Sosial

  • 1 779

Qəbələdə “Bir peşənin sirri” festivalı təşkil edilib - FOTOLAR

image

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə ictimaiyyətə açıq "Bir Peşənin Sirri" festivalında bu rayonla yanaşı İsmayıllı, Qax, Şəki və Kürdəmirdən gələn peşə təhsil işçiləri də təmsil olunublar. SİA xəbər verir ki, son illər ölkəmizin paytaxtı ilə yanaşı regionlarda da peşə və sənətə maraq artmaqdadır. Yeniyetmə və gənclər müxtəlif sənətlərə yönəlməklə daha çox uğur əldə edir. Bu, ilk növbədə onların cəmiyyətə inteqrasiyasını təmin etməklə yanaşı, həm də rifah hallarının yaxşılaşmasına, gəlirlərinin artmasına stimul yaradır.

Belə peşə sahiblərindən biri Şəki Dövlət Peşə Təhsil Mərkəzinin xalçaçı təlim ustası Ülviyyə Yunusovadır. Onun ipəkçi və xalçaçı kimi yetişməsi heç də təsadüfi deyil. Ülviyyə Yunusova gözünü ipəkçi ailəsində açıb və nənəsindən xalçaçılığın sirlərini mənimsəyib. Ü.Yunusova artıq 10 ilə yaxındır ki, bu qədim sənət və peşənin sirrini şagirdlərinə, tələbələrinə öyrədir. Xalçaçı bildirir ki, yeniyetmə və gənclərdə bu qədim sənətə, xüsusən peşələrə maraq artmaqdadır.

Son əl işini "Söz heykəli" adlandıran Qəbələdən olan oyma ustası Şahin Rəhimovun ərsəyə gətirdiyi əl işləri isə dünyanı bəzəyir desək, yəqin yanılmarıq. Fiziki cəhətdən zəif görünməyinə baxmayaraq daxili aləmi zəngin, əlləri qızıldır. Ustanın əl işləri yerli və beynəlxalq sərgilərdə, festivallarda nümayiş etdirilir. Artıq 30 ilə yaxındır ki, bu qədim sənəti yaşadan Şahin ustanın şagirdləri də az deyil. Oyma ustası kitablar üzərində əsərlər hazırlamaları ilə bağlı danışarkən bildirirlər ki, stolüstü dekorları Vətən müharibəsi başa çatandan sonra hazırlamağa başlayıblar. İlk əl işi isə Milli Qəhrəmanlar olub.

Peşə və sənətdən söz düşmüşkən, şimal-qərb bölgəsinin turizm sektorunda böyük paya malik olan Şəkidə bu ildən 25-ə yaxın müxtəlif peşələr üzrə mütəxəssislər hazırlanacaq. Burada rayonun aqrar sektoru ilə yanaşı, həm də tarixi peşə sənətləri tələbələrə öyrədiləcək, ilk dəfə subbakalavr ixtisaslı mütəxəssislər yetişdiriləcək. Şəki Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şahin Şirinzadə bildirir ki, Şəki tarixən peşə ənənələri və peşə sahəsinə olan diqqəti ilə seçilib: "Hələ 1843-cü ildə ilk peşə ixtisası Şəkidə yaradılıb. Məhz bunun davamı olaraq biz də, peşə təhsili sahəsinə ayrılan diqqətin bariz nümunəsi kimi bu sahədə olan və əmək bazarının tələblərinə uyğun peşə ixtisaslarının seçilməsinə səy göstəririk. Peşəkar kadrların yetişdirilməsində, ixtisaslı müəllimlərin bilik və bacarıqlarından istifadə edirik".

Peşə Təhsili üzrə Dövlət Agentliyi cari ildən başlayaraq bu sahayə diqqət və marağı artırmaq məqsədilə yeni "Bir peşənin sirri" layihəsini həyata keçirir. Agentliyin nümayəndəsi Nəriman Kərimli festivalın keçirilməsinin əsas məqsədlərindən danışarkən bildirir ki, peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir.

Qeyd edək ki, Dövlət Agentliyinin layihəsi əsasında Qəbələdə təşkil edilən festivalda qonaqlara Qəbələ, İsmayıllı, Qax, Şəki və Kürdəmiri təmsil edən peşə təhsil müəssisələrinin turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Festivalda həmçinin region üzrə peşə təmayüllü siniflərin şagirdlərinin əl işlərindən ibarət sərgi də nümayiş etdirilib.

Bununla yanaşı, tədbir iştirakçıları üçün əyləncəli oyunlar, viktorinalar keçirilib. Peşə təhsil müəssisələri tərəfindən keçirilən yarışların qalibləri dəyərli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin tədbir iştirakçıları müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar əldə ediblər.

Digər xəbərlər