PDF Oxu

Sosial

  • 4 730

Onlar ilk dəfə səs verəcək: həm də Bütöv Azərbaycanda Gənclərin fikirləri çox maraqlıdır...

Onlar ilk dəfə səs verəcək: həm də Bütöv Azərbaycanda Gənclərin fikirləri çox maraqlıdır...

Əslində fevralın 7-də keçiriləcək Prezident seçkilərində səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşları ilk dəfə səs verəcək. Ona görə ki, müstəqil ölkəmizdə dəfələrlə seçkilərdə iştiraklarına baxmayaraq, işğaldan azad edilib ərazi bütövlüyü təmin olunmuş Azərbaycanda ilk dəfə seçkilərdə öz iradələrini ifadə edəcəklər. Bu isə hər vətəndaşa qürur hissi yaşadacaq. Çünki onlar illərdir ki, bu günü gözləyirdi. Seçkilərdə ilk dəfə iştirak edən gənclər isə bu qüruru ikiqat yaşayacaq: həm səsvermə yaşına çatıb ölkənin ictimai-siyasi həyatına qoşulmalarına, həm də müstəqil və bütöv Azərbaycana seçiləcək Prezidentin seçimində iştiraklarına görə.

İlk dəfə səs verən gənclərin təəssüratları

Qürur duyuram ki, ilk olaraq Prezident seçkilərində iştirak edəcəyəm

Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Nərmin Hüseynli deyir ki, illərlə ailəmizdə ata-anamın, yaxın qohumlarımın seçkilərə getdiyini müşahidə etmişəm. Bunun mahiyyəti haqqında soruşanda isə əhatəli şəkildə məlumat veriblər və 18 yaşım tamam olandan sonra mənim də seçki hüququmun yaranacağını deyiblər. Budur, artıq mən də seçkidə iştirak etmək yaşındayam və həm də qürur duyuram ki, ilk olaraq Prezident seçkilərində iştirak edəcəyəm.

Ötən illərin hadisələri biz gənclərin həyatında çox yaddaqalan oldu. Və yaddaşımıza qırmızı sətirlərlə həkk olundu. 2020-ci ildə Vətən müharibəsində Zəfər qazanmağımız, bu Zəfərin əldə olunmasında gənclərin xüsusi rolu, Qarabağın azad edilməsində onların mübarizliyi Azərbaycan tarixinin qürur dolu səhifələrini təşkil edir.

Biz müharibəni anbaan televiziya vasitəsilə izləyirdik. Xəbər alanda ki, bu gün dövlətimizin başçısının xalqa müraciəti olacaq, televizor önündə əyləşib həyəcanla gözləyirdik. O zaman biz orta məktəbin sonuncu sinfində təhsil alırdıq və qarşıda bizi gözləyən ali məktəbə qəbul imtahanlarına hazırlaşırdıq. Hər gün eşitdiyimiz qələbə xəbərləri təhsil almağa, ölkəmizin gələcəyi olmağa bizləri daha da həvəsləndirirdi. Bizdən yaşca cəmi bir neçə il böyük qardaşlarımızın cəbhədə göstərdikləri şücaət, qəhrəmanlıq ürəyimizi qürur hissi ilə doldururdu. Şəhid olanlar üçün göz yaşı axıtsaq da, qürur duyurduq ki, onlar Vətən torpaqlarının azad edilməsində həyatlarını itirirlər.

Qürur duyuruq ki, bizim gənclik illərimiz ölkəmizin Zəfərli illərinə təsadüf etdi. Biz gördük ki, Ali Baş Komandan İlham Əliyev milli ordunu necə idarə etdi, Qarabağ Azərbaycan əsgəri ilə birlikdə necə azad olundu. Bu kimi vətənpərvər hisslərin əhatəsində yaşamaq bilirsinizmi, necə gözəl hisslərdir. Bax, xoşbəxtəm ki, bu hisslərlə gələn ayın 7-də ilk dəfə səs verəcəyəm. Şükür Allaha, alnımız açıq, üzümüz ağdır. Mən seçkilərdə öz Prezidentimi seçəcəyəm. Ümidvaram ki, Azərbaycanı qarşıda bundan da gözəl illər gözləyir.

Azərbaycan gəncliyi özünü ötən illərdə təhsildə, idmanda, müharibədə necə göstəribsə, qarşıdakı seçkilərdə də elə göstərəcək

Rəvan və Elvira İsmayılovlar bacı-qardaşdır. Azərbaycan Dövlət Xarici Dillər Universitetinin və Pedaqoji Universitetin tələbələridir. Onların hər ikisi builki seçkilərdə səsvermə hüququna malik gənclərdir. Və söylədiklərinə görə seçkiyə böyük həvəslə gedəcəklər.

