Sosial

  • 3 479

Elektron siqaret-ətirli ölüm -ARAŞDIRMA

image

Əgər tütün qara, narkotik ağ ölümdürsə, elektron siqaret isə ətirli ölümdür. Hazırda məktəblilərdən tutmuş tələbələrədək, əksər gənclərin meyl etdiyi bu bəla heç də elektron siqaret istehsalçılarının özlərinə haqq qazandırıcı sayıqlamalarındakı kimi təhlükəsiz deyil, ənənəvi siqaret və narkotik qədər ziyanlı, sağlamlığa zərər vuran, ətri ilə insanı aldadan, zaman-zaman məhvinə aparan bir vasitədir.

Bunu anlamaq və dərk etmək o qədər çətin deyil ki, ənənəvi siqaret çəkənlər kimi, elektron siqaret çəkənlər də ya hansısa orqanlarının sıradan çıxmasına, ya da birbaşa ölümə doğru irəliləyirlər.

Bütün dünya elektron siqaretlərin zərərindən danışsa da, mətbuat bar-bar bağırsa da, lakin bu vasitədən istifadə edənlərin sayı azalmır ki, gündən-günə artır. Sanki insanlar üçün həyatlarının heç bir dəyəri qalmayıb. Harada bitər, bitər...

Maraqlıdır ki, həm də elektron siqaret də adi siqaret kimi bir çoxları üçün dəbli görünüş yaratmaq anlamındadır. Siqareti barmaqlar arasına almaq onların düşüncələrinə görə geyimi tamamlayır, barmaqlar arasında dodaqlara yaxınlaşdırmaq onları fərqli birinə çevirir, tüstülətmək dəbli olmalarına dəlalət edir. Təəssüf ki, bu düşüncədə olan gənclərimiz az deyil.

O da var ki, bəzi ənənəvi siqaret çəkələr guya elektron siqaretdən istifadə etməklə onu tərgitməyə çalışırlar. Bu, nə dərəcədə düzgün seçimdir, bu və elektron siqaretin digər zərərləri haqqında danışaq.

İstehsalçıların iddialarının əksinə

Elektron siqaret ideyası keçən əsrin 70-ci illərində ortaya çıxdı. Uzun müddət müzakirə mövzusu oldu, yalnız keçən əsrin sonunda kütləvi istehsala buraxıldı. Əvvəllər mağaza piştaxtalarında az-az görünən, hazırda isə qəzet köşklərində, market və hətta aksesuar satılan dükanlarda belə rast gəlinən bərbəzəkli, rəngbərəng elektron siqaretləri istehsalçılar tütün məhsulları ilə mübarizə yollarından biri hesab edirlər: elektron siqaretin xüsusi hazırlanmış tüstüsü var. Onun tüstü vermə effekti öz xüsusiyyətlərinə görə seçilir. Belə ki, elektron siqaretdə yanma prosesi olmur və bu səbəbdən ziyanverici qazlar buraxmır. Həmçinin, onun tərkibində tənbəki yoxdur.

Lakin Türkiyənin Memorial Tibb Heyətinin araşdırmalarına əsasən elektron siqaret tərkibində nikotin olan mayenin qızdırılması və aerozol əmələ gəlməsi ilə əldə edilən kiçik, əl elektron cihazıdır. Bu cihazın tərkibində maye nikotin var və elektron siqaretdən istifadə edən insanlar cihazdakı maye nikotini və buxarını ağciyərlərinin dərinliklərinə qədər çəkirlər. Bu, ağciyərin çökməsi kimi ciddi xəstəliklərə və tənəffüs problemlərinə səbəb ola bilər. Bundan əlavə, elektron siqaretlərin tərkibində diasetil, nikel, qalay və qurğuşun kimi bədənə zərər verə biləcək zərərli maddələr var.

Deməli, siqaret asılılığını yaradan nikotindir. İddiaların əksinə olaraq tərkibində nikotin olan elektron siqaret qətiyyən siqaret asılılığını həll etmir. Elektron siqaretdə istifadə olunan aromatik maddələrə gəldikdə isə həmin maddələrin özlərinin də kanserogen təsiri var. Yəni elektron siqaretlər faktiki olaraq adi siqaretlərdən öz zərərinə görə elə də geri qalmır. Elektrikli siqaretin zərərləri aşağıdakılardır:

-EVALI və dil xəstəliyini yaradır;

-Ağciyər kollapsına səbəb ola bilər;

-Elektron siqaret asılılıq yaradır;

-Tənəffüs yollarına təsir edir və öskürəyə səbəb olur;

-Astma inkişafına təkan verir;

-Ağızda və boğazda qıcıqlanmaya səbəb olur;

-Elektron siqaretlər ürək xəstəliyi riskini artırır;

-Baş ağrısı və ürək bulanmasına səbəb olur;

-Beyin inkişafına təsir göstərir;

-Popkorn xəstəliyi yaradır;

-Sonsuzluğa səbəb olur;

-Hamiləlik dövründə körpənin inkişafına təsir göstərə bilir.

