Biz II Qarabağ müharibəsindən sonra heç vaxt görmədiyimiz vəziyyətlərə şahid olduq. Nakam köçən şəhidlərə toy mərasimi təşkil edildi, bəylik stolu quruldu. O məclisə şəhidin kartondan düzəldilmiş maketi vağzalı sədaları ilə gətirildi, maketin qarşısında qol götürüb ağlaya-ağlaya oynadılar. Dünən yenə bir video gördüm “facebook”da, şəhid maketinə toy edirdi valideynləri. Təsəvvür edirsiniz? Bu üstü örtüləcək, etina edilməyəcək davranış deyil, bu, ölkə yüklü, ictimai yüklü problemdir. Şəhidin şəkli həkk edilmiş tortu kəsib karton maketinə toy etmək ağıllı adamın işi deyil, normal əməl deyil.
Dərd insana çox səhv etdirər, çox doğrunu yanıldar. Analar-atalar dərddən məntiqli fikirləşə bilmir, düzgün qərar verə bilmir, bəs o nəslin ağsaqqal-ağbirçəkləri niyə icazə verir buna? Anlaşılandır, şəhid ataları-anaları övladlarının unudulmağından çəkinirlər, balaları xalq yolunda əbədiyyətə qovuşub, xatirəsinin əbədi olmağını istəyirlər haqlı olaraq. Amma şəhidi əbədiləşdirməyin yolu ona toy etmək olmamalıdır.
Ötən il şəhid bacısının öz toyunda qardaşının maketi ilə oynadığı video bütün sosial şəbəkələrdə istifadəçilər tərəfindən paylaşıldı, əksəriyyət bunun doğru olmadığını dedi. Təsəvvür edin, gənc qız öz toyunda şəhid qardaşının başqa biri tərəfindən oynadılan maketinin önündə qol qaldırıb oynayır. Bundan ağır yük varmı? Bu fikir kimdən çıxmışdı, ideya müəllifi kim idi, gəlinə şəhid maketi ilə rəqs eləməsini kim təklif etmişdi, bilmirəm. Amma o gənci bu cür şouya çevirmək, şəhid kimi müqəddəs bir adın sahibini bir karton qədər ucuzlaşdırmaq normal deyil. Bunun yerinə şəhidin foto və videolarından, qəhrəmanlıq tarixindən bəhs edən qısa metrajlı bir film-video çarx hazırlaya, toyda nümayiş etdirə, onu xatırlaya bilərdilər. Amma bunun yerinə ucuz şou nümunəsi göstərirlər.
Toy millətimizin ali dəyərlərindən biridir. İki gəncin öz həyatlarını birləşdirməsi mərasimi şadlıq-şadyanalıq deməkdir. Bu mərasimdə şəhid maketi qoyub qarşısında oynamaq o ada, o şəhidə ən yumşaq dillə desək hörmətsizlikdir. Bu gün yüzlərlə bəy-gəlinimiz öz toy mərasiminə getməzdən əvvəl şəhid məzarını ziyarət edir, xeyir-dua alır, sonra məclisə gedirlər. Bu, şəhidə hörmətin, onların nakam ölümünə borclu olduğumuz azad həyat üçün minnətdarlığımızın göstəricisidir. Şəhidə edilən toyda o maketin qarşısında oynayanlar, qol götürüb süzənlər, o məclisdə yeyib-içənlər, sizin heç ali dəyəriniz yoxdur?
Sosial şəbəkələrdə bir video da yayılmışdı, şəhidin ad günü idi, şəhid anasına balasının məzarının üstündə üzərində şəhidin əksi olan tort kəsdirirdilər. Ananın əlləri əsirdi, tortun üstündən gülümsəyən balasına bıçaq vurmağa əli gəlmirdi. Ağlaya-ağlaya tortun lap kənarını, şəhidin fotosu olmayan yerini kəsdi azacıq. Bütün dəyərləri qətl edənlər, bütün müqəddəs hissləri təhqir edənlər, ali bildiyimiz hər şeyi adiləşdirənlər, bütün gücü ilə mənəviyyatımızı tənəzzül etdirənlər o tortu utanmadan, sıxılmadan, ölüb yerə girmədən yedilər. Şəhid adını, anasını əməllərinə alət edənlər də bizdəndir, bizim içimizdəndir. Balasının şəklini kəsməyə əli gəlməyib kənarını kəsən şəhid anaları, alət olmayın bu şoulara, ucuzlaşdırmayın o qəhrəmanları.
Həmişə belə videolar görəndə Əlini xatırlayıram. Əli Tağıyev 44 günlük müharibənin qəhrəmanlarından biridir. Səbail rayonunda, hər gün minlərlə uşağın yeridiyi məktəb yolunun üstündədir doğulduğu, böyüdüyü ev. Həm Aprel döyüşlərinin, həm də 44 günlük müharibənin iştirakçısı olub. Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Əli Füzuli döyüşləri zamanı şəhid olub. Ailəsi Əlini heç vaxt unudulmayacaq bir formada əbədiləşdirib. Yaşadığı evin divarına Əlinin boydan boya böyük bir fotosu və haqqında məlumat əks etdirilmiş bir barelyef həkk etdirdilər. İllərdir hər gün minlərlə şagird-valideyn keçir o evin önündən, Əlinin fotosunu görən hər kəs ona dua edir, rəhmət oxuyur.
Adı vətənlə ömürlük bağlanan bu igidin qoca nənəsi Zəfər Günündə, Anım günlərində, şəhidin doğum və müqəddəsləşdiyi günlərdə qapının önündən keçən məktəblilərə qəhrəman Əlinin kiçik şəkli əks olunmuş yaxa kartı paylayır. Bir görsəydiniz, həmin günlərdə bütün gün boyu məktəblilərin sinəsində necə gülümsəyir Əli. Uşaqlardan kimə yaxa kartı verilməyibsə şəhidin ailəsinin qapısını döyüb nənəni çağırıb kart istəyir.
Lalə Mehralı