Rəvanla Elvira “Azərbaycan gəncliyi dedikdə nə düşünürsünüz”,- sualımıza belə cavab verdilər: Azərbaycan gəncliyi deyəndə öncə qürur hissi keçiririk. Azərbaycan gəncliyi təhsilli, dünyagörüşlü, xarici dillərə yiyələnmiş, müasir texnologiyaları idarə etməyi bacaran, təhsilin bütün pillələrində müvəffəqiyyət qazanan bir ortamdır. Azərbaycan gəncliyi dedikdə gözlərimiz önündə ikinci Vətən müharibəsində qəhrəmancasına döyüşən, cəbhəyə getmək üçün cəhd göstərən, qorxmaz, cəsur, Vətəni canı, göz bəbəyi kimi sevən gənclər canlanır. Azərbaycan gəncliyi dedikdə minlərlə şəhidimiz, qazimiz yada düşür. Onların bütün dünyaya nümunə olan vətənpərvərliyi qəlbimizi qürur hissi ilə doldurur. Azərbaycan gəncliyi azad edilmiş torpaqlarımızdır, qaçqın-köçkünlərin doğma yurdlarına qayıtma sevincidir. Yurdlarımızın düşmən tapdağından xilasıdır. Xoşbəxtik ki, belə gənclərimiz var və onlar bizə nümunədir. Təbii ki, biz də Vətən üçün canımızı verməyə hər an hazırıq.

Rəvan və Elvira deyirlər ki, cənab İlham Əliyev bizim qəhrəmanımızdır. Biz hər zaman dövlətimizin başçısının fəaliyyətini və çıxışlarını diqqətlə izləyirik. Və hər dəfə də öz aramızda söhbət edirik ki, nə yaxşı ki, ölkəmizə belə bir şəxsiyyət rəhbərlik edir. Müharibə zamanı Prezidentin xalqa müraciətlərini bütövlükdə dinləyirdik. Bu müraciətlər bizi xoş gələcəyə, Azərbaycanı Qələbələr içərisində görməyə səsləyirdi. Elə də oldu. Bu gün fəxr edirik ki, düşmən ayağı torpaqlarımızdan kəsildi. Azərbaycan öz ərazilərinin yenidən sahibi oldu.

Düşünürük ki, Azərbaycan gəncliyi özünü ötən illərdə təhsildə, idmanda, müharibədə necə göstəribsə, qarşıdakı seçkilərdə də elə göstərəcək. Bir nəfər kimi layiqli namizədi seçəcək və xalqın bundan sonrakı taleyini inandığı rəhbərə həvalə edəcək.

Namizədlər arasında artıq kimə səs verəcəyimi qərarlaşdırmışam

Aysel Məmmədli Naxçıvan Dövlət Universitetində, 4-cü kursda təhsil alır. Təhsil müəssisəsinə yüksək balla daxil olub və hazırda əlaçı təqaüdü alır. Onunla telefonla əlaqə saxladıq və fikirlərini öyrəndik. Aysel deyir ki, atam birinci qrup hərbi əlildir və eyni zamanda, müharibə veteranıdır. Mən uşaqlıq çağımdan atamın 90-cı illərdə işğal olunan torpaqlarımız, ölkənin ozamankı vəziyyəti, həmçinin Naxçıvanın blokadası, düşmən ermənilərin Naxçıvanı da Qarabağ kimi işğal etmək arzuları barədə etdiyi söhbətlər əhatəsində böyümüşəm. Atam deyir ki, 90-cı illərdə ölkədə vəziyyət çox ağır idi. İnsanlar çörək tapa bilmirdi, bir parça çörək üçün saatlarla növbədə dayanmalı olurdular. Günlərlə işıqsız, qazsız qalırdılar. Həmin dövrdə həm də Qarabağda müharibə gedirdi, eyni zamanda Naxçıvan da blokadaya alınmışdı. Şəhid və qazilərin sayı-hesabı yox idi.

Atam dörd il yarım əsgəri xidmətdə olub. Vəziyyət o qədər ağır imiş ki, onlar vaxtında hərbidən tərxis etmək mümkün olmurmuş. Bu gün isə atam bizə deyir ki, baxın, görün sizin gəncliyiniz hansı dövrə təsadüf edib, bizimki necə idi. Deyir ki, ay bala, bu günlər üçün şükür edin. Bu günlərin qədrini bilin. Müstəqil, inkişaf etmiş ölkəmiz, güclü ordumuz var.

O vaxtlar gənclər iş dalınca Türkiyəyə, Rusiyaya gedirdi. Sonralar onların hamısı geri ayıtdı. Təhsil almağa, işləməyə, ailə qurmağa başladılar. Ölkənin inkişafının da, müstəqilliyinin də təməlini Ümummilli Liderimiz Heydər Əliyev qoydu. Əgər Heydər Əliyev 90-cı ildə Vətənə qayıtmasaydı, indi bu gördüyünüz Azərbaycanın əksini düşünün.