Elektron siqaret xəstəliyi- EVALI

Kəskin ağciyər zədələnməsinə, ağciyərlərdə iltihaba səbəb olan iltihabi xəstəlik olan EVALI xəstəliyinin əsas səbəbi elektron siqaretdən istifadədir. Bu xəstəlik ağciyər kollapslarına, həmçinin ağciyərlərdə çapıqlara, asılılığa, tənəffüs yollarına təsir edərək öskürəyə, ağızda qıcıqlanmaya səbəb ola bilər. Bununla birlikdə, elektron siqaret istifadəçilərində dadbilmə duyğusunun azalması ilə dil xəstəliyi də yarana bilər.

Elektron siqaretlər də siqaret kimi tənəffüs yollarına mənfi təsir göstərir. Tənəffüs yollarına mənfi təsirlər də öskürəyə səbəb ola bilər

Həmçinin astma və digər ağciyər xəstəlikləri riskini artıra və mövcud astmanı pisləşdirə bilər.

Elektron siqaretlər ürək xəstəliyi riskini artırır;

Elektron siqaretlərin tərkibində olan nikotin və digər zərərli maddələr ürəyə zərər verə bilər və ürək xəstəlikləri riskini artırır. Eyni zamanda baş ağrısı və ürək bulanmasına səbəb olur.

Elektron siqaretlər beynin inkişafına təsir edir;

Elektron siqaretlərin yaratdığı nikotin asılılığı emosional pozğunluqlara səbəb ola bilər və beynin öyrənməyə nəzarət edən hissələrinə zərər verə bilər. Xüsusilə yeniyetməlik dövründə gənclərin beynində qərar qəbul etmə və impulslara nəzarət hələ inkişaf etmədiyi üçün nikotindən daha çox istifadə ehtimalları yüksək olur. Gənclərin nikotinə məruz qalması uzunmüddətli perspektivdə ciddi risklər yaradır.

Elektron siqaretlər “popkorn xəstəliyi”nə səbəb ola bilər;

Elektron siqaretlərin zərərli təsirlərindən biri də “popkorn xəstəliyi” kimi tanınan “bronxiolitis obliterans”dır. Elektron siqaretlərin tüstüsü ağciyərlərdə hava kisələrini qoruyan makrofaqların fəaliyyətini poza və onların zədələnməsinə səbəb ola bilər. Bu, nəfəs darlığına və öskürəyə səbəb ola bilər ki, bu da popkorn adlı ağciyər xəstəliyinə səbəb olur. Popkorn ağciyər xəstəliyi qızdırma, öskürək, gecə tərləmələri, kilo itkisi və nəfəs darlığı kimi əlamətlərlə ortaya çıxır.

Elektron siqaretlər sonsuzluq yaradır;

Elmi araşdırmalara görə, elektron siqaretlər kişilərdə sperma sayının azalmasına səbəb ola bilər. Bu, uşaq düşünən cütlərə mənfi təsir göstərə bilər. Həmçinin elektron siqaretlər yumurtanın keyfiyyətinə də təsir edə bilər və sonsuzluğa siqaret çəkməyənlərlə müqayisədə 10 dəfə artıq səbəb olur. Bundan əlavə, qadınlarda erkən menopoz və vaxtından əvvəl düşük riskini artıra bilər.

Elektron siqaretlər hamiləlik dövründə körpənin inkişafına mane olur;

Hamiləlik dövründə elektron siqaret istifadəsi ana üçün təhlükəsiz olmamaqla yanaşı, həm də körpənin beyin inkişafına mənfi təsir göstərə və orqanlara qalıcı ziyan vura bilər. Eyni zamanda, hamiləlik dövründə çəkilən elektron siqaretlər körpənin ağciyərlərinin inkişafına mane ola və doğuşdan sonra xəstəliklərə səbəb ola bilər.

Elektron siqaret asılılıq yaradır;

Elektron siqaretlərin tərkibində adi siqaretlər kimi nikotin olduğu üçün onların asılılıq təsiri kifayət qədər yüksəkdir. Nikotin beyində dopamin ifrazına səbəb olaraq mükafat sistemini aktivləşdirir və həzz verir. Elektron siqaretdən istifadə edən insanlar onun zərərlərini və yaratdığı yüksək riskləri bilsələr də, istifadə etməyə davam edirlər. Bu, asılılığa səbəb ola bilər.

