-Salam, Molla əmi.
-Əleykum salam.
-Molla əmi, çoxdandır gözümüz sizi arayır ki, bir məsələni soruşaq.
-Birini yox, ikisini soruşun.
-Molla əmi, gəzməyən toyuq olur, olursa, necə olur?
-Bismillahir-rəhmanir rəhim... Bala, bu nə sualdır? Siz XXI əsrdə görün bir məndən nə soruşursunuz? Camaat kosmosu alt-üst edir, planetləri dolaşır, siz də soruşursunuz ki, gəzməyən toyuq olur? Toyuq, bala, toyuqdur da, onun niyə gəzməyəni də var? İki ayağı, bir başı, “paltarı” tükləri olan toyuq. Yumurtlayır, bala çıxarır. Əti, yumurtası yeyilir və sair. Və gəzməyən toyuq olmur. Bu gəzməyən toyuq məsələsi nədir axı atmısınız ortaya?
-Molla əmi, bir məsələ var, ona görə soruşmaq istədik.
-Ay bala, sizin heç dünyadan xəbəriniz yoxdur? Biabırçılıqdır, vallah, siz indiyədək görmüsünüz ki, toyuq yeriməsin, otursun bir yerdə qalsın? Əlbəttə, bütün toyuqlar yeriyir, otlayır, ora-buranı eşələyir, ruzisini tapır, yeyir. Qaldım uşaq-muşaq əlində ha mən. Ağlınızı itirmisiniz siz?
-Molla əmi, hirslənməyin ey, marketlərdə satışa çıxarılan yumurtalar var, üzərində “gəzən toyuq yumurtası” yazılır, biz də məəttəl qalırıq ki, görəsən toyuğun gəzməyəni də var? Axı o biri yumurtaların üzərində bu sözlər yazılmır. Belə çıxır ki, həmin yumurtalar gəzməyən, bəlkə də şikəst toyuqların yumurtasıdır, deyilmi?
-Vallah, əsrlərdir, gəzirəm, gəlib-gedirəm, hələ belə müşküllə qarşılaşmamışdım. Nə gəzən, gəzməyən toyuq yumurtası, anlamadım.
-Molla əmi, sən dünya görmüş ağsaqqalsan. Sən bunu anlamadınsa, biz haradan anlayaq? Bizim övladlarımız haradan anlasınlar ki, gəzən toyuq yumurtası nə deməkdir?
- Vallah mən “Tarixi-nadir”i sonadək oxumuşam, sizin nə sualınızı anladım, nə də demək istədiyinizi...
-Biz nəyi anlada bilmirik ki, Molla əmi? Bilmək istəyirik ki, marketlərdə satılan yumurtaların bəzilərinin üzərində nə üçün “gəzən toyuq yumurtası” yazılır. Axı indiyədək biz belə bir yumurta növü ilə rastlaşmamışıq ki, məlumatımız da olsun.
-Vallah, hərdən hisrlənirəm, amma bağışlayın. Sizə elə yazığım gəlir ki. Doğrudan bunlar camaatı nə hesab edirlər ki? Necə yəni gəzən toyuq yumurtası? Bu marketlərə, satılan məhsullara bir nəzarət edən var, ya yox sizdə? Düz deyirsiniz, bu yumurtalar gəzən toruq yumurtasıdırsa, o birilər gəzməyən toyuğun yumurtası hesab olunur da. İki cür yumurta olur: kənd, broyler... Lakin gəzən toyuq yumurtasının nə olduğunu, vallah, mən də bilmədim.
-Molla əmi, bunu ta siz də bilmədinizsə, gedin onda bizim günümüzü ağlayın...
Mətanət Məmmədova