Sosial

  • 817

Müasir yas mərasimi -FELYETON

image

Yox, ev nədir, mərasim evlərinə nə gəlib ki?.. İndi evə kimdir, kirli ayaqqabı tökən? Odur ey, mərasim evləri, apar, yasını sal ora, et, qurtar. Bircə gün. Bitsin, getsin. Yox, durub 7 gün yas saxlamayacaqsan ki...

***

Mərasim evi... Böyük bir salon, 2-3 cərgə masa düzülüb, molla da oturub başda, başının da üstündə mərhumun şəkli, qarşısında da mikrofon. Bax, müasir yaslarda ən bəyəndiyim bu mikrofondur. Çünki burada ağız deyəni qulaq eşitmədiyi üçün mollalar yeni üsula əl atıblar, keçiblər səsucaldıcıya.

Masaların üzəri naz-nemətlərlə doludur. Bir qabda müxtəlif şirniyyatlar, birində çərəzlər, qənd, konfet, halva, çörək, pomidor-xiyar salatı, göyərti, turşu, dovğa, bunlar hamısı əvvəldən düzülüb, hazırca dayanıblar.

***

Mollanın ətrafında mərhumun ən yaxınları əyləşib. Ağlayırlar. Camaat da onlara yaxınlaşıb baş sağlığı verir, gəldiyini gözə soxur, qayıdıb həmin naz-nemətli masaların ətrafında əyləşir. Ta ağlamaq-zad nədir, bitdi. Fikir qalır yeməklərin yanında, ta yada ölən düşər?.. Nemətlərin ətri bu hissi ərşə qaldırır.

***

Saat 12-13 arası zalda qəribə bir canlanma yaranır. Camaat dəstə-dəstə gəlir. Çünki ehsana çatmaq söhbəti var. Gəldin, çatdın, bu naz-nemətlərdən yeyə biləcəksən. Yox, əgər bir qədər gecikdinsə, ağlın evlərdəki yasa getməsin ki, axşamadək hər gələni başqa bir otağa keçirib orada ehsan verirdilər. Burada gecikdin, batdın.

Hə, dediyim saatlarda burada insan axını var.

***

Mollanın o başda az qalır bağrı çatlasın. Ortalığa yemək gətirilib. Bu dəfə camaatın səsi bir tərəfdən, qaşıqların səsi də bir tərəfdən. Molla da yeyir, demirəm, durub baxır. Lakin aradabir ev sahibinin könlü xoş olsun deyə, “Fatihə” verir, ehsan verənləri tərif edir, sağlıqlarına dua oxuyur. İstəyir, camaat “Amin” deyə. Çünki bu ümumi-el duası ev sahibinin ən xoşuna gələn andır. Lakin axı səs qoymur. Bu dəfə molla mikrofona danışmır, çığırır.

***

Yan tərəfdəki masadan gələn söhbət diqqəti cəlb edir. Az, Fatma, necəsən? Sən Allah, bağışla ey, indi tanıdım səni. Az, Allah bu kişiyə rəhmət eləsin, gör bizi neçə ildən sonra görüşdürdü.

-Boo, az, Südabə, sənsən?

-Hə, mənəm.

Qaxırlar, qucaqlaşıb öpüşürlər, ayrılmaq bilmirlər. Elə bu anda bütün zalın diqqəti onlara yönəlir. Onların da heç vecinə deyil ki, biz toydayıq, yasdayıq, ya haradayıq.

-Ay Fatma, nə yaxşı oldu, gördüm səni.

-Südabə, uşaqlar necədir, nəvələrin neyniyir?

-Hamısı yaxşıdır. Ay qız, qızları vermisən, ya yox?

-Az, hamısını vermişəm, gediblər...

Bu məzmunda söhbət ta ehsan başa çatanadək davam edir. Yeyirlər, söhbətləşirlər, masanın üzərindəki bütün təamlardan bir-birinə təklif edirlər. Ta dadmadıqları yemək, şirniyyat qalmır.

***

Yemək bitib, Fatma ilə Südabənin başı söhbətə elə qarışıb ki, ətrafda olanlardan xəbərləri belə yoxdur. Tək onlar yox, buradakı hər kəs yanındakı ilə söhbətdədir. Molla axı ehsan duası oxumalıdır. Yazıq molla, indi gəl, camaatı sakitləşdir ki, duanı eşidən olsun.

Molla nə edir, əlində bir qaşıq, mikrofona döyəcləyir ki, səsinizi kəsin, ay xanımlar. Dua oxuyuram, bura söhbət etməyə gəlmisiniz?

Təəssüf ki, molla özü deyir, özü eşidir. Səs kəsilmir ki, kəsilmir. Molla da başlayır bu dəfə qışqırmağa ki, heç olmasa duanı oxusun, ev sahibi eşitsin ki, bir azdan yas bitəndə aldığı pul və içi buradakı nemətlərin hər biri ilə dolu çanta halalı olsun.

Bu üzdən də boğazı yırtılsa da, oxuyur.

***

Molla oxuduqca, səs artır, arada molla əsəbiləşir: ay xanımlar, axirəti fikirləşin. Belə bir gün hər birimizin olacaq. Gəlin, bir-birimizə hörmət edək. “Fatihə” söyləyir.

Camaat elə buna bənd imiş kimi, qalxır ayağa, gedirlər. Yox, hamı getmir. Çay içmək fikrində olanlar qalır.

Bu arada çay gəlir. Qalan camaat çay da içib, mollaya qaş-göz edirlər ki, bir “Fatihə” ver, duraq. Mollanın da bu qaş-göz məsələsi çoxdan anladığı bir məsələ olduğu üçün həmin an başlayır “Fatihə”yə.

***

Beləliklə, zal boşalır. Burada qalanlar mərhumun lap yaxınlarıdır. Çünki bir qədər uzaq olanlar da artıq camaatla gediblər ki, uzaq yoldur, ancaq evə çatacağıq.

Birgünlük yas bitir. Mərhum yüz ilin ölüsü olur. Molla da haqq-hesabın alıb, düşür yola. Qulağı qalır səsdə ki, görək növbəti dəfə kim ölür...

Mətanət Məmmədova

Digər xəbərlər