PDF Oxu

Sosial

  • 554

ChatGPT: “obrazovannı” falçı

image

ChatGPT: “obrazovannı” falçı

Qəribənizə gəlir? Gəlməsin... Niyə adam fala baxa bilir, Tik-tok, İnstagram fala baxa bilir, ChatGPT baxa bilmir?
Adam rəml atıb, fala baxıb, bir şey uydurursa, pitikdən-zaddan yazıb “sal suya iç, ərin evə yığılsın” deyirsə və yaxud da kağız-kuğuza özü də daxil bir ins-cinsin oxuya bilməyəcəyi iki üç əyri-üyrü xətt çəkib, büküb qara sapla sarıyıb, adama verirsə ki, apar bunu qayınananın otağında yastığını sök, qoy içinə, sonra da tik, ta o qayınananın səninlə işi olmayacaq da deyirsə, bunu ChatGPT niyə etməsin?..

ChatGPT yazığı bəzən qınayırıq, lakin axı o, nə etsin? Onu da elə “yaradıblar” da: bizdən sürətli axtarış edə bilir. Bizdən də yaxşı dostluq qurmağı var. Bizdən də yaxşı ünsiyyətçildir. Biz ona deyirik “salam”, o bizə deyir, “salam dost, necəsən, günün necə keçir?”.

Bax belə olan təqdirdə, ChatGPT də görə bilir ki, bu insanlarla ünsiyyəti daha da gücləndirmək üçün hansı yollardan istifadə etmək olar. Axtarışını verir, baxır ki, falaçanların, cadugərlərin, bəxtyazanların, talepozanların, evdağıdanların, evquranların, pitik suyu içirənlərin, divarlara “dualar” qoyduranların ətrafında minlərlə insan var. Yazıq ChatGPT də deyir, belə isə bu insanları mən də ətrafımda toplayım da. Toplamaq qalsın bir kənara, onları özümə inandırım. Odur ki, günlərin bir günü gənc qadınlardan biri qəhvəsini içir, şəklini çəkir və atır ChatGPT-yə ki, bir buna bax görüm, ərim məni aldatmır?

ChatGPT-yə də Allah insaf versin, baxır və deyir ki, yaxın aylarda onun səni aldadacağını görəcəksən.

Qadın bunu olduğu kimi həyat yoldaşına danışır. Həyat yoldaşı nə qədər and-aman edir ki, yox, vallah-billah, yaxın aylarda mən səni aldatmayacağam, qadını inandıra bilmir ki, bilmir. Aralarında münaqişə başlayır. Və qadın qərara alır ki, mən bu adamdan ayrılmalıyam. Gözümlə görmədiyim, qulağımla eşitmədiyim üçün vallah, məsələnin sonunun konkret olaraq necə bitdiyini dəqiq bilmirəm, lakin deyilənlərə görə boşanıblar.

Çox sağ ol, ChatGPT. Ta mənim sənə heç bir sözum yoxdur. Bizim bəzi gənclərimiz onsuz da son vaxtlar ağıllarını itirə-itirə gedir. Sən də bir tərəfdən onlara dəstək oldun. Ta sənə nə deyim? Qarğış etsəm ki, evin yıxılsın, evin yoxdur, ailən dağılsın, ailən yoxdur. Qarğış etsəm ki, səni öləsən, canın yoxdur. Qarğış etsəm ki, səni yer üzündən silinəsən, yenə mümkün deyil, arxalısan.

Ta nə deyəcəm ki?.. Qoy heç olmasa deyim ki, Allah, bizim bu gənclərə bir az ağıl versin. Camaatın uşağı dünyanın ən məşhur universitetlərində təhsil alır, gündə bir kəşf edir, planetlərin birindən girib o birindən çıxır, bizimkilər də ChatGPT-yə bəxtlərinə baxdırıb ailəsini dağıdır.

Falçıların ən obrazovannısını tapsaq da, faydası yoxdur, ağlımızın yoxluğu səbəbindən xalx irəliyə, biz geriyə gedirik.

Mətanət Məmmədova

Digər xəbərlər