Sosial

  • 8 163

Ömrümüzə gələn YAY...

image

Budur, baharı yola salıb, ömrümüzə gələn növbəti yayı qarşıladıq. Cırhacır istisi ilə insanları heç də usandırmayan, əksinə, özünü bütün fəsillərdən daha çox sevdirən yay gəldi ömrümüzə... Yaşıl rəngin bütün tonlarıyla qarşımızda gözəllər gözəli bir yay fəsli açıldı. Bol günəşi, rəngbərəng gülü-çiçəyi, çeşid-çeşid meyvə-tərəvəzi ilə nə qədər gözəl, nə qədər maraqlı, nə qədər füsunkardır yay...

Baharla payızın arasında körpüdür yay...

Baharla payızın arasında körpü olan, öz hərarəti ilə bu iki sərin fəsli bir-birinə həmdəm edən mövsümdür, yay. Yazda ağacların çiçəyinə vurulub, bu sevginin meyvələrini çiyinlərində daşıyıb payıza təhvil verən sevdalıdır, yay. Yazda torpağa əkilənlərə su ilə birlikdə can verib süfrələri bollaşdıran, əkinçinin arzusunun gerçəyi, zəhmətinin bəhrəsidir, yay. Toplanması payıza təsadüf edən meyvələrin, tərəvəzlərin yığımını gözləyən, götürəcəyi məhsulu realizə etməklə övladına nişan, toy etmək, cehiz almaq, him açıb bina salmaq, qarşıdan gələn qışa hazırlıq görmək istəyənlərin arzusudur, yay.

Yay həm də hicranların vüsal vaxtı, şəhərlərimizdən rayonlara, kəndlərə üz tutanların ata-ana, qohum-əqrəba həsrətinin sonudur. Baba-nənələrindən uzaqda yaşayan uşaqların onların sevgisini duyduğu, tumarını gördüyü, nağılını dinlədiyi andır yay. Evlərimizin qonaq-qarası, həyətlərimizin səsi-küyü, şaqraq gülüşüdür, yay. Ağacların yazda barmaq boyda yarpaqlarını isti ağuşunda böyüdüb yolçuya, əkinçi-biçinçiyə çətir edəndir, yay. Yaşıl rəngi, çiçək ətri, rəngarəng mənzərələri ilə yolçunu yoldan edib, bu çətirlərin altında samovar çayına, quzu kababına qonaq edəndir, yay.

Bir təbiət gözəlidir bu fəsil. Bəzən istisindən zinhara gəlib gileyləndiyimiz yay olmasa, baharda torpaqdan ancaq boylanan yaşıl çəmən heç dizə qalxarmı? Mövsümboyu üç-dörd dəfə biçilən bu çəmənlərin, düzlərin otu ilə qışboyu bazarlarımızı bol südlü, qatıqlı, pendirli, şorlu, kərəli edən mal-qaranın ruzisidir, yay.

Çobanların tütəkdə səsləndirdiyi nəğmədir, yay...

Yaylaqların sükutunu pozan qoyun-quzu mələşməsi, çobanların tütəkdə səsləndirdiyi nəğmədir, yay. Eldən-elə qonaq gəlib Ulu Yaradanın təbiət bəxşişini paylaşanların qurduqları obadır, yay. Ocaq çayı, ocaq yeməyi, təbiətin qoynunda açılan süfrədir, yay. Dağların sinəsini, torpağın bağrını yarıb çağlayan, 38-40 dərəcə isti havada bir dəqiqənin tamamınadək əlimizi saxlaya bilmədiyimiz buz bulaqlarımızdır, yay. Dağlarımızın-dərələrimizin insanlara ruzi payı olan min adda, min bir dadda bitkilərinin onlara ərmağan çağıdır, yay. Bu mövsüm gözəl, təbiət möcüzəsi olan diyarımızın gəzməli-görməli yerlərinin “qapısının açarıdır”. Uşaqların məktəb tətili, valideynlərinin məzuniyyət dövrü, onları birlikdə bu gözəllikləri duymağa səsləyən, istirahətə çağırışdır, yay. Açın onunla “təbiətin qapılarını”...

Bakı qonaqlarını gözləyir

İlin bütün fəsillərini işləyən, yay tətilində, məzuniyyət dövründə Bakıya-bu gözəllər gözəli şəhərin turistik məkanlarını gəzməyə, görməyə gələnlərin sayı-hesabı olmur. Necə ki, şəhərdə yaşayanları yay fəslində kəndlərimizin sərin havası, saf suları, nənə-baba nəfəsi o yerlərə çəkib aparır, kəndlərimizdə yaşayan insanlar da paytaxt şəhərə gəlib gəzmək, əylənmək istəyir.

Uzun illərdir ki, Azərbaycan memarlığının nadir incisi olan, Bakının mərkəzində 22 hektarlıq ərazidə yerləşən İçərişəhər, buradakı yüzlərlə tarixi abidə turistlərin ən çox ziyarət etdiyi, xoş təəssüratlarla ayrıldıqları məkandır.

