Sosial

  • 7 623

Yaxşılıq et, at dəryaya...

image

...balığın bilmədiyini Xaliq mütləq biləcək

İlkin baxışda o qədər də mürəkkəb mənası olmadığını düşündüyümüz yaxşılığı müəyyən etmək, əslində, asan deyil. Heç bir qarşılıq gözləmədən edilən köməkdir yaxşılıq, belə təsnif edilir. Amma bu sözün tarixi dünyanın yaranma tarixi ilə yarışır desək, yanılmarıq. Yaxşılıq anlayışı empatiya, həmrəylik, xeyirxahlıq, təmənnasızlıq və bir çox bu kimi anlayışları özündə ehtiva edir. Yaxşlıq anlayışını digər hisslərdən fərqləndirən və bizi başqalarından daha çox insan edən də budur – bütün yaxşı duyğuları özündə cəmləməsi. İnsana, heyvana, təbiətə yaxşılıq, əslində, dünyaya olan sevgidir.

İnsan övladı yaranışından bu günədək xoşbəxtlik, mənəvi rahatlıq tapmağın bütün mümkün yollarını axtarıb. İbadət etmək, başqalarına yardım etmək, kimsəsizə kimsə olmaq, ehtiyaclının əlindən tutmaq kimi istəklər beləcə yaranıb. Xeyirxahlıq insanlıq əlaməti olmağa başlayandan bu günədək insan mənəviyyatı da yüksəlib.

Əslində, bütün dünyadakı insanlar bir-birinə görünməz bağlarla bağlıdırlar. Buna görə də etdiyimiz hər bir hərəkətin müəyyən mənada sonra bumeranq kimi özümüzə geri dönəcəyinin fərqində olmalıyıq.

Etdiyimiz hər bir yaxşılıq bir gün mütləq özümüzə geri qayıdacaq. Təəccüblü deyil ki, yaxşılıq edən insanlar ətrafdakılar tərəfindən yaxşı insan kimi xarakterizə edilir və daha çox sevilir. Onlar çətinə düşəndə daha çox dayaq duran olur, kömək istəyəndə hamı öz köməyini təklif edir. Qəzəbli, aqressiv və ya eqoist insanlar tənhalıq hissini daha çox yaşayır, çünki yaxşılıq etmək hissi onlara yaddır.

Baxmayaraq ki, mahiyyət etibarı ilə pulsuz, bəzən hətta öz maraqlarımıza zidd olaraq, bəzən də öz həyatımızı, sağlamlığımızı, işimizi təhlükəyə ataraq yaxşılıq edirik, bir gün o yaxşılığın əvəzi bizə geri qayıdacaq. Övaldımız hansısa təhlükədən xilas olanda, öz başımızı gələn hər hansı bir hadisə zamanı xəsarət almayanda “anası namaz üstə imiş”, “bir tikə çörəyi ovsanata düşüb” kimi bənzətmələr eşidirik. Bu, əslində, bir zamanlar təmənna güdmədən etdiyimiz yaxşlıqların əvəzidir.

Yaxşı insan mükafatdır

Qarşılaşdığımız hər yaxşı insan, yaxşı hadisə etdiyimizi yaxşılığın mükafatı kimidir. Yaxşı əməl nəticəsində yaranan vəziyyətlərdə daim sevinc, inam, etibar, minnətdarlıq kimi gözəl hisslər paylaşılır və bu da bizim enerjimizə sirayət edir. Ona görə də analarımızı bizə dua edəndə “Allah səni yaxşı insanlarla qarşılaşdırsın” deyirlər. Çünki yaxşı insan bizim taleyimizi dəyişə, pis hadisələrdən sığortalaya bilir.

Bioloji olaraq yaxşılıq etdiyimiz zaman beynimizin yemək və istirahət anlarında stimullaşdırılan həzz və mükafat mərkəzi aktivləşir. Bu davranışlar təkrarlandıqca yaxşılıq etmək potensialımız artır, çünki orqanizmimiz bu həzzi təkrar yaşamaq üçün beynimizi, beynimiz isə bizi təhrik edir. Xeyirxahlıq vərdişə çevrildikcə bədənimiz və beynimiz buna uyğunlaşacaq. Beləliklə, müsbət emosiyalar yaşamaq , xoşbəxt olmaq üçün yaxşılıq etmək vərdiş halına gələcək.