Elektron siqaret xərçəng xəstəliyi yaradır;

Elektron siqaretlər, kimyəvi maddələr və hissəciklər səbəbindən astma və xroniki ağciyər xəstəliklərinə görə ağciyər iltihabına səbəb olur. Bu da DNT-nin zədələnməsinə səbəb ola bilər və uzun müddətdə xərçəng riskini artırır. Elektron siqaret buxarı da ağciyər mühitində immun hüceyrələrinə mənfi təsir göstərərək ağciyərin iltihabına səbəb ola bilər.

Mütəxəssis həkimlər vurğulayır ki, 10 il ərzində siqaret çəkən qadınların tibbi müayinələrinin nəticələrinə əsasən, onların siqaret çəkməyən qadınlara nisbətən 25 dəfə artıq ağciyər xərçəngi xəstəliyinə tutulması aşkarlanıb.

Elektron siqaret ürəyə zərər verir;

Elektron siqaretdən istifadə edən insanlarda koronar arteriya xəstəliyi, depressiya və infarkt riski yüksək ola bilər. İstifadə etməyənlərlə müqayisədə, insult keçirmə və ya infarkt keçirmə kimi problemlər elektron siqaretdən istifadə etdikdən sonra arta bilər.

Elektron siqaret dişlərə zərər verir;

Elektron siqaretlər dişlərdə bakteriya artımına, ağızda quruluğa, diş ətlərinin iltihabına, ümumi qıcıqlanmaya və hüceyrə ölümünə səbəb ola bilər. Bundan əlavə, elektron siqaretlərin tərkibindəki mayelər ağız quruluğu və ağız yaraları yaradır. Elektron siqaretlər həmçinin ağız və boğazın qıcıqlanmasına, diş ətlərində şişlik, həssaslıq və qızartıya yol açır.

Elektron siqaretlər körpələri zəhərləyir;

Elektron siqaret istifadəsinin 1219 fərqli gendə fərqliliklərə səbəb olduğu göstərilib. Araşdırmaya görə, elektron siqaret çəkilən yerlərdə tüstünün 2-3 yaşlı körpələrdə zəhərlənmələr yaratdığı görülüb.

Elə bütün bu zərərli tərəflərinə görə, bəzi ölkələr elektron siqaretlərin idxalını və satışını qadağan edib. Hətta baxmayaraq ki, elektron siqaretlər əsasən Çində istehsal olunur, burada onun istifadə edilməsi qadağan olunub. Azərbaycanda da deputatlar milli məclisdə bu məsələni müzakirə edib, elektron siqaretlərin ölkədə istifadəsinin qadağan edilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Siqaret çəkmədə qadın amili

Həm ənənəvi, həm də elektron siqaretin həm kişilər, həm də qadınlar tərəfindən çəkildiyini nəzərə alaraq qeyd edək ki, kişilərin siqaret çəkməsi nə qədər təhlükəlidirsə, qadınların ondan istifadəsi qat-qat təhlükəlidir. Çünki qadın gələcəyin anasıdır. O, dünyaya uşaq gətirəcək. Ana nəsil artırandır. Gələcək nəsillərin sağlamlığına birbaşa cavabdeh şəxsdir. Bəs belə isə, ana olacaq qadın əgər siqaret çəkirsə, onun sağlam övlad həyata gətirməsi mümkündürmü?

Araşdırma apararkən belə bir maraqlı faktla da rastlaşdım: Harvardda aparılan tədqiqat nəticəsində bəlli olub ki, hamiləlik dövründə siqaret çəkən qadınların dünyaya gətirdikləri uşaqlar cinayətə qarşı daha çox meylli olurlar. Tək bu fakt siqaretin tərkibini, onun nələrə qadir olduğunu göstərmirmi? Baxın ki, siqaretin qanda yaratdığı zəhərlənmələr dölə necə təsir edirsə, onun gələcək həyatında cinayətə meyllik yaranır. Həqiqətən çox maraqlı nüansdır. Siqaret çəkənlərin bəlkə də hansına sual versən ki, övladının gələcəkdə cinayətə meylli olacağını bilirsənmi, adama gülərlər. Lakin elm bunu sübut edir və bu, qaçılmazdır.

Bu məsələlərin ciddiliyi nəzərə alınaraq ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib. Qanunu pozanların 30 manatdan 1000 manata qədər cərimə olunması müəyyənləşdirilib. Qanuna əsasən, tütün məmulatlarından (siqaret), sulu qəlyan və elektron siqaretdən istifadə müəyyən yerlərdə qadağan olunub.