Bu şəhərə gələsən, Xəzər dənizinin kənarında nəhəng bir qayanın üzərində silindirik fоrmada tikilmiş, Bakının rəmzinə çevrilmiş Qız Qalasını görməyəsən, bu, mümkün deyil. Elə bu səbəbdən də bu tarixi abidənin qonaqsız günü olmur, xüsusilə də yay fəslində.

XII əsrin yadigarları olan Şirvanşahlar Saray Kompleksi, Qala divarları, XV-XVI əsrlərin ərmağanı olan Kiçik Karvansaray qədim tariximizin bir parçası olaraq qonaqlara yaranma səbəbindən söhbət açır. Elə buna görə də qonaqlar bu sənət nümunələrinin necə ərsəyə gəldiyini mərhələ-mərhələ yaxından izləməkdən böyük zövq alırlar.

XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi alovların yerində inşa edilən “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu-odlar yurdunun heç vaxt sönməyən bu əbədi məşəlində küləklə odun ecazkar rəqsinə tamaşa etməkdən böyük zövq ola bilərmi? Təbii qazın çıxdığı əbədi alovlar məkanı olan “Yanar dağ”ın füsnuna tamaşa etməkdən doymaq olarmı?

Dənizkənarı Milli Park, Fəvvarələr meydanı, son illərin möhtəşəm tikililərinin hər biri, çimərliklər, parklar, xiyabanlar bu şəhərin yay əyləncəsinin ən gözəl ünvanlarıdır. O ünvanlar ki, aylarla unudulmayacaq təəssürat bəxş edir insanlara. Odur ki, gəlin, əziz qonaqlar, bu yay günlərini Bakının gözəlliklərindən zövq almaqla, bu şəhəri doya-doya gəzməklə mənalı edin.

Naxçıvan yay istirahətinin ən gözəl ünvanıdır

Naxçıvana-Şahbuza gedin, dağlarının başında qışı, sinəsində yazı, çəmənlərində yayı yaşayan Batabata qalxın. “Üzən ada” möcüzəsi, Zorbulağın həzin nəğməsidir, yay. Bu əsrarəngiz havanı doyunca sinənizə çəkin. Güllərdən çələng hörün, saçlarınıza taxın. Çünki bir çələngdir, yay. Sərin küləkləri ilə güllərin, çiçəklərin rayihəsini ciyərlərimizə dolduran sizə xoş anlar yaşadan andır, yay.

Dəniz səviyyəsindən 2000 metrdən yüksəkdə yerləşən Ağbulağa gedin. Bu yüksəklikdən ətrafdakı cənnətməkanın seyri, Ağbulaq İstirahət Mərkəzində istirahətin ən gözəl dövrüdür, yay. Ordubada üz tutun, xəfif küləyi ilə Pəzməri şəlaləsinin suyunu üzünüzə çiləyən şeh, dörd mövsümlü Göygöldür, yay. Bu doyumsuz gözəlliklərin fonunda gözlərinizin bəzəyi, ruhunuzun qidası, könlünüzün həmdəmidir, yay. Xan Arazın nəğməsini dinləyin. Yay bəzən sevdalanmış Arazın pıçıltısı, bəzənsə kükrəyib coşmasıdır.

Bəs Əlincə, Haçadağ? Bu dağların harmoniyası da yay sevdalısıdır. Çünki yay bu şiş, girintili-çıxıntılı dağların üzəri ilə sizləri tarixin qüruru Əlincəyə, təbiət ərmağanı Haçadağa rahatlıqla çatdıra və buradan gözəl mənzərələri qarşınızda aça bilir. Göz uzandıqca seyr edəcəyiniz, bir-birini əvəz edən gözəlliklər… Turistləri bu diyara səsləyən, əsrarəngiz təbiət lövhələri, təbii məhsulları, zəngin mətbəxi ilə onları valeh edib, hər il istirahət üçün bu gözəl ünvanı – Naxçıvanı seçmələridir, yay.

Günəşdən güc alıb dənizlərə, göllərə verdiyi hərarət ilə çimərlik dövrüdür, yay. Uzunoba çimərliyi ilə insanlara sərin və mənalı istirahət yaşadan, hərarəti sularında qərq edəndir, yay. İstirahət, əyləncə mərkəzləri kimi ünvanlarda isti, elə isti olduğuna görə də yorucu günlərinin yorğunluğunu unutdurmağı da bacarandır, yay…

Naxçıvan xan Sarayı, Gəmiqaya rəsmləri, Möminə xatun Türbəsi, Yusif ibn Küseyir Türbəsi tarixin ayrı-ayrı məqamlarından söhbət açıb bir yay təəssüratının mövzusuna çevriləcək, sizə istirahətlə birlikdə tarixin dönəmlərindən bilgi verəcəkdir.

Gəlin, Şəkiyə gedək!

