Sosial

  • 7 341

Quranda qurban kəsmək adlı bir ibadət yoxdur! – ARAŞDIRMA

image

“Kəsdiyiniz qurbanların nə ətləri, nə də qanları Allaha çatır. Ona sadəcə sizin düşüncə və niyyətiniz çatır”. (Quran-Kərim, Həcc 22/37)

Qurban mərasimləri tarix boyunca müxtəlif mədəniyyətlərdə lap qədimlərdən tətbiq olunan bir ibadət formasıdır. Bu mərasimlər haqda ən qədim mənbələrdə- şumer yazılarında çox maraqlı məlumatlar var. Qurbanvermə mərasimi Tanrının birliyini söyləyən bütün dinlərdə (iudaizm, xristianlıq, vaişnavizm, zərdüştlük, islam və s.) vacib prinsiplərdən biridir. Bu səbəbdən bütün dinlərdə qurban mərasimləri var. Təbii ki, bir-birindən fərqli formalarda. Lakin qurban ziddiyyəti ifadələrin formasında gizlənir. Qurban vermək başqa anlayışdır, qurban kəsmək başqa. Üstəlik, ortada olan dinlərdəki qurban anlayışı, həmin dinlərin müqəddəs kitablarındakı qurban anlayışlarından tamamilə fərqlənir. Yazımızda əsasən bu məqama toxunacağıq.

Şərq dinlərində, əsasən zərdüştlük, induizm, vaişnavizm, buddizm, çaynizmdə Tanrıya qansız qurbanlar verilir. Bu qurbanların əsasını təbiətin nemətləri- meyvə-tərəvəz, süd məhsulları, gül-çiçək, ətirli çubuqların tüstüsü təşkil edir.

Semit mənşəli dinlərdə- yəhudilikdə, xristianlıqda və islamda da qanlı qurban mərasimi həyata keçirilir, lakin bir çox tədqiqatçılar bildirir ki, bu, həmin dinlərə aid müqəddəs kitabların təhrif olunması nəticəsində davam etdirilən qədim bir adətdən başqa bir şey deyildir.

Qəribəsi odur ki, müsəlmanlar arasında qurbankəsmə adəti dinin əsas şərtlərindən biri kimi 14 əsrdir ki, tətbiq olunsa da, əslində bu dinin müqəddəs kitabında qurbanın ibadət formalarından sayıldığı haqda heç nə yoxdur. Konkret olaraq, Quranda “Ey müsəlmanlar, qurban kəsin!- deyə bir əmr yoxdur.

Əksinə, bunun mənasız olduğu vurğulanır. “Kəsdiyiniz qurbanların nə ətləri, nə də qanları Allaha çatır. Ona sadəcə sizin düşüncə və niyyətiniz çatır”. (Həcc 22/37) Burada aydın olur ki, Tanrı insanlara düşüncələrin, niyyətlərin, əməllərin təmiz olmasına çağırır və qurbanın ancaq pisliklərdən əl çəkmə ilə verilə biləcəyini deyir.

Bir neçə il əvvəl haqqın dərgahına qovuşmuş nüfuzlu türk ilahiyyatçı alimi, professor Yaşar Nuri Öztürk də hesab edirdi ki, Quranda heyvan kəsmək deyə bir ibadət yoxdur: “Çünki Qurban Allaha yaxınlaşmaqdır, Ona isə qan tökərək yaxınlaşmaq olmaz”. Alimin fikrincə, bu sadəcə kökü islamdan əvvələ dayanan adətdir və Həccə gələnlərə yemək təqdim etmək üçün edilib. “Peyğəmbərin səhabələri də heyvan kəsməyib və bunun dini əmr yox, sadəcə adət olduğunu deyiblər”.

https://www.youtube.com/watch?v=L2jYXxkjlvA&t=38s

Bir çox digər nüfuzlu ilahiyyatçılar və islamşünaslar da bildirirlər ki, Quranda heyvan qurban kəsilməsinin vacibliyi haqda bircə cümlə də yoxdur. Məsələn, görkəmli islam tədqiqatçısı İhsan Eliaçık deyir ki, qurban ifadəsi Quranda 11 yerdə keçir, lakin heç birində heyvan kəsilməsi nəzərdə tutulmur. Qurban yalnız Allah yolunda malik olduğun sərvətdən, pis xüsusiyyətlərdən və əməllərdən vaz geçmək mənasında deyilir.

https://www.youtube.com/watch?v=0EOIxf4Nsyo

Göründüyü kimi, Allahın göndərdiyi kitabda ibadət forması olaraq heyvan kəsilməsi mərasimi yoxdur, lakin kontekstdən çıxarılmış ifadələr, səhv tərcümələr, saxta hədislərlə bu və ya bu kimi çox sayda zərərli yəhudi və ərəb adətlərini islam adı ilə formalaşdırıblar.

Halbuki, Quranda İbrahim peyğəmbər və oğlu İsmayılın əhvalatını misal gətirərək insan qurbanını ortadan qaldırmaq məqsədi güdülüb. Çünki, qədimdə bəzi qəbilələrdə insan qurbanları adəti var idi. Burada izah edilir ki, əgər mütləq qan axıdacaqsansa, heç olmasa, insan yox, heyvan kəsə bilərsən, lakin bunun ibadətə heç bir aidiyyatı yoxdur. Əksinə, bütün müqəddəs kitablarda qan tökmək qadağan edilir və qurban anlayışının da qan tökməyə heç bir aidyyatı yoxdur. Yaradan burada peyğəmbər vasitəsilə göstərdiyi nümunədə bu dəhşətli ayini ortadan qaldırmaqla yanaşı, qanlı qurbanın başqa insanlar tərəfindən də təkrarlanmasına icazə verməmişdir.

Bir çox dinlərdə qurbanvermə mərasimi qansız formada, təbii nemətlərdən Tanrıya məcazi mənada təklif etməklə ona bu nemətlərə görə minnətdarlıq ifadə etməkdən ibarət olmuşdur. Zərdüştlükdə, vaişnavizmdə, çaynizmdə və sair şərq dinlərində bu mərasimlər belə keçirilib. Zərdüştlükdəki qurban mərasimi 20 il əvvəl səhnələşdirdiyimiz qısametrajlı etnoqrafik filmdə canlandırılmışdır.

https://www.youtube.com/watch?v=H54k30G8WiE

Ümumiyyətlə, ən nüfuzlu ilahiyyatşünasların fikrincə, qurban anlayışı yalnız Tanrıya xidməti özündə ehtiva edir, bu səbəbdən də hər bir insan Tanrıya nəyisə qurban verə bilər. Buraya cox sey daxil ola bilər- həm maddi, həm mənəvi cəhətdən. Bu, maddi sərvətinin bir hissəsindən əl çəkmək və onu imkansızlarla paylaşmaq da ola bilər ki, ən böyük qurban bu sayılar. Ya da zərərli vərdişlərindən, həzzverici adətlərindən, haqsız və haram sərvət əldə etməkdən, başqalarına zərər vurmaqdan və digər mənfi xüsusiyyətlərindən əl çəkmək. Bütün dinlərin ümumi fikrinə görə, qurban yalnız saf qəlbdən, təmənnasız, sevgi və səmimiliklə təklif edildikdə Tanrı tərəfindən qəbul olunur.

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri

Digər xəbərlər