Sosial

  • 1 296

Parisdən Azərbaycana ikinci qızıl medal

image

Çoxdandır ölkəmizə qarşı ədalətsiz münasibətinin nəticəsi olaraq yalnız bəd xəbərlərin gəldiyi Fransanın paytaxt şəhərini “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarına qatılan azərbaycançı idmançıların bir-birinin ardınca qələbələri Azərbaycan sədasına bürüyüb. Fransa və dünya artıq ikinci dəfə Azərbaycan bayrağını Paris zirvəsində seyr etməli və Dövlət Himnimizi dinləməli oldular.

Ötən günlərdə 73 çəki dərəcəsində olan cüdoçumuz Hidayət Heydərov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Azərbaycan bayrağını qaldırdı və Himnini səsləndirdi. Avqustun 1-də isə Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionumuz qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı rəqibi İlya Sulamanidzeyə ipponla qalib gələrək Olimpiya çempionu olub.

Dünən aldığımız bu şad xəbərlərin sevincini yaşadıq. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva artıq ikinci qızıl medalçımız cüdoçu Zelim Kotsoyevə zəng edərək Olimpiadanın qızıl medalını qazanması münasibətilə təbrik edib, ona gələcəkdə də yeni uğurlar arzulayıblar. Dövlətimizin başçısı Azərbaycan idmançılarının Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk dəfə iki Olimpiya qızıl medalını qazandıqlarını qeyd edərək, bu münasibətlə təbriklərini eyni zamanda komandanın məşqçilərinə və Cüdo Federasiyasının rəhbərliyinə çatdırıb.

Telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlığını bildirən Zelim Kotsoyev öz qələbəsi ilə Azərbaycan Bayrağını ucaltmaqdan və Himnimizi səsləndirməkdən fəxr hissi keçirdiyini deyib. O, yeni qələbələr qazanmaq üçün bundan sonra da bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan cüdoçumuz birinci görüşdə polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Avropa və dünya çempionumuz adını dörddəbir finala yazdırıb. Bu mərhələdə İsrail təmsilçisi Peter Palçiki məğlub edən Kotsoyev yarımfinala vəsiqə qazanıb. İdmançımız yarımfinalda özbəkistanlı Muzaffarbek Turoboyevə də qalib gələrək finala yüksəlib.

Beləliklə, qısa zaman kəsiyində artıq ikinci dəfə Fransada Azərbaycan bayrağı dalğalandı, Dövlət himnimiz səsləndi. Bu isə Azərbaycanda və dünyada yaşayan bütün soydaşlarımızın qəlbini qürur hissi ilə doldurdu.

Hidayətlə Zelimin olimpiadada göstərdiyi rəşadət Parisdə Azərbaycan oğullarının gücünün, bacarıq və qabiliyyətinin ümumi obrazını yaratdı. Eləcə də gözlər önünə Şuşanın düşməndən azad olunması zamanı azərbaycanlı igidlərin əlbəyaxa döyüşünü, Şuşanın yerləşdiyi yüksək mövqeyə dırmanaraq qalxmalarını, sinələrini daşlara sipər etmələrini xatırlatdı.

Bəli, bizim övladlarımız belə güclü, hünərli, qəhrəman oğullardır. Elə bu səbəbdən də artıq 4 ildir ki, tariximizə qələbə ardınca qələbə yazılır: istər müharibə meydanında, istər, siyasətdə, istər də olimpiya tatamisində.

Bütün idmançılarımızla qürur duyuruq. Hər birinin uğurunun bol olmasını arzulayırıq.

Mətanət Məmmədova

Digər xəbərlər