Sosial

  • 1 201

Mərəz

image

Allah göstərməsin, mərəzi. Kənar olsun bizlərdən. İnsanda nə can qoyur qala, nə də pul. Hələ gəl ki, elə dərd tapasan ki, dərdinə dərman tapılmaya, Allah bunu hər kəsdən uzaq etsin, Amin!

Mərəz deyəndə ki, dərd bir olar, iki olar, hansından danışasan ey. Durduğun yerdəcə gəlib səni tapır. Sən demirsən ki, gəl, o gəlib səni tapır, deyir gəl, canını da alacam, pulunu da. Əşi, gəl mərəzi qoyaq bir kənara ey, qəm qəm gətirər, dəm dəm gətirər. Niyə mərəzdən danışırıq axı?

Bu gün dəbdən danışmaq istəyirdim, mərəz gəldi haradan düşdü ortaya, bilmirəm. Keçək söhbətə. Bütün dövrlərdə dəblə ayaqlaşmaq çox yaxşıdır. Niyə? Ona görə ki, insanlar bunu lazım bilirlər. Dəblə ayaqlaşmaq insanın müasirliyinin, dünyagörüşünün inkişafını nümayiş etdirir. Dəblə ayaqlaşmağa bütün yaş qruplarından olan insanlar can atırlar. Lakin bütün dövrlərdə buna daha çox gənclər cəhd edir. Niyə də etməsinlər ki?.. Dəblə geyinməyin, saçları dəbə uyğunlaşdırmağın nəyi pisdir ki?..

Məsələn, xatırlayanlar varsa, lap əvvəllər qadınlar da, kişilər də milli geyim geyinirdi. İndi muzeylərdə, filmlərdə görə bilirik həmin geyimləri. Hələ bir məəttəl qalanlar da var ki, İlahi, doğrudan insanlar bu cür geyinirmişlər. Niyə bu qədər məəttəl qalırlar, deyə bilmərəm, amma qalırlar. Bəziləri isə hələ də düşünür ki, yox əşi, elə geyim olmayıb, filmlərə çəkilmək üçün o cür geyinib aktyorlar. Nə deyim, vallah. Hər kəsin öz fikri var. Yəqin bu cür düşünənlər nənə-babalarında da o geyimləri görməyib. Bu da mümkündür. Çünki müasir dövrün insanlarıdır...

Sonra vaxt ötdü, zaman dəyişdi. Geyimlər də dəyişdi. Bunu əsasən qadınların geyimlərində daha çox gördük. İnsanlar dayanmadan-durmadan dəblə ayaqlaşmağa başladı. Ötən əsrlərin düz ayağın ucunadək ətəkləri qısa ətəklərlə əvəzləşdi. Bir az sonra o qısa ətəklərin də sayı azaldı, qadınlar kişi paltarı, yəni şalvar geyinməyə başladılar. Bu, haradasa çoxlarımız tərəfindən yaxşı qəbul olundu. Çünki ən azından qız-gəlinlərimzin ayaqları örtüldü. Dedik əşi, o qısa ətəklərdənsə, cəhənnəm, bu şalvarlar yaxşıdır. Hə, onu da deyim ki, qadınlar ki, kişi geyimlərinə keçdilər, bəs kişilər nə etdilər? Nə edəcəklər, qadınlardan seçilmək üçün şalvarlarını daraltdılar, köynəklərini əyinlərinə yapışan dərəcəyə çatdırdılar. İndi desəm, inanmayacaqsınız, qonşuda yeniyetmə oğlan vardı, şalvarını əynindən çıxaranda anasını köməyə çağırırdı. Oğlan uzanırdı yerə, ana da şalvarın ayağından dartıb bir zülmlə çıxarırdı. Sonra bunun asan yolunu tapdılar. Oğlan hər iki ayağına sellofan torba geyinirdi ki, şalvarı çıxaranda sürüşüb asanlıqla çıxsın. Nəyi pisdir ki, bunun? Dəblə geyin, çıx, kim bilir ki, evdə hansı zülmü çəkirsən. Ta ki, küçədə dəbli görün.

