PDF Oxu

Sosial

  • 2 010

Əhsən, Hidayət!

image

Özünü hər zaman demokratiyanın beşiyi adlandıran, bütün dünyaya demokratiya “dərsi” keçən, lakin hər zaman da bəzi ölkələrdəki ictimai-siyasi hadisələrə yersiz müdaxiləsi ilə demokratiyanın beşiyində deyil, eşiyində olduğunu nümayiş etdirən Fransanın son vaxtlar Azərbaycana qarşı əsassız və aqressiv münasibəti fonunda Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Hidayət Heydərovun iştirakçı ölkələrlə yanaşı, fransızlara da Azərbaycan himnini dinlətməsi, zirvəyə qaldırılan Azərbaycan bayrağını seyr etdirməsi lap yerinə düşdü. Hidayət Heydərov sanki gözlər önünə 44 günlük İkinci Vətən müharibəsinin əsgər və zabitlərini, şəhid və qazilərini gətirdi. Daim Ermənistanın arxasında olan, haqsız iddialarını haqlı sayan, ona yersiz şəkildə dəstək olan Fransa Hidayətin bu çempionluğu ilə yerlə yeksan oldu.

Müharibədən söz düşmüşkən, neçə ki, 2020-ci iləqədərki dövrdə Azərbaycan gəncliyi vətənpərvərlik, Vətənə məhəbbət ruhunda tərbiyə edildi, bu tərbiyənin nəticəsi Böyük Zəfərimizlə nəticələndi, artıq 20 ildir, Azərbaycan gəncliyi ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından da faydalanır. Prezident İlham Əliyev uzun illərdir ki, ölkədə idmanın hərtərəfli inkişafı, gənc nəslin sağlam böyüməsi, onların idmanın bütün növləri ilə məşğul olmasında maraqlı olub və bütün bunlara lazımı köməklik göstərib. İdman Federasiyalarının rəhbərləri ilə görüşlər, onlara verilən tapşırıqlar, yaradılan şərait isə öz nəticəsini verib. Azərbaycan artıq bütün dünyada idmanın müxtəlif sahələrində birincilik əldə edib, idmançılarımız ölkəmizə çoxsaylı medal gətiriblər.

Dövlətimizin başçısının Azərbaycanda olimpiya hərəkatına qayğısının budəfəki olimpiya oyunları zamanı da şahid olduq və bununla qürur duyduq. Prezident cənab İlham Əliyev və Birinci xanımı Mehriban Əliyeva tərəfindən çempionumuzun telefon vasitəsilə təbrik olunması və Mehriban Əliyevanın rəsmi instaqram hesabında Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı “Əhsən! Əhsən! Əhsən, Hidayət! Təbrik edirəm! Yaşasın Azərbaycan!”paylaşımı etməsi Azərbaycanın bayrağımı Fransada qaldıran azərbaycanlı övladına, idmançısına böyük dəstəyin, eyni zamanda qayğının, həm də qürurun təzahürüdür.

Beynəlxalq karyerası ərzində 38 finalın 36-da tatamini qalib tərk edən Hidayət Heydərov bu dəfə finalda fransalı Con Benjamin Qabanı ipponla üstələməklə olimpiadanın qızıl medalını da qazandı. Maraqlı və qürurverici hal isə bu qələbənin məhz Fransada fransalıya qarşı olmasıdır.

Və bir də qürurverici Hidayət Heydərovun söylədiyi fikirlər idi: “Medal kolleksiyamı tamamladım. 4 il idi ki, bu yarışa hazırlaşırdım. Bundan sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadaya hazırlaşacağam. Səhifələrdə mənimlə bağlı yazılan rəyləri oxuyuram. Məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz qalib xalqın övladlarıyıq. Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək”.

Və dinlədi də. Uğurun, qələbən mübarək! Himnimizi səsləndirdiyin, bayrağımızı zirvədə dalğalandırdığın üçün çox sağ ol, Hidayət. Mehriban xanımın dediyi kimi, əhsən, Hidayət!

Mətanət Məmmədova

Digər xəbərlər