Sosial

  • 6 008

Dəvəsi itmiş ərəb misalı... -FELYETON

image

30 ilin müxalifət partiyaları seçkiyə “özümüzü hazır bilmirik” adı altında bir boykot söhbətini atdılar ortaya və çəkildilər kənara. Əslində, bu söhbət də özlərinin ağlına gəlmədi, kənara çəkilmək də. Qərbi qardaşları var bunların, onlar məsləhət bildilər ki, küssünlər. Bunlar da küsdülər. Dedilər bəs, kimsə gəlib bunların başını sığallayıb deyəcək ki, sən Allah, etmə-eləmə, gəl bu seçkilərdə bir gözə görün. Lakin edən olmadı. Ağıllarını verdilər yenə 90-cı illərdəki kimi qərbi qardaşlarına. Verməyə də bilmirlər, çörək ağacına görə. Belə olanda onlar da bunların başına səbət toxudu. Bunların da bir ayağı irəli, bir ayağı arxaya getdi. Bu zaman da seçki vaxt yetişdi, qaldılar kənarda. Sonrakı peşmançılıq fayda verməz misalı, iş-işdən keçdi.

Bu qərblə bizim müxalifət illərdir, dostdur, nə qədər olmasa da, o qardaşların bu qardaşlara ürəyi yanır arada. Bunların belə əzab çəkdiyini görən qərbi qardaşlar, deyir, seçki günü oradan nə isə püləyib, bunları yuxuya verib ki, yatsınlar, barı seçki günü ikiqat əzab çəkməsinlər. Axı həmin günü səhərdən axşamadək izləməyə, həzm etməyə ürək lazımdı. Belə olanda da bu nainsaf vaxt keçmir axı... Beləcə müxalifəti seçki günü qardaşları yatırtdı ki, peşman edib əl götürməyə vadar etdikləri seçkinin gedişatından nə xəbərləri olsun, nə də ürəkləri dayanmadan guppuldasın.

Beləcə, yatdılar, səs salan da olmadı ki, yatanlar ayılar, qoy hələ yatsınlar. Səhəri gün bunlar oyananda artıq xalq seçimini etmişdi, rəhbərini də seçmişdi. Qalxdılar ayağa. Dedilər, vay, biz niyə bu qədər yatmışıq? Bəs seçki ilə bağlı nə yazacağıq, nə danışacağıq? Bu dəfə də qərbi qardaşları köməklərinə çatdı. Dedilər bəs, yazmaqda, danışmaq da bizdən. Biz deyək, siz də yazın, danışın, nə bilim, ta nə... Bu dəfə də qoymadılar kişilər özləri düşünüb danışsın...

Beləliklə, qərb dedi, müxalifət təkrar etdi. Seçki prosesində əsla iştirak etməyən, səsvermədən, məntəqədən, camaatdan xəbərsiz müxalifət başladı yavaş-yavaş səsini çıxarmağa ki, bəs o müşahidəçi belə dedi, bu müşahidəçi belə dedi, bu məntəqədə səs belə verildi, o birində belə. Belə olan halda isə aləm qarışdı bir-birinə. Bunların cümləsinin əvvəli ilə axırı bir-birindən xəbərsiz oldu. Gah nala, gah mıxa vurub ortaya əsaslı bir məsələ çıxara bilmədilər. Birinci, nə çıxaracaqdılar, ikinci də heç bunlar seçkidə iştirak etdikləri vaxt danışmağa əməlli söz tapmırdı, seçki günü yuxuya dalıb sonradan oyananda nə edəcəkdilər?..

Hə, başladılar bir-iki qərbi qardaşlarının dediyini təkrar etməyə, o da gəldi yalan-yulan, əsassız çıxdı, heç nə, özlərini biabır etdilər.

Belə çox maraqlıdır ey, bunlara görəsən nə lazımdır? Ay camaat, adam da görmədiyini, bilmədiyi yazar, deyər? Adam da başqasının “Fatı qalx, Fatı otur”u olar?

Axı adama deyərlər ki, niyə özünü boykot edirdin ki, bu günə də düşürdün? Öz aramızda qalsın, bunlar danışırmış ki, növbəti seçkidə nəbadə bu səhvə yol verək, yoxsa dəvəsi itmiş ərəbin müsibətini yaşayarıq. Lap yaxşı, amma qərbi qardaşları qoysa..

Mətanət Məmmədova

Digər xəbərlər