Hə, harada qaldıq? Kişilərin köynəklərində. Köynəklərinin bədənini, qollarını o qədər daraltdılar ki, bu darlıq kilo almalarına mane oldu. Dar paltar kilo almağa qoymur axı. İndi hara baxırsan cansız-çəlimsiz yeniyetmə, gənc görürsən. Nəyi pisdir ki, bunun? Gərək gedib hələ bir vaxt sərf ebib idamanla da məşğul olasan ki, bədənin formada qala? Geyindikləri paltar onları istədikləri formada saxlayır da.

Saçlar da ki, bütün bu dəbli geyimləri gözəl şəkildə tamamlayır. İndi arxadan baxanda bilmirsən qarşında gedən qızdı, yoxsa oğlan. Dəb elə gətirib ki, qızlı-oğlanlı hamı saçını uzun saxlayır, bəzən boyayıb çəhrayı, bənövşəyi rəng edənlər də, saçlarının aralarına istənilən rəng tonları verənlər də var. Qara saçlar ta keçmişdə qalıb. Elə qara saç saxlayanlar da keçmişin qalıqları hesab olunur. Nəyi pisdir ki, dəb budur da.

Kişilərin dəbinə başımız qarışdı, qadınlar yaddan çıxdı. Bir qədər də onlardan danışaq. Çünki dəbə qadınlar kişilərdən daha çox fikir verir. Hə, oğlanlar şalvarlarını daraldandan sonra qızlar nə etdi, onlar şalvarlarını daha da daraltdılar. Həm də yeni şalvar dəbindən istifadə etməyə başladılar-kəsikli şalvarlar. Buddan dizə, dizdən topuğa qədər ara-ara böyük kəsikli şalvarların altından bədənin görünməsi günün əsas dəbidir. Yay-qış insanın bədəni hava alır bu kəsiklərdən. Nəyi pisdir ki, bunun? Az qalırdı ki, yadımdan çıxsın, necə ki, qadınlar kişilərin dar şalvarlarının daha darını geyinməyə başladılar, kişilər də qadınların kəsikli şalvarları kimisini geyindilər. Niyə də geyinməsinlər ki?.. Dəb nə baxır kişiyə, qadına?

Hələ qadın köynəklərini demirəm. Dəb elə gətirib ki, artıq burada istehsalçı da qazanır, alıcı da. Niyə? Mən deyim, siz də mənim dediklərimi təsdiqləyərsiniz elə bilirəm ki. Məsələn, qadın köynəkləri indi çox qısa şəkildə istehsal olunur. Geyinirsən, şalvarla, ətəklə köynəklərin arasında ən azından bir qarış məsafə qalır. Fikir verin ki, bu köynəklərdə nə qədər parçaya qənaət olunur. İndiyədək şalvarın içərisinə saldığımız köynəklərin birindən indi iki köynək istehsal olunur. İstehsalçı belə qazanır. Bu köynəklərə də təlabat var. Yerindən qalxan valideyninə ondan aldırır. Niyə də təlabat olmasın ki?..

Belə köynəklərlə həm də alıcı qazanır, nə üçün? Biri var bunun ikisi qədər paltarı üzərində gəzdirəsən, yuyasan, ütüləyəsən, biri də var ki, əl boyda köynəyi. Bütün bunlar bir kənara, qazancın əsası isə ondadır ki, bunu alanlar və geyinənlər dəbləri ilə seçilirlər. Hələ bu göynəklərin üstünə uzun rəngli saçları tökəndə daha füsünkar görünür.

Nə isə, deyəsən uzun danışdım. Yekunlaşdırım. İndi oxuyub deyəcəksiniz, heç dəxli var, mərəzlə başlayıb, dəblə qurtarırsınız söhbəti. Aydın deyil, niyə? Deyilsə, yenə də bir səthi mərəz məsələsinə qayıdıram. Və yenə də deyirəm, dərd bir deyil, Allah bütün mərəzlərindən saxlasın bu camaatı, yazıqdır. Siz də bu söhbəti oxuyub, Amin, deyin ki, Allah tutulduğumuz bütün mərəzlərin şəfasını versin, yenilərini bizdən kənar etsin...

Mətanət Məmmədova

Digər xəbərlər