Sosial

  • 7 688

“Əlvida”nın bir addımlığında...

image

Ölkənin ziyalı təbəqəsinin çoxdan gözlədiyi bir məsələ öz həllini tapmaqdadır. Elə bunun üçün də ziyalılarımıza, jurnalistlərimizə dərin təşəkkürümüzü bəri başdan bildirək ki, televiziya məkanının bəzi verilişləri haqqında öz fikirlərini dəfələrlə söyləməklə, həmin verilişlərdə hər gün davam edən müxtəlif faktları, biabırçı nüansları, xalqın milli-mənəvi dəyərlərinə, ailə institutuna zidd hərəkətləri gündəmə gətirə-gətirə, budur, onun həlli yolunu tapa bildilər. Ötən gün həmin televiziya kanalları rəhbərlərinə yüksək ali orqan tərəfindən biabırçılığa son qoyulması üçün vaxt verilməsi hər dəfə bu verilişləri izləyərkən xəcalət çəkən, dəyərlərimizin əldən getməsinə acıyan, vicdan əzabı keçirən, xalqın mentalitetinə balta çalaraq onu yaralayan bu verilişlərin gündən-günə daha da cızıqdan çıxmasını ürək yanğısı ilə izləyən hər bir vətəndaşın çoxdan gözlədiyi bir qərar idi.

“Yaxşılığa doğru”, yoxsa reytinqə doğru...

Çox təəssüf ki, böyük maarifləndirici vasitə olan televiziya məkanında uzun illər əldə olunan uğurlara belə verilişlərin kölgə salmasına bəzi telekanal rəhbərləri göz yumur. Bu verilişlərin hər biri müxtəlif ölkələrdən oğurlanmış layihələrdir. Onların heç biri həmin telekanallarda çalısan əməkdaşların ideyası deyil. Elə məhz buna görə də xalqın mentalitetindən çox-çox kənardır. Yarandıqları, efirə çıxdıqları gündən bu verilişlərin sonu görünürdü. Dəfələrlə ziyalılar, mütəxəssislər, jurnalistlər onlar haqqında öz fikirlərini söyləmiş, bu verilişlərdə yol verilən utandırıcı hallara münasibətlərini bildirmiş, səhifə-səhifə yazılar yazmışdılar. Lakin...

Bu verilişlər isə sanki bir-birinin bəhsinə giribmiş kimi, kim daha çox reytinq yığacaq, daha çox qalmaqal çıxara biləcək iddiaları ilə xalqın mənəvi dəyərlərini yaralamaqdan doymur, əsrlərlə yaşadıb bu günümüzə gətirdiyimiz ənənələrimizin üzərindən qara xətt çəkməklə onu yox etməyə çalışırdı. “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşılığa doğru” əslində yaxşılığa doğru bir addım da ata bilməyən televiziya verilişləridir.

“Bizimləsən” bizim ola bilməyən veriliş oldu illərlə. Bizim olsaydı, bizim dəyərlərimizə hörməti, sayğını saxlamaq üçün addımlar atardı. “Səni axtarıram”la tapdığımız yalnız yeni qalmaqalların başlanğıcı oldu. Xalqın gözü qarşısında bir-birinin üzünə qalxanlar dörd divar arasında qalmalı olan məsələləri bütün cəmiyyət qarşısında sərgilədi. “Gəl danış”da yenə də ailə dəyərlərimizə, əsrlərlə yaşatdığımız milli mentalitetimizə zərbədən başqa heç nədən danışa bilmədik. “Həmin Zaur”la isə qonaqpərvərlik kimi dəyərimizin ziddinə olaraq neçə-neçə qonaqların evdən qovulmasının, xalqın gözü qarşısında təhqir olunmasının şahidi olduq. “Elgizlə izlə”yə bildikmi nəyi isə? Bildiklərimizin üstünə nə isə qoya bildikmi? Hansısa bir gənc bu verilişdən yeni başladığı həyat yolu üçün nə isə öyrənə bildimi?..

Gördüyümüz bu verilişlərin reytinq xətrinə televiziya məkanını qara bazara çevirməsindən başqa heç nə olmadı...

Xoşqədəmə, Zaura çıxaram ha!!!