Şəkiyə üz tutun. Bakıdan 305 km məsafədə yeləşən Şəki şəhəri təbiəti, tarixi memarlıq abidələri, eləcə də ləziz mətbəxi ilə qonaqlarda unudulmaz təəssüratlar yaradacaq. XVIII əsrin Şəki xan Sarayı, Şəki Karvansarayı tarixin bizə bəxş etdiyi, bizimsə yaşadıb nəsillərdən-nəsillərə ərmağan etdiyimiz memarlıq ansambllarıdır. Onları öyrənmək, kəşf etmək Şəkinin gözəllikləri fonunda gözəl, həm də unudulmaz bir yay yaşamaq deməkdir. Hələ Şəkinin Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından birinin sol sahilində, Qaratəpə dağının üzərində sıldırım yamaclara söykənən “Gələrsən-görərsən” qalasını demirəm. Demirəm ki, bu yay özünüz bu ünvana üz tutun, bu möcüzə ilə yerindəcə tanış olun...

Xınalığa, Lahıça, Gəncəyə, Qəbələyə, Qusara, Naftalana üz tutaq...

Xınalıq kəndinə üz tutun. Quba şəhərindən 57 km cənub-qərbdə, paytaxtdan 225 km aralıda yerləşən, etnoqrafik bənzərsizliyi ilə seçilən bu kənd Qafqaz dağlarının uca zirvəsində amfiteatrı xatırladır. Bu gözəllikləri görmək hər kəsin haqqı və arzusudur. Cənnət Azərbaycanı qarış-qarış gəzib öyrənmək hər bir azərbaycanlının istəyidir. Belə isə Xınalığı görmək bir kitabı oxuyub başa çıxmaq kimi təsir bağışlayacaq bu yay günlərində sizə.

İsmayıllı rayonunun Lahıc qəsəbəsi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 metr hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur. İki dağın əhatəsində olması Lahıca təbii qala şəraiti bəxş edir. Lahıça gedin, bu gözəllər gözəlini görün, gözünüzə işıq, könlünüzə sevinc dolsun.

Gəncə, Qəbələ, Qusar, Naftalan bu yay qonaqlarını qarşılamağa hazırdır. Bütün gözəllikləri, füsunkarlıqları, heyrətamizliyi, istirahətin sonsuz məmnuniyyəti ilə qapılarını hər kəsin üzünə açıb. Buyurun gəlin, qəlbinizi unudulmaz yay təəssüratları ilə doldurun. İl boyu bu təəssüratlarla baxın həyata. Bu baxışlarla nələrə qadir olmazsınız?..

Bu yayı Şuşada keçirək...

Şuşaya turlar təşkil olunur. Bu turlarla gəlin, Şuşaya gedək. 30 il həsrət qaldığımız xarıbülbülün ətrini çiyərlərimizə çəkək. Şuşanı görək, azad hüsnünü hafizələrimizə köçürək. Erməni yağılarının bu dağlar gözəlinin hüsnünə qəddar əlləri ilə vurduğu yaraları göz yaddaşımıza köçürək. Övladlarımızı aparaq Şuşaya, görsünlər bütün bunları. Tariximizi yaşadaq.

Ümumilikdə Qarabağa yay səfərlərimizə yaxın gələcəkdə başlayacağıq. Dövlətimiz bütün bunlar üçün Qarabağı abadlaşdırır, minalardan təziləyir. Biz gələn illərdə yay günlərimizi Qarabağda keçirəcəyik. Bu o qədər unudulmaz bir yay olacaq ki?..

Azərbaycanın haqqında bu kiçik yazıda bəhs etmədiyimiz digər bölgələri var ki, hər biri nəinki yayın, görd fəslin gözəli, istirahət ünvanlarıdır. Bütün bunları oxucularımız da gözəl bilir. Bəlkə də hələ o ünvanları bu yay tətili üçün seçiblər də. Bəli, seçimlər də, arzular, istəklər də fərqlidir. Ta ki bu yayın isti günlərində istirahətlərimiz ürəyimizcə olsun.

Hə, isti demişkən, istisindən şikayətlənib, hər an bitməsini arzulayan bizlərin heç özümüzün də fərqində olmadığımız qədər sağlamlığımızdır, yay. Qızmar şüaları ilə ətrafdakı virusları məhv edən, immunitetimizi artıran, orqanizmimizi möhkəmləndirən, bizi qarşıdan gələn payızın, qışın sazağına-soyuğuna tablaşmağa hazırlayan “həkimdir”, yay. İstidir, bəli, amma mənalıdır, özünəməxsusdur.

Yay xatirələr toplusudur

Budur, ömrümüzə bir yay öz qədəmlərini qoydu... Xatirələrə rəssamı özü olan gözəl bir təbiət mənzərəsi həkk edən yay. Bu mənzərədə yaşılın bütün tonları bir-birini əvəz etdikcə, digər rənglərin harmoniyası yaşılın gözəlliyini, cazibədarlığını bir qədər də üzə çıxarır. Təkrarsız bir təbiət lövhəsidir bu mənzərə. Yayın var olduğunu, yaşandığını və nəhayət, ömrümüzdə bir ilin bir fəslini də səciyyələndirən lövhə. Bu mənzərə həm də xatirələr toplusudur. Hər kəsin bir yay təəssüratı olan toplu. Vərəqləndikcə ömrün bu yayının nə anları olacaq bu topluda…

Mətanət Məmmədova

Digər xəbərlər