki, camaata çatdır ki, onlara halal olsun. Zəhmətimizi, əziyyətimizi boşa çıxarmadılar, Allah qorusun onları. Gəldim, gəzdim, gördüm, könlüm dolu qayıdıram evimə. Təsəvvür etdiyimdən çox müasir olub xalq: toya getdim, gözlərimə inanmadım. Nə qədər dəyişmisiniz, maşallah. Qadınlar gördüm, əhsən, nə qədər parçaya qənaətli geyimdə, kişilər gördüm qadın gözəlliyində. Qohum-əqrəbanı yaxşı uzaqlaşdırmısınız toylardan, hər evdən bir nəfər bəsdir. Uşaq-muşaq da görmədim toylarınızda. Əla, uşağın toyda nə işi var axı...
Yolda qızlar, oğlanlar gördüm, necə də, maşallah, ucadan-şadlıqla deyib-gülürlər, göz dəyməsin. Bir-biri ilə zarafatlaşırlar, halal olsun bu dövrə. Geyim-kecimlərinə də söz ola bilməz. Nə idi bizim dövrümüz, qadının üzü də görünmürdü. Budur ey, camaat soyunub töküb yerə pal-paltarını. Göbəyi açıq, sinəsi açıq. Gündə bir corab dağıdırdıq. Kişilər yaxşı edir ki, indi corab-filan geyinmirlər. Bunların hər biri qənaətdir, qənaət edin!
Məktəbə, xəstəxanaya getdim: məktəbdə dərs deyən müəllimlər çox azdır, xəstəxanada işini bilən həkimlər... Müasir dövrdür də, müəllim nə üçün özünü sinifdə yormalıdır? Bir şey ki, evdə hazırlıq keçir də. Bu uşaq səhər məktəbdədir, axşamçağı da müəllimin evində də... Və yaxud da həkim, ay qardaş, sığorta ilə gəlmisən, olan budur, bunu da edir də sənə həkim. İstəmirsən, o qədər özəl xəstəxana var ki...
Molla əmi, budəfəki səfərində gördüyü və hələ də özünə gələ bilmədiyi bir müasirlikdən, irəliləyişdən ağızdolusu danışdı. Və dedi ki, nəyi yaddan çıxarsan da, bu məsələni çıxarma. Bunun üçün camaata minnətdarlığımı bildir. Uzun illərdir, mən diyar-diyar gəzirəm, hələ belə bir inqilabla rastlaşmamışam.
Deməli, Molla əmi hansısa yas yerində adamlardan birinin əlində dəvətnamə görüb. Alıb oxuyub ki, bu dəvətnamə ilə övlad atasının ölüm ildönümünə kimisə dəvət edib. Molla əmi deyir ki, əvvəl gözlərimə inanmadım, sonra eynəyimi çıxardım, əlimi cibimə salıb dəsmalımı çıxardım, gözümü sildim və eynəyimi yenidən gözümə qoydum və bir də oxudum. Gördüm ki, xeyr, elə düz oxumuşam. Dedim bala, ta mənim sizə sözüm yoxdur. Min dəfə halal olsun sizə ki, belə yenilikləri düşünüb tapa bilmisiniz. Görünür, vaxtilə əsasını qoyduğumuz təfəkkür məsələsi bu qədər bəhrə verib.
Bəs nə, elə yoldan keçənin hamısı durub toya, yasa gəlsə, ta bu nə oldu ki? Yaxşı edirsiniz, bala, yazın dəvətnamələri, istədiyiniz adamı toya da çağırın, yasa da. Kiçik toya da, ad gününə də çağırın.
Eşitmişəm it-pişiyinizə də ad günü, toy, yas mərasimi keçirirsiniz. Bax bunların hamısını dəvətnamə ilə edin ki, kənar adam gəlməsin. Xərciniz də çox çıxmasın.
Hə, mən də Molla əminin bu yas dəvətnaməsi məsələsi üzərində ona görə çox dayandım ki, axı kişi özü bunu xüsusi tapşırmışdı. Elə mən də Molla əmiyə qoşulub deyirəm ki, vallah, halal olsun bizə. Bax bu, dünyada yeniliklərdən biridir ki, birinci biz kəşf etmişik.
Mətanət Məmmədova