Göz açıram dünyaya mən: bura hara? Azərbaycan. Layla çalır başım üstə müqəddəs bir varlıq olan anam mənim, layla çalır ana dilim. Yuxularım yoğurulur bu şirin dildən. Bədənimə dolur bənzərsiz bir sevgi, istək ana dildə: “ Lay-lay dedim yatasan sən, şirin yuxu tapasan sən…”
Günlər keçir… Ana dili hopmuş sözlər mənə duyğu, qanad verir. Böyüyürəm, ana dilim yavaş-yavaş öz dilimdə səslənir, bax: “A” deyirəm, sonra da ki, “N” deyirəm. Anam bir gün sevincindən şaşıb qalır: balam “ana” söyləyir ki! Sonra isə yavaş-yavaş danışıram, “Azərbaycan” deyirəm, ana dilim Azərbaycan dilində.
Aylar keçir… Ana dildən ilham alıb, qol-qanad açıram mən, böyüyürəm, oynayıram, uşaqları çağırıram ana dildə. Söhbətləşib, gəzişirik şirin dildə. Bir-birimizi başa düşür, hiss edirik ana dildə.
İllər keçir… Boya-başa çatmışam mən. Altı yaşlı bir fidana varmışam mən. Budur, bir Azərbaycan məktəblisi olmuşam mən. Yollanıram sevinclə mən, təlaşla mən, ana dildə daha nələr öyrənməyə…
Günlər keçir… Evdə anam, məktəbdə müəllimim əlimdən tutur mənim. Bax, bu nədir, bu gün mənə verdi müəllim? “Əlifba”dır. İlk hərfi öyrənirik. O, “A”-dır, ana dilim Azərbaycan, doğma Vətən Azərbaycan bu hərflə başlayır ki! Günlər keçir, aylar ötür… Ana dildə “A”-dan “Z”-yə “Əlifba”nın hərflərini öyrənirəm. Ana dildə nağıllar, hekayələr, rəvayətlər oxuyuram. Çoxlu şeir, nəğmələr də öyrənirəm. Azərbaycan-odlar yurdum, göz bəbəyim, ürək param söyləyirəm. Ana dildə “Əlifba”dan gör bir nələr öyrənirəm?
İllər ötür, ana dilim-doğma dilim, şirin dilim, bağlanıram bir qırılmaz tel ilə mən, sənə dilim. Çünki hər kəslə bu dildə dil tapıram. Ana, ata məhəbbətin mən bu dillə qazanıram. Dost tapıram ana dildə, ürək açıb, sirr verirəm ana dildə. Oxuyuram, sual verib, cavab alıb, elmləri əxz edirəm ana dildə, böyüyürəm şirin dildə.
Azərbaycan- ana dilim, indi varlığıma hakimsən. Sənlə yoğrulan bədənin sənlə ötən illərisən. Bu illərdə ana dilim-şirin dilim, gör, mənə nələr öyrətmisən?…Dərk edərək həyatı mən yetkinləşdiyim andan səndən qeyri özüm üçün heç bir həmdəm tanımıram. Anam mənim Azərbaycan, doğma Vətən Azərbaycan, şirin dilim Azərbaycan. Sənlə qürur duyuram mən. Sənə bağlı olduğumçün səndən ayrı yaşamağı heç bir zaman sanmıram mən. Buna görə ana dilim, doğransam da dilim-dilim, başqa dilə çönən deyil. Şirin laylanla oxşayıb böyütdün axı bizləri sən. Bundan sonra haqqım nədir səndən qeyri bir dilə mən çönüb baxam. Yəni səndən şirin, səndən doğma bir dil varmı bu dünyada?…
Mətanət Məmmədova