Bəs öyrəndiyimiz nə oldu? Əvvəla onu vurğulayım ki, bu verilişlərin “yaradıcı” heyəti axtarışlarda olub hansısa bir problem üzündənsə aqressiv insanları tapıb efirə dəvət edirlər. Və əmin olurlar ki, bu qonaqlar onların planları üzrə getməyə razı olacaqlar. Belə də olur, onlar tapılır, dəvət olunur və “yaradıcı” heyətin istəklərini doğrulda bilirlər. Qalmaqal yaradılır, həm də haradan haraya. Studiya alışıb yanır, dağılır, bundan isə aparıcı xalqın gözü önündə, “yaradıcı” heyət isə pərdə arxasında ləzzət alır. Bacarıqlarını bayram edirlər. Lakin xalqın gözü qarşısında bir ailənin, iki qardaşın, iki bacının, bir ata-balanın, bir ana-qızın faciəsi sərgilənir: öz aralarında həll oluna biləcək məsələ ictimailəşir, kəndi, şəhəri aşır, gəlib bir aparıcının guya ki, müdaxiləsi ilə həllini tapır. Ancaq həmin kənd, şəhərlərimizdə ağsaqqal-ağbirçəklər var ki, onların bir kəlmə sözü ilə minlərlə problem həllini tapır. Bax, belə dəyərlərimizə balta çalmaqdadır bu verilişlər.

Tez-tez eşitdiyimiz bir məsələ də var: Xoşqədəmə çıxaram ha! Zaura çıxaram ha! Bax, bu verilişlərin zəif insanlara verdiyi bir də budur. Onlar arasında kimin qayınanası, həyat yoldaşı, qonşusu, qohumu ilə bir sözü, problemi olursa, Xoşqədəmə, Zaura çıxıb, biabır etməklə təhdid edilir. Hansı ki, azərbaycanlı qadın tarixən hansısa bir problemini ictimailəşdirməkdən utanıb. Bizim qadınlarımız hətta məhkəməyə, polis şöbəsinə getməyi özlərinə ar biliblər.

İnsanların zəifliyindən, sağlamlıq imkanının məhdudluğundan, savadsızlığından, dünyagörüşsüzlüyündən bu qədərmi mənafe üçün istifadə etmək olar?..

Ssenari əsasında canlı yayın

“Maraqlı”, həm də utandırıcı məqamlardan biri isə bu verilişlərdən bəzilərinin əvvəlcədən hazırlanmış ssenari üzrə canlı yayınla davam etdirilməsidir. Reytinq qazanmaq, gəlir əldə etmək naminə ailə problemi, xəstəliyi, dərd-səri olan insanları əvvəlcədən hazırlaşdırıb canlı yayına çıxarmaq nə dərəcədə düzgündür? Bu nə insanlığa, nə də hansısa bir aparıcının və yaxud “yaradıcı” heyətin vəzifələri toplusuna sığan vəziyyət deyil.

Və nə xoş ki, belə əməllər gizli qalmır. Bir gün aşkara çıxır. Elə həmin ssenari ilə aktyorluq vəzifəsi verilmiş qonaq çıxır bayırda başına gələnlərdən biri kimi, bunu da söyləyir. Və hamıya məlum olur ki, telekanallarda nə baş verir.

İnsan bu “bacarıqlar” qarşısında heyrət edir. Düşünürsən ki, insanların ağlına reytinq xətrinə necə böyük ideyalar gəlir. İnsanların problemini səhnələşdirib ictimailəşdirənlər görəsən nə üçün film çəkməklə, rejissorluq etməklə məşğul olmurlar. İndi ki, səhnələşdirməyə bu qədər meyillidirlər...

Kim kimə vəsait ödəməlidir?..

Digər bir məsələ isə verilişlərə ekspert kimi dəvət olunan mütəxəssislərin bu verilişlərdə soyulmasıdır. Yəni bir verilişə çıxmaq üçün ondan istənilən məbləğdir. Nə az, nə çox, bir verilişdə bir ay ekspert kimi iştirak etməyin 20-30 min manata başa gəldiyini təsdiq edənlər var. Çünki onlara bu təkliflər olunub.

