Sosial

  • 7 442

“Yaşıl Vətən” layihəsinə başlansın - TƏKLİF

image

Son 30 ildə ölkə üzrə meşələrin və yaşıllıqların həcmi xeyli azalıb, paytaxtda isə əhalinin sayı 2 dəfə artsa da, yaşıllıq sahəsi 2 dəfə azalıb

.

Əkinçilik və maldarlıq formalaşmamışdan əvvəl dünyanın quru ərazisində meşələrin payı 56 faiz təşkil edirdi. Hazırda bu göstərici 30 faizdən aşağı düşüb, yəni 2 dəfəyə yaxın azalıb. Hazırda dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiyanın, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. Son illərdə dünyanın ən böyük meşə sahələrdə (Amazon, Sibir, Avstraliya, Kaiforniya və s.) baş verən yanğınlarda çox nəhəng meşəlik sahələri məhv oldu. Getdiikcə planetimizdə yaşıllıq sahələrinin payı azalır ki, bu da çox ciddi ekoloji böhranlara gətirib çıxara bilər.

XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olub. Hazırda bu göstərici 11 faiz təşkil edir. Müqayisə üçün deyək ki, bu rəqəm Rusiyada 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.

Son 30 ildə ölkəmizin meşə təsərrüfatı xeyli itki verib. Belə ki, 90-cı illərin əvvəllərindən başlayaraq uzun müddət regionlarda təbii qazla təminat olmadığından meşələrin, yaşıllıqların qırılması baş verirdi. Bundan başqa, Ermənistan tərəfindən işğal olunan Qarabağ zonasında meşələrin çoxu qırılıb satılırdı.

Qeyd etmək lazımdır ki, son 30 il ərzində əhali və ağac emalı müəssisələri tərəfindən meşə ehtiyatlarına təzyiqin arması müşahidə olunur. Respublikanın mərkəzində sipər rolunu oynayan Kürqırağı Tuqay meşələrinin 80 %-i məhv olub; dağ və dağətəyi meşələr sistemsiz qırılıb sıradan çıxır. Təbii bərpa edilmə imkanları ciddi surətdə məhdudlaşır (mal-qara otarılması, normadan artıq antropogen təsir) və nəticədə Azərbaycanın əvəzedilməz yaşıl örtüyünün gələcəyi itirilmə təhlükəsi qarşısında qalır.

Bölgələrdə, xüsusilə də kənd yerlərində heyvanların otarılması zamanı ana təbiətə, əsasən də meşələrə ciddi zərər dəyir. Meşələrdə otarılan heyvanlar yerdən qalxan kiçik pöhrələri yeyirlər, nəticədə meşələrin yenilənməsi baş vermir, müəyyən müddətdən sonra yaşlı ağaclar quruyur, yeniləri isə qalxmır, nəticədə meşələr seyrəlir, çılpaqlaşır və tədricən sıradan çıxır. Azərbaycan onsuz da ərazisinə görə meşə sahəsinin ən az olduğu ölkələrdəndir. Bunun qarşısı alınmasa, tezliklə olan-qalan meşələr də yoxa çıxacaq.

Qeyd etməliyik ki, son 10-15 ildə həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də Heydər Əliyev Fondu tərəfindən kütləvi aşac əkmə kampaniyaları həyata keçirilib, müxtəlif ərazilərdə milyonlarla yeni tinglər əkilib. Lakin bu işi daha böyük miqyasda davam etdirməyə ehtiyac var. Həm də təkcə dövlət səviyyəsində yox, fərdi və ictimai səviyyədə belə işlər görülməlidir.

Şəhər mühitinin rahatlığının yüksəldilməsində və çirklənməsi səviyyəsinin aşağı salınmasında yaşıllığın böyük rolu var. Belə ki, şəhərdə (və ya hər hansı yaşayış məntəqəsində) yaşıllıqların salınması, ağacların əkilməsi, bağların, parkların yaradılması həm havanın təmizlənməsinə, həm ərazinin abadlaşdırılmasına, həm də insanların istirahəti üçün gözəl məkanların çoxalmasına müsbət təsir göstərir.

Çox təəssüflər olsun ki, son vaxtlar bu yaşıllıqların, xüsusilə də, ağacların kəsilməsi, məhv edilməsi faktları ilə tez-tez qarşılaşırıq. Əlbəttə, son illərdə Bakıda xeyli abadlıq işləri görülüb, yaşıllıqlar, parklar salınıb. Lakin hələ də yaşıllıq səviyyəsi arzulanan həddə deyil. Sovet dövründə– 80-ci illərdə Bakıda yaşıllığın ümumi həcmi 15-16 min hektar təşkil edib, hazırda isə təxmini hesablamalara görə bu rəqəm 7-8 min hektar təşkil edir. Bu müddətdə paytaxtda əhalinin sayı 2 dəfə artsa da, yaşıllıq sahəsi 2 dəfə azalıb.

Müqayisə üçün deyək ki, dünyanın iri şəhərlərində yaşıllıq sahəsi Bakıdan dəfələrlə yüksəkdir. Məsələn Moskvada ərazinin 54, Sinqapurda 47, Vyanada 45 faizi yaşıllıq sahəsidir. Bakıda isə bu göstərici 5 fazidən azdır.

Buna görə də, paytaxtda və ətrafında böyük yaşıllıq kampaniyaları keçirilməlidir, bütün mümkün yerlərdə ağaclar əkilməlidir. Bu işə ictimai təşkilatlar da maraq göstərməlidirlər. Ekoloji qeyri-hökumət təşkilatları fondlardan aldıqları qrantların müqabilində faydasız salon tədbirləri keçirməkdənsə, praktiki faydalı işlə məşğul olmalı, ağacəkmə kampaniyaları təşkil etməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə təşəbbüsləri dəstəkləyir və belə müraciətlər olduqda tinglərlə təmin etməyə söz verib. Lakin bildiyimə görə, müraciətlər çox azdır.