Mən də bir gənc kimi görürəm ki, bəli, bugünkü Azərbaycan bizim uşaqlığımızdakı-19-20 il əvvəlki Azərbaycan deyil. Hər il ölkəmiz daha da gözəlləşir, inkişaf edir. Yeni iş yerləri açılır, hər şəhər, qəsəbə, kənd abadlaşır. Bütün bunlar bir tərəfə, Qarabağın azad edilməsi bizim gənclik illərinə bir hədiyyə oldu. Çox qürur duyuram ki, bir gənc kimi bu xoş hissi yaşaya bildim.

7 fevral ölkəmizdə, həm də bütöv Azərbaycanda ilk Prezident seçkiləri keçiriləcək. Və biz də ilk dəfə səs verəcəyik. Artıq namizədlər arasında kimə səs verəcəyimi qərarlaşdırmışam. Həmin günü səbirsizliklə gözləyirəm ki, öz layiqli namizədimə səs verim.

Özünü demokratik ölkə adlandıran ölkələr, xüsusilə də Avropa Şurası buna göz yumurdu

Nurtac Quliyeva Bakı Dövlət Universitetində təhsil alır. Bu il ilk dəfə seçkilərdə iştirak etməkdən qürur duyduğunu və çox həyəcanlı olduğunu bildirir. Deyir ki, uzun illər idi ki, Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyirdi. Lakin illər ötür, bir gənclik öz yerini digər gəncliyə verirdi, lakin hələ də torpaqlarımız azad olmurdu. Hamımız bilirdik ki, bizim dövlət sülhün tərəfindədir, istəyirdi ki, ərazilərimiz dinclik şəraitində qaytarılsın. Lakin bu gün özünü demokratik ölkə adlandıranlar, xüsusilə Avropa Şurası buna göz yumurdu. Səsimiz eşidilmirdi. Onlar dünən də, bu gün də Ermənistanın tərəfindədir. Emənistanın tərəfində olmaq isə ədalətsizliyin, haqsızlığın, yalanın, riyakarlığın tərəfində olmaq deməkdir.

Dövlətimizin başçısı uzun illər Qarabağ məsələsinin sülh yolu ilə həllinə çalışdı. Lakin buna nail ola bilmədik. Sonda hərbi yola əl atdıq. Çünki biz haqq tərəfindəydik və əzəli torpaqlarımız düşmən tapdağı altında qala bilməzdi. 2020-ci ilin 44 günlük müharibə dövrünün hər anını qürurla yaşadıq. Sonda böyük Zəfər qazandıq. Bu Zəfər üçün bütün xalq İlham Əliyevə minnətdardır. Çünki Onun sərkərdəliyini, orduya necə bacarıqla rəhbərlik etdiyini gördük. Müraciətlərindəki əzmi, qüruru, düşmənə yerini göstərməsini gördük. Müharibə dövründə Prezidentimizin xarici media nümayəndələrinə müsahibələrini gördük. Bunların hər biri yeni bir qələbə idi.

Sevindiricidir ki, gəncliyimiz belə bir dövrə təsadüf edib. Ölkəmiz müstəqildir, inkişaf etmiş və ərazi bütövlüyü təmin olunmuşdur. Bunlar Azərbaycan tarixinin qürur səhifələridir. Qürur duyuruq ki, cənab İlham Əliyev kimi dövlət başçımız var. Və düşünürəm ki, bütün xalq növbəti seçkidə də İlham Əliyevə səs verməklə ölkəmizin gələcəyini qaranti altına almış olacaq.

Mətanət Məmmədova

P.S. Gənclərin bir-birindən maraqlı fikirlərini dinlədikcə insan bir anlığa gənclik illərinə qayıdır. Aysel Məmmədlinin atasının söylədiyi kimi, həqiqətən də bugünkü gənclik şükür etməlidir ki, ömürlərinin ən gözəl çağı bu günlərə təsadüf edib. Müstəqil, həm də bütöv Azərbaycana, Zəfərli, dünyaca tanınmış, inkişaf etmiş, öz sözünü beynəlxalq aləmdə deyə bilən Azərbaycana.

Bizim gəncliyimiz 90-cı illərin ağrılı-acılı, çətin günlərinə təsadüf etsə də, ölkəmizin bu günlərini gördüyümüz üçün qürur duyuruq. Qoy ölkəmiz həmişə var olsun! Qarşıdakı seçkilərdə düzgün seçim edək ki, bu xoş günlərimiz davamlı olsun.

Hamı 7 fevralda seçkilərə! SEÇKİDƏ iştirak edək, ölkəni xilas edək!

Digər xəbərlər