Hələ də aramızda bu qanuna zidd gedən insanlar var ki, onlarla hər kəs qarşılaşıb. Belələri haqqında tədbirlər görülür. Lakin onlar gözdən uzaq yerlərdə məqam düşən kimi ətrafa tüstü yayırlar. Çox təəssüf, onlar arasında sürücülər də var ki, bəzən taksidə utanmazcasına səndən “siqaret çəkə bilərəmmi?”,- deyə soruşurlar...

Nə qədər ki, hələ də qanundan xəbərsiz insanlar var, onlar cəmiyyət arasında özlərini lazımi səviyyədə apara bilməyəcək və bizlər də passiv siqaret çəkən olaraq qalacağıq.

Gəncliyi ətirli ölümdən qoruyaq!

Siqaret çəkmək alışqanlığı əsasən gənclikdən başlanır. Bu bəlaya gənclikdə düçar oldunsa, səninlə bir ömür yol gedəcək və yaşlı çağlarında elə bir problemlə üz-üzə qoyacaq ki, nə ondan əl çəkə biləcəksən, nə də yaşamaqdan vaz keçə biləcəksən. Ölümlə olum arasındakı məsafədə isə siqaret çəkmək yaşamağa üstün gələcək. Beləliklə, xəstə kimi yaşayıb ölümünü gözləyəcəksən, çünki gənclikdən başlanıb gələn alışqanlığından əl çəkə bilməyəcəksən. Buna iradən yetməyəcək.

Gənclik çağında övladlarımızı həm biz valideynlər, həm də cəmiyyət qorumalıdır. Çünki siqaretlə insan arasında qısa bir yol var. O yolda siqaret səni üstələdisə, səninlə bir ömür yoldaşdır. Yox, əgər sən ona üstün gəldinsə, deməli, bir ömür sağlam həyat səni gözləyir. Beləliklə evlərimizdə böyütdüyümüz xüsusilə oğlan övladlarına vaxt ayırıb onlarla söhbətlər aparmaq bizim ümdə vəzifəmizdir. Bu əsnada böyüdüyünü hiss etdirmək üçün siqaretə əl atan uşaqlarımızla o qədər səmimi söhbət qurmağı bacarmalıyıq ki, o, böyüməyin siqaretlə bağlı olması fikrinin absurd olduğunu dərk etsin. Və yaxud da yoldaşları, dostları tərəfindən “sən kişi deyilsən, niyə siqaret çəkmirsən?” təklifinin nə qədər rəzil bir təklif olduğunu onlara başa salmalıyıq.

Eləcə də məktəbdə yeniyetmə oğlan və qazlarla məktəb psixoloqları iş aparmalıdırlar. Bu kimi təkliflərin mənasız olduğunu, yaxşı dost və yoldaşın belə təklif etməsinin mümkünsüzlüyünü onların beyninə yeritməliyik. Çünki onlar həyatın astanasındadır. Nəyi neçə edəcəklərini anlamırlar. Bu yaş dövründə qorunan uşaq gələcəyə tütünsüz bir həyatla gedir. Tüstüsüz həyat isə sağlam ailə, sağlam övladlar, gözəl gələcək deməkdir.

Yox, əgər uşaqlarımızla vaxtında məşğul olmasaq, onlara vaxt ayırmasaq, qarsıda onları tüstülü bir həyat gözləyəcək. Bu isə gələcəyin qeyri-sağlam övladları, öz övladımızın isə hər an ölümü deməkdir. Ümumilikdə isə gələcək üçün xəstə ailənin təməlidir.

P.S. Dövlət Statistika Komitəsinin 2022-ci ilə olan məlumatında elektron siqaretdən istifadə 15 yaşdan yuxarı 0,1, 20-44 yaş arasında isə 0,2 faiz , digər yaş qrupları üçün “ -” kimi göstərilsə də, lakin bu, hazırda belə deyil. Bəlkə də 2023-2024-cü illər üçün müvafiq statistika açıqlanarsa, bu rəqəmlərin xeyli dəyişdiyini görmüş olarıq. Bu gün elektron siqaretdən istifadə edən yüzlərlə məktəbli, yeniyetmə, gənc var. Onları bu ətirli tüstüdə boğan kimdir? Bax, buna son qoyulmalıdır. Bəzən qadağaları və ciddi tədbirləri yaxşı qarşılamırıq, lakin son nəticəsi yanıldığımızı göstərir. Düşünürəm ki, gənclərimizi öz ətirli ağuşuna alan elektron siqaretlərə də qadağan qoyulmalı, əksini düşünənlər ciddi cəzalandırılmalıdır.

Mətanət Məmmədova

Digər xəbərlər