Belə çıxır ki, bu verilişlər insanların qüsurunu ictimailəşdirməklə yanaşı, digər insanları da soymaqla məşğul imişlər. Lakin maraqlı olan başqa bir məsələ də var ki, əslində kim kimə vəsait ödəməlidir? Verilişə çıxan ekspertə telekanal qonorar ödəməlidir, yoxsa, ekspert telekanala vəsait ödəməlidir?

Hansısa vəkilin, həkimin, digər ixtisas sahibinin bu verilişlərdə, necə deyərlər, ekspert kimi iştirakı ilə həm də reklamının getməsini onlara min bir minnətlə söyləyənlər təbii ki, bu qədər vəsaiti tələb etməkdə özlərini həmişə haqlı hesab ediblər. Kim bu məbləği ödəyibsə, həmin verilişlərə çıxa bilib, ödəyə bilməyibsə, kənarda qalıb. Verilişə çıxanlar isə müzakirə olunan problemin dəyərlərimizə uyğun istiqamətdə irəliləməməsinə münasibət bildirə bilməyiblər.

Qeyd edək ki, bu problem adları çəkilməyən verilişlərdə də var. Yəni qonaqlar çox verilişlərə vəsait qarşılığında çıxarılır. Vəsait verməyənlər isə verilişlərə qonaq edilmir. 2020-ci ildə mənim “Qarabağ dastanı” adlı kitabım çıxmışdı. Bütün telekanallara təqdim etmişdim, içərisinə də telefon nömrəsi yazmış və verilişə müəllif olaraq çıxmaq, kitab haqqında danışmaq istədiyimi bildirmişdim. Kitabda İkinci Vətən müharibəsində Qarabağda şəhid olan 2914 qəhrəmanın adlarına uyğun bayatı yer alırdı ki, bu, Azərbaycan ədəbiyyatında bayatı janrında bir yenilik idi. Lakin heç bir telekanal məni dəvət etmədi, bir yana, heç o kitab haqqında məlumat belə vermədilər. Nə üçün, maraqlı deyilmi?..

Bizlərdən fərqli “jurnalistlər”

Bəzi telekanallarla bağlı məlum tapşırıq çox ürəklərdən tikan çıxardı. İndi həmin telekanallar qarşısında müəyyən edilmiş zaman kəsiyi var. Ya əsaslı dönüş edib özümüzə qayıtmalı, başqalarından oğurladıqları bu layihələrin heç olmasa, istiqamətini dəyişməlidirlər, ya da “əlvida” edib verilişləri bağlamalıdırlar.

Düzdür, çətin olacaq. Birdən-birə o qədər vəsaitdən əl çəkmək asan olmayacaq. Diqqət etsəniz, həmin verilişlərin aparıcıları, özlərini jurnalist adlandıranlar biz jurnalistlərdən fərqli həyata malikdirlər. Gözəl, böyük mənzillər, son dəb maşınlar, aylıq minlərlə manat gəlir, dəbli geyimlər, istirahətlər, nə bilim, daha nələr... Görəsən biz minimum əmək haqqından bir az artıq əmək haqqı aldığımız təqdirdə onlar nə üçün bizdən bu qədər fərqlidirlər? Məhz bu bacarıqlarına görəmi?

Lakin əmək haqqından da, gəlirdən də üstün bizim milli dəyərlərimizdir. Hansı məbləğdə maaş almağımızdan asılı olmayaq bir azərbaycanlı olaraq bu dəyərlərin qorunması, yaşadılması, mentalitetimizə azacıq belə zərər gəlməməsi üçün çalışmalıyıq. Bizim yaşadığımız cəmiyyət də, coğrafiya da, aldığımız tərbiyə, əsrlərə söykənən dəyərlər sistemi bir başqadır. Buna “yenilik” gətirməyə heç kimin haqqı yoxdur. Gətirməyə çalışan isə təbii ki, cəzasını almalıdır. Biz cəmiyyətimizi qlobal problemlərin tüğyan etdiyi, ənənələr sisteminin parçalandığı, bütün dəyərlərin texnologiyanın, “müasirliyin” güdazına gedən dünyadan qorumalıyıq. Bu, bizim borcumuzdur!

Mətanət Məmmədova

əməkdar jurnalist

Digər xəbərlər