Sosial

  • 1 573

Marketlərə minnətdarlıq -FELYETON

image

Bu market işi heç də asan iş deyil, bunu hamı bacarmaz. Hər adam durub market işi qura, market işlədə bilməz. Buna baş lazımdır. Ağıl, dərrakə lazımdır. Bir sözlə, fərasət lazımdır. Məsələn, bizim marketlərdə işini quranlar kimi. Bir neçə il öncəyə kimi marketlər yalnız ərzaq və qeyri-ərzaq məhsulları satırdı. Market sahibləri oturub düşünüb-daşındılar, yeni bir ideyaya gəldilər. Dedilər ki, bir halda bu qədər adam marketə girib-çıxır, qoy elə edək, onları özümüzdən daha da asılı edək. Beləliklə, meyvə-tərəvəzi də gətirdilər marketə. Bax, baş, budur.

Bizim xarakter və düşüncəmizə, ərincəklik və qoçaqlıq dərəcəmizə, ağlımıza, huşumuza çox yaxşı bələd olanlar düşündülər ki, gəlib bizdən çörək, toyuq, su, vermişel, peçenye alanlar deyəcək, əşi, bir də durub bazara gedim, qoy elə buradan kartof-soğan, pomidor-xiyar, lobya-badımcan, alma-şaftalı da alım. Baxanda ki, qiymətlər bazar qiymətindən fərqlidir, məsələn, pomidor hazırda bazarda 1.30 - 1.80 qəpik, marketlərdə isə 2.50 - 4 manat, alma bazarda 50 qəpik, marketlərdə 1.50-3 manat, lobya bazarda 2-2.50, marketlərdə 4-5 manatdırsa, deyirik ki, ta bura qədər gəlmişik də, cəhənnəm, alaq.

Bunu görən market sahibləri isə özləri üçün gözəl bir biznes sahəsi də qurmuş oldular. Gedib bazardan ucuz alıb, gətirib marketlərdə yuxarı qiymətə satmağa başladılar. Müftə verməyəcəkdilər ki... Biz də almağa başladıq. Hələ yeri gələndə də ömürlərinə duaçı olduq ki, bunlar bizi əziyyətdən qəribə qurtarıblar. Həqiqətən belədir də.

Marketlər baxdılar ki, iş elə bu meyvə-tərəvəzdəymiş... Gördülər, biz pula pul demirik, qiymətləri də gündən-günə qaldırdılar. Əcəb də etdilər. Çünki həm bizi bazara getməkdən xilas edəcək, həm də durub bizə hələ aşağı qiymətə məhsul satacaqdılar?

Budur, işdən gəlirsən, yorğun-arğın, girirsən marketə ki, bir çörək alıb aparıb yeyəsən, yadına düşür ki, bəs pomidor da yoxdur axı evdə, uşağın meyvəsi də qurtarmışdı, kartof da 2-3-ü qalıb, başlayırsan alış-verişə. Baxırsan ki, bu pomidor yaxşı deyil ey, əzik-üzükdür. Bu qiymətə bazardan həm keyfiyyətlisini, həm də artıq ala bilərsən. Lakin elə bu anda, “cəhənnəm olsun, bir də kimdir ey bazara gedən”,- deyib, elə həmin xarab-xurabı da almalı olursan.

Keçən günlərdə marketlərdən birində lobya vardı, qiyməti də əvvəl 6, sonra 4 manat neçə qəpik oldu. Neçə günlər həmin lobyanı elə yerindəcə gördüm, baxdım ki, artıq quruyur, amma qiyməti enmir ki, enmir. Dedim axı niyə enməlidir ki, durub da orda, camaat əziyyət çəkib bazardan lobya alıb gətirib burada-evimizin içindəcə bizə verir, hələ bir endirim də edəcək. Quruyar, alınmaz, atar zibil yeşiyinə, bizə niyə satmalıdır ki?.. Olsun bütün meyvə-tərəvəzlər.

Beləliklə, halal olsun market sahiblərinə, onların əməkdaşlarına. Fərasət həqiqətən də ayrı şeydir. Maşallah, belə deyirik, göz dəyər. Yüz dəfə maşallah.

Camaatı düşündükləri üçün irili-xırdalı bütün marketlərə təşəkkür etməyək, bəs nə edək?.. Minnətdarıq.

Mətanət Məmmədova

Digər xəbərlər