Bakıda əsas ekoloji böhran yaşıllıqların və ağacların məhv olması ilə bağlıdır. Burada əsas problemlərdən biri də odur ki, Azərsu ASC Bakıda bina həyətlərində, məhlələrdə olan su kranlarının çoxunu ləğv edib. Nəticədə artıq minlərlə ağac quruyub, məhv olub. Bunun qarşısı alınmasa, yaxın müddətdə paytaxtımızın ağacsız səhra şəhərinə çevriləcəyinə şübhə yoxdur.

Mövcud ağacların saxlanması sahəsində vəziyyət daha çətindir. Bəzilərini külək aşırır, bəziləri də müxtəlif səbəblərdən quruyur. Ağac əkməklə iş bitmir, bundan sonra onlara qulluq edilməyəndə, vaxtında suvarılmayanda çoxu əmələ gəlmir, çünki Bakıda torpağın keyfyyəti də zəifdir, çox az növdə ağac bu torpaqda, bu iqlimdə yetişə bilir. Ona görə də, hansı tinglərin əkilməsinə xüsusi diqqət verilməlidir, daha çox oksigen verən həmişəyaşıl, dözümlü ağaclar əkilməlidir.

Yeni binaların, yaşayış komplekslərinin tikintisi zamanı onların tutduğu sahəyə müvafiq olaraq yaşıllıq sahəsi şərt kimi qoyulmalıdır. Sakinlər isə binaların həyətlərində boş yerlərdə ağac əkilməsinə təşəbbüs göstərməlidirlər. Yəni, bu işdə həm dövlət, həm cəmiyyət fəal olmalıdır.

Bir çox hallarda aparılan tikinti işləri zamanı yaşıllıqlar məhv edilir. Gecəylə ağcları kəsib aparırlar. Kəsmək mümkün olmadıqda isə, dibinə kimyəvi maddələr tökərək qurudurlar. Artıq hamı bilir ki, bir ərazi hasara alınıbsa, orada mütləq bütün ağacları gecə ikən kəsəcəklər. Bəzi hallarda bu faktlar mediaya, sosial şəbəkələrə çıxanda problemin qarşısı alınır, cərimələr edilir. Lakin heç də bütün hallarda məsələ ictimailəşdirilmir. Çünki vətəndaşlarımızın bir çoxunda ictimai məsuliyyət yoxdur. Düşünürlər ki, “mənə nə, kim kəsir kəssin”.

Bunun qarşısının alınması üçün çox ciddi cərimələr və adekvat cəzalar tətbiq olunmalıdır. 3-5 min manat cərimə ilə poblem həll olunmaz. O ərazidə obyekt tikən şəxs ordan ildə 100 min qazanc götürəcəksə, onun üçün bu 3-5 min manatı ödəmək problem deyil. Yaxşı olardı ki, cərimələr 10 dəfə artırılsın, kütləvi ağackəsmə zamanı isə əmlakı müsadirə olunmaqla həbs cəzası verilsin. Əgər ETSN gec xəbər tutubsa və ağaclar artıq kəsilibsə, şirkəti cərimə edib, orada bina tikməsinə imkan yaratmaq olmaz. Cərimədən sonra həmin ərazidə bu şirkətin yaşıllıq salması və 5 il müddətinə ona qulluq etməli olduğu haqda qərar çıxarılmalıdır. Bu başqalarına da dərs olar. Yalnız bu yolla bu “yaşıl terror”un qarşısını almaq mümkün olar.

Sakinlər isə ayıq və məsuliyyətli olmalı, belə faktlara rast gələn kimi, dərhal sosial şəbəkələrdə, mətbuatda yaymalıdırlar. Yalnız bu yolla “yaşıl soyqırım”ın qarşısını almaq olar.

Paytaxtımızda və onun ətrafında boz, çılpaq ərazilər çoxdur. Məsələn paytaxtımızın cənub girişi olan Yeni Salyan şossesinin ətrafı (Bibiheybət məscidindən Su İdmanı sarayınadək olan hissə) bərbad haldadır. Boz səhra ərazisi, neft buruqları və köhnə xaraba tikililər. Paytaxta daxil olan adam üçün Bakı haqda ilk təəssürat çox pis başlayır. Burada böyük yaşıllıq sahəsi, park salmaq üçün imkan var. Təəssüf ki, bununla heç kim maraqlanmır. Bu ərazi ARDNŞ-in balansındadır, lakin şirkət uzun illərdir bu hissəni abadlaşdırmaq istəmir. Ərazidəki neft buruqlarının da çoxu istifadə olunmur. Digər ərazilərdə də belə yerlər var- məsələn Keşlə, Dərnəgül, Böyükşor, Binəqədi və s. Bu ərazilərdə yaşıllıqlar, parklar salınmalıdır. Aran regionlarında süni meşələrin salınması işləri artırılmalıdır.

Ümumiyyətlə, yaşıllıqların salınması, meşələrin bərpası üçün xüsusi Dövlət Proqramı qəbul olunmasına ehtiyac var. Qlobal ekoloji böhranların gözlənildiyi bir vaxtda ölkəmizi təbii məkana çevirmək əsas vəzifələrimizdən biri olmalıdır. “Yaşıl Vətən” layihəsi elan edərək qarşıdakı 10 ildə ölkəmizi yaşıl cənnətə çevirə bilərik.

Elçin Bayramlı

Digər xəbərlər