İnsan da öz mənfəətlərini düşünmədən, özünə xeyri və ya zərəri olmadığını düşünmədən bir məqsədə xidmət etdikdə həyatından razı qalır. İnsan hər şeyini itirə bilər – vətənini, evini, işini, əşyalarını. Bunlar bərpa oluna bilən itkilərdir. Amma duyğularını, empatiyasını itirən insan canlı ölüdür. Zorakılığın, irqçiliyin, münaqişələrin, təcavüzün və ədalətsizliyin hökm sürdüyü bir dünyada səssiz qalmaq insanlıqdan kənardır. İnsan düzəldə biləcəyi vəziyyətlərə səssiz qalmamalıdır, bir insana abelə olsa yaxşılıq etmək dünyaya yaxşılıq etməkdir.

Yaxşılıq et, sağlam qal

Araşdırmalar həm yaxşılıq edənin, həm yaxşılıq edilənin, həm də bu yaxşılığa şahid olanın fiziki sağlamlığında dəyişiklik olduğunu deyir. İstər yaxşı iş gör, istər sənə yaxşılıq edilsin, istərsə də başqasına edilən yaxşılığa şahid olasan, hər üç halda beynimizdən oksitosin hormonu ifraz olunur. Bu hormon qorxu, narahatlıq və stressi azaldır, eyni zamanda sakitlik və təhlükəsizlik duyğusunu artırır. Sevgi hormonu kimi tanınan oksitosinin, qan təzyiqini aşağı saldığı, ümumi ürək sağlamlığının yaxşılaşmasına kömək etdiyi, özünə inamı artırdığı da məlumdur. Bu hormon həmçinin bədənimizdə nikbinlik və qarşılıqlı münasibətlərdə empatiya və bağlılıq hissini gücləndirir.

Həmçinin, yaxşı işlər görəndə beynimizdə, adətən idmandan sonra da ifraz olunan endorfin hormonu ifraz olunur və bu hormon insan bədənindəki ağrıları azaltmaq funksiyasını yerinə yetirir. Üstəlik, yaxşılıq etmək orqanizmimizin ən təhlükəli reaksiyalarından biri olan stressi azaldır və dolayısı ilə stresslə bağlı yaranan xəstəliklərdən qoruyur.

Yaxşlıq edən insanın orqanizmində dərhal serotonin ifraz olunmağa başlayır. Yaxşılıq etdiyimiz zaman bədənimiz sakitləşdirici effekti verən, xoşbəxtlik hormonu tanınan serotonin istehsal etməyə başlayır. Başqa sözlə desək, yaxşılıq etmək təkcə xoşbəxtliyi artırmır, həm də insanları depressiv vəziyyətdən çıxarır. “British Columbia” Universitetində xeyirxahlıq və narahatlıq arasındakı əlaqəni araşdıran bir araşdırmada, həftədə ən az altı dəfə yaxşı işlər görən, başqalarına yaxşlıq edən və ifrat dərəcədə narahat olan insanların bir aydan sonra narahatlıq səviyyələrində azalma müşahidə edilib."Stanford" Universitetində aparılan başqa bir araşdırma zamanı isə xeyirxahlığın şahidi olmağın yaxşılıq etməyə sövq etdiyi və bu hissin yoluxucu olduğu müşahidə edilib.

“British Columbia” Universitetinin “Yaxşılıq etmək insanı necə dəyişir?” adlı araşdırması zamanı isə bu sosial layihəyə qatılan könüllülərdən gün ərzində 50 dollar xərcləmələri istənilib. İştirakçılara bu pulu özlərinə, başqasına, hər hansı bir insana və ya heyvana xərcləyə biləcəkləri bildirilib. Nəticə etibarilə, bu pulu özlərinə bir şey almaqdansa, başqalarına kömək etmək üçün xərcləyənlərin özlərini daha xoşbəxt hiss etdikləri məlum olub. Ümumiyyətlə, aparılan bütün araşdırmalar, xeyirxahlığın beyində müşahidə edilə bilən bir qabiliyyət, anadangəlmə bir xüsusiyyət olduğunu aşkarlayıb. Yəni, insan anadangəlmə ya xeyirxah olur, ya da bədxah. Bəşəriyyətin qurtuluşu xeyirxahların bədxahlar üzərindəki mütləq qələbəsi ilə mümkündür.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər