Sosial

  • 3 233

İcbari tibbi sığortanın sosial müdafiədə rolu

image

İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur.

Bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Tibbi xidmətə ehtiyacınız yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etməyiniz kifayətdir.

Tibb müəssisəsində ixtisaslı həkimlər tərəfindən lazım olan tibbi xidmət göstərilir. Tibbi zərurət olduqda təminata alınan bütün laborator, diaqnostik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir. Dövlət tibb müəssisəsində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda Sizə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş verilir.

Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsində Siz Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlana bilərsiniz. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa özəl tibb müəssisəsinə müraciət etsəniz, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaitiniz hesabına ödəməlisiniz. Təcili və təxirəsalınmaz tibbi yardım üçün göndəriş vərəqəsi olmadan birbaşa olaraq özəl tibb müəssisəsinə müraciət edə bilərsiniz. Burada Sizə göstərilən tibbi xidmət icbari tibbi sığortaya daxildirsə Agentlik tibbi xidmətin dəyərini qarşılayır.

İcbari tibbi sığorta sisteminin məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir. 1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə başlanılıb. 1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir.

Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar, təcili və təxirəsalınmaz tibbi yardım, ilkin tibbi-sanitariya yardımı, ambulator xidmət, stasionar xidmət, funksional-diaqnostik və laborator müayinələr, fizioterapevtik xidmətlər, cərrahi əməliyyatlar, o cümlədən həyati vacib, dəyəri yüksək əməliyyatlardan yararlana bilir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayı 3315-dir.

Azərbaycanda icbari tibbi sığorta sistemi üç mənbədən maliyyələşir: dövlət büdcəsi, işəgötürənlər və işçilərin ödənişləri. Dövlət əhalinin müəyyən qisminin icbari tibbi sığortasını təmin edir, bu qruplara uşaqlar, pensiyaçılar, əlillər və işləməyən şəxslər daxildir.

Tibbi sığorta bir dövlətin öz vətəndaşına, onun sağlamlığına və rifahına göstərdiyi diqqət, qayğıdır. Məhz bu səbəbdən bu sahə bizim sosial həyatımızın ən vacib sahəsidir desək, yanılmarıq. İnsanın ən zəif anı xəstələndiyi və ya ailəsindən bir nəfərin xəstələnməsi anıdır. Bu zaman həm maddi, həm də mənəvi ehtiyaclarımızı ödəyən dövlət sığorta sistemi ilə vətəndaşının yanında olduğunu göstərir. Maddi olaraq heç bir xərc çəkmədən ən ağır əməliyyatları belə dövlətin təmin etdiyini görən vətəndaş həm maddi, həm də mənəvi olaraq rahatlıq tapır. Dövlət öz kölgəsini vətəndaşının üzərində bundan daha yaxşı necə hiss etdirə bilər ki?!

Lalə Mehralı

Digər xəbərlər