Sosial

  • 3 009

Sosialyönümlü siyasət: 5 ildə 4 paket

image

Azərbaycanda sosial təminat sistemi, səmərəli əmək bazarının inkişafına təkan verməklə əhalinin iqtisadi problemlərinin azaldılmasına yönəlmiş proqramlardan ibarətdir. Sosial sığorta sisteminə pensiyalar, işsizlik müavinətləri, tibbi sığorta və digər sosial müavinətlər daxildir.

Məlum olduğu kimi, fevral ayının 5-də Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

Həmçinin qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir. Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.

Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək. Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.

Məlumat üçün bildirək ki, pensiyaların indeksləşdirilməklə artırılması ötən ilin əvvəlindən bütün növ pensiyalara şamil olunur. Hazırkı artım da həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçıları, yəni pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və başqalarını əhatə edir.

Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faiz) üstələyir. Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 8,8 faiz indeksləşdirilərək artırılır. Məsələn, şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 4400 manat artırılmaqla 54 400 manata çatdırılacaq.

Ümumiyyətlə, Prezidentin Fərman və Sərəncamları ilə 2018-2023-cü illərdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatlar üzrə əlavə olaraq ayrılan illik vəsaitin məbləği 7 milyard manata yaxındır. Qeyd olunan islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə (130 manat - 345 manat), orta aylıq əməkhaqqı 71,3 faiz (545 manat – 933,8 manat), median əməkhaqqı 2,2 dəfə (486 manata çatıb), əməkhaqqı fondu 2,7 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın (illik 400 mln. manat -1,9 mlrd. manat), ünvanlı yardımın orta aylıq məbləği 2,8 dəfə artıb (175 manat / 487 manat). O cümlədən ehtiyac meyarı 2,3 dəfə artaraq (116 manat / 270 manat) yaşayış minimumuna bərabərdir. Həmçinin 10 yeni sosial ödəniş növü təsis edilib.

Aparılan sosial islahatların mühüm bir istiqaməti pensiya təminatını əhatə edib və pensiyaçılarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində son beş ildə mühüm addımlar atılıb. Sosial islahat paketinin hər birində pensiyaların artırılması da təmin edilib. Nəticədə 2018-2023-cü illərdə minimum pensiya 2,5 dəfə (110 manat / 280 manat), orta aylıq pensiya 2,1 dəfə (208 manat/ 436 manat), yaşa görə orta aylıq pensiya 2 dəfə artıb (234 manat/467 manat).

O cümlədən 2023-cü ildə pensiyaların orta aylıq məbləğində 19 faiz artım olub. Təkcə son bir ildə, yəni 2023-cü ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 16 faiz və ya 781 milyon manat çox olmaqla 5 milyard 726 milyon manat yönəldilib. Həmçinin son beş ildə pensiya təminatına əlçatanlığın artırılması üçün mühüm addımlar atılıb. Misal olaraq, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı olanlara avtomatik pensiya hüququ verilib, yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib. 2022-ci ildə qanuna 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası genişləndirilib. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahələr sırasına yeni 59 vəzifə, peşə əlavə edilib və s.

Ötən ilin əvvəlindən pensiyaların hər il indeksləşdirilərək artırılmasında bütün pensiyaçılar üzrə vahid yanaşmanın tətbiqinə başlanıb. Yəni pensiyaların hər il indeksləşdirilərək artırılması artıq qulluq stajına görə pensiyalarına əlavələr təyin edilmiş pensiyaçılara (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və s.) da şamil olunur. Bu da onların pensiyalarının hər il mütəmadi artımına imkan yaradıb. Hazırkı indeksasiya əsaslı pensiya artımı da qulluq stajına görə əlavələr təyin edilmiş pensiyalara da aiddir.

Həmçinin 2022-ci ildə pensiyaçılara, o cümlədən qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaçılara ödənilən maddi yardımlar onların pensiyaları tərkibinə daxil edilərək, bundan sonra yaranan pensiya məbləğləri 14,7 faiz indeksləşdirilərək artırılmışdı. Yeni Sərəncamla bu praktika davam edir: Bu il də pensiyaların qulluq stajına görə əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və eyni zamanda 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da 11,2 faiz indeksləşdirilməklə 2024-cü ilin əvvəlindən artırılması təmin edilir. Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faizi) üstələyir.

Yeni artımın pensiyaların orta aylıq məbləğinə təsiri məsələsinə gəlincə, pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır.

Hər il pensiyaların indeksləşdirilməklə artırılması eyni zamanda istehlak qiymətləri indeksinin əvvəlki il üzrə illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilərək artırılması təmin olunur.

Yeni Sərəncam bu istiqamətdə növbəti artımı təmin edir. Yəni bu il yanvarın 1-dək sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 8,8 faiz indeksləşdirilərək artırılır.

Məsələn, şəxsin fərdi hesabında 45 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 3960 manat artırılmaqla 48 960 manata çatdırılır. Bu da işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitallarının yalnız hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi olaraq artırıldığını göstərir və sığortaolunanların sosial müdafiəsinə xidmət edir.

Lalə Mehralı

Digər xəbərlər