Sosial

  • 2 389

1 yaş fərqlə məktəbə qəbul - PROBLEM

image

Məktəbəqədər təlim-tərbiyə uşaqların gələcəyi üçün ən məqsədəuyğun başlanğıcdır. Pedaqoqlar bildirir ki, övladlarımızın bu dövrdə necə təhsil alması, hansı təlimləri görməsi, hansı tərbiyədən keçməsi olduqca lazımlıdır. Ölkəmizdə məktəbəqədər təhsil həm bağçalarda, həm də 5 yaşlıların məktəbəqədər qruplarında – məktəblərdə verilir.

Məktəbəqədər tədris ocaqlarında müxtəlif təhsil proqramları var. Bunlar uşaqların yaşına və əqli inkişafına görə təyin edilir. 5 yaşlıların məktəblərdə yaradılmış məktəbəqədər qruplara cəlb edilməsini doğru hesab etməyən pedaqoqlar bunun uşaqları normadan artıq yüklənməsi kimi qiymətləndirirlər. Məktəbəqədər proqram hər uşağa görə fərdilik xüsusiyyətinə də malik olmalıdır. Zehni və əqli cəhətdən inkişaf etmiş bir uşaqla nisbətən sakit və gec qavrayan uşağın dərs proqramı eyni olmamalıdır. Bunu bilən bağça pedaqoqu belə uşaqla fərdi məşğul olur, 5 yaşlıların məktəbəqədər qruplarında isə bu balans gözlənilmir.

Bir neçə gündür ki, 5 yaşlıların məktəbəqədər hazırlıq qruplarına qeydiyyatı başlayıb. Sistem 5 yaşlıların məktəbəhazırlıq qruplarına yalnız 2019 təvəllüdlü uşaqları qəbul edir. Baxmayaraq ki, yanvar ayında doğulan uşaqla dekabr ayında doğulan uşağın arasında 1 yaş fərq var, hər ikisi də 2019 olduğu üçün 5 yaşlıların qrupuna daxil edilir. Əgər valideyn bu tədris ilində dekabr, 2019 doğumlu uşağını məktəbəqədər qrupa yazdırılmasa gələn il sistem təvəllüdünə görə qəbul etməyəcək. Amma bu il yazdırılsa uşaq özündən böyüklərlə oxumalı olacaq. Bəs nə etməli?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən əldə etdiyimiz məlumata görə, hər tədris ili üçün qəbul şərtləri həmin ildə doğulan uşaqlara şamil edilir. Əgər uşaq 2019-cu ilin noyabr və ya dekabr ayı doğumludursa və valideyn onu növbəti il üçün məktəbəqədər qruplara yazdırmaq niyyətindədirsə, online sistem növbəti il 5 yaşlıların məktəbəhazırlıq qrupuna daxil edilməyəcək. Çünki 2025-2026-cı tədris ilində məktəbəqədər hazırlıq qruplarına təvəllüdü 2020-ci il olan uşaqların qəbulu mümkün olacaq. Beləcə, əgər valideyn 5 yaşı tamam olmamış övladını məktəbəqədər qruplara yazdırmaq istəmirsə növbəti il də bu mümkün olmayacaq. Yəni, dövlətin hər bir vətəndaşına verdiyi təhsil hüququndan bu uşaqlar yararlana bilməyəcək, valideyn də övladını birinci sinfə hazırlıq üçün ödənişli kursa göndərməli olacaq.

Təhsil eksperti Ramin Nurəliyev deyir ki, istər 5 yaşlıların məktəbəqədər hazırlıq qrupuna qəbulu olsun, istər ümumtəhsil məktəblərinin birinci sinfinə qəbul prosesi olsun, qəbul qaydası tədris ilindən tədris ilinə hesablanma üzərində qurulub: “Misal üçün, tədris ili sentyabrda başlayırsa, sentyabr ayınadək 5 yaşı olan uşaqlar məktəbəqədər hazırlıq qruplarına cəlb olunmalıdır. Bir neçə gün o yan-bu yan ola bilər. Amma artıq noyabr və dekabr aylarında 5 yaşı tamam olan uşaqların bu qruplara cəlb olunmasını doğru hesab etmirəm. Amma ümumtəhsil müəssisələrinin hamısında qayda belədir”.

Qəbul olunan uşaqların arasında 1 yaş fərq olması məsələsinə münasibət bildirən ekspert deyir: “Qeyd etdiyiniz məsələ haqlı iraddır, 2019-cu ilin yanvar ayında doğulan uşaqla dekabr ayında doğulan uşaq arasında yaş fərqi var, o uşaq özündən 1 yaş böyüklərlə oxumaq məcburiyyətində qalır. Ona görə dekabr doğumlu uşaqlar növbəti tədris ili üçün qeydiyyatdan keçməlidir. Əgər sistem bunu qəbul etmirsə demək ki, xəta var və düzəliş edilməlidir. Qəbulda xüsusi qeydlər var, əgər uşağın yaşı çatmırsa, xüsusi istedada malikdirsə, bilik səviyyəsi yüksəkdirsə onlar xüsusi imtahan verib 1-ci sinfə qəbul olunurlar. Müzakirə etdiyimi8z məsələ də o qeydlərə əlavə olunmalıdır. Tədris ilinin başlamasınadək 5 yaşlıların qrupunda təhsil üçün yaşı tamam olmayanlar üçün növbəti il qəbul imkanları yaradılmalıdır. Baxmayaraq hər ikisi 2019-cu təvəllüddür, amma onların arasında 1 yaş fərq var. Dekabr doğumlu uşaq yanvar doğumlu uşaqlarla uyğunlaşa bilməz, tədris planına da uyğunlaşmaz, yaşı kifayət etmir”.

Ekspertin təklifinə görə, ən optimal həll yolu tədris ilinin başlanması tarixinədək hesablanma üsulu ola bilər: “Mənim fikrimə görə, 2019-cu ilin dekabrda doğulan uşaqlar 2020-ci ilin ilk 5 ayında doğulan uşaqlarla birlikdə təhsil almalıdır, əgər qəbul üçün yaradılmış online sistem bunu qəbul etmirsə bu doğru deyil. Əvvəl də qayda bu cür olub, ay fərqinə görə növbəti il təvəllüdlü uşaqlarla eyni sinfə gedirdi uşaqlar. Yenə o cür etmək olar. Məktəbəqədər qruplar məcburi deyil, uşaq getməyə də bilər. Birbaşa 1-ci sinfə qəbul oluna bilər problemsiz. Amma mənim düşüncəmə görə məktəbəqədər qruplara qəbul prosesi tədris ilinin başlanması tarixinədək 5 yaşı bitən uşaqlara şamil edilməlidir”.

Lalə Mehralı

Digər xəbərlər