Sosial

  • 3 524

Əmək müqaviləsinin bağlanmamağı nələrə səbəb ola bilər? - MÜTƏXƏSSİS AÇIQLADI

image

“Əmək müqaviləsi bağlamadıqda işçilər bir sıra hüquqlarından məhrum olurlar. Belə ki, onlara əmək kitabçası açılmır və iş stajı hesablanmır. Münasibətlərin rəsmiləşdirilməməsi pensiya təminatına mənfi təsir edir. Eyni zamanda, ödənişli məzuniyyət, yəni 21 təqvim günündən az olmayan əsas əmək məzuniyyəti, iş stajına görə əlavə məzuniyyət, əmək şəraitinə və işin xarakterinə görə əlavə məzuniyyət hüququ, hamiləliyə və doğuşa görə qismən ödənişli sosial məzuniyyət hüquqlarından məhrum olurlar və onlarla imzalanmış müqaviləyə xitam verilərkən istifadə edilməmiş məzuniyyətin pul əvəzi verilmir”. Bu sözləri SİA-ya danışan Vergi üzrə mütəxəssis İlqar Əsədov deyib. Onun sözlərinə görə, əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmirlər: “Müvəqqəti olaraq əmək qabiliyyətini itirərsə və xəstəlik vərəqəsi təqdim edərsə də müavinət ala bilmirlər. Həmçinin işəgötürən müxtəlif bəhanələrlə onunla əmək münasibətlərinə Əmək Məcəlləsində göstərilən tələblərə əməl etmədən şifahi qaydada xitam verə bilər.Əmək müqaviləsi bağlandıqda burada hər bir işçinin qəbul olunduğu peşə və ya vəzifə göstərilir. İşçi və işəgötürən bu peşə və ya vəzifə üzrə öz üzərlərinə müəyyən vəzifə və ya öhdəliklər götürürlər”.Mütəxəssis bildirib ki, əmək müqaviləsi bağlanmadıqda işəgötürən öz üzərinə qanunla götürməli olduğu öhdəliklərdən imtina edə bilər, digər tərəfdən isə, işçinin faktiki olaraq yerinə yetirdiyi işə görə deyil, başqa əmək funksiyalarını yerinə yetirməmək əsası ilə və işdən azad etməklə əmək münasibətlərinə xitam verə bilər: “Əmək müqaviləsinin bağlanmaması işəgötürən tərəfindən işçinin sağlamlığına, əməyin mühafizəsinə, sanitariya və gigiyena normalarına cavab verən iş yeri yaratmaq barədə qanunla nəzərdə tutulan öhdəliyindən imtina etməsinə, iş və istirahət vaxtı üzrə əmək qanunvericiliyinə əməl etməməsinə şərait yaradır. İşəgötürən tərəfindən işçinin sosial müdafiə olunma, güzəşt və imtiyazlardan istifadə etmə, məcburi və əlavə sığortalar və s. kimi öhdəliklərdən imtina etməsi ilə nəticələnir”.

Ləman Sərraf

Digər xəbərlər