PDF Oxu

Sosial

  • 6 392

Yayın ortasında kəsilən su: səbəbləri və çıxış yolları - ARAŞDIRMA

image

Su itkiləri minimuma endirilməli, su ehtiyatlarından səmərəli istifadə olunmalı, yeraltı və yerüstü su mənbələrinin toplama anbarları yaradılmalıdır

Son günlərdə Bakının su təchizatının dayandırılması və bunun paytaxta gələn su kəmərlərində təmir tikinti işləri ilə əsaslandırılması cəmiyyətdə ciddi qınaqlara səbəb olub. Qeyd olunur ki, yayın ən qızmar vaxtında belə işlərin aparılması və suyun kəsilməsi ciddi biabırçılıqdır. Aşkar görünür ki, içməli su təchizatı sistemlərində problemlər var və vaxtında tədbirlər görülmədiyindən vəziyyət kritik hala gəlib.

Ümumiyyətlə, su təsəffüratında ciddi problemlərin olduğu heç kimə sirr deyil. Əvvəlki illərdə bu sahədə çox kritik vəziyyətlər yaramçışdı. Bu il isə yağıntılar yüksəl həcmdə olıduğundan ciddi su problemi yaranmadı. Lakin avqusutun ortasında paytaxın əksər ərazilərində suyun verilişinin dayandırılması əsaslandırla biləcək hadisə deyil.

Bəli, paytaxtın su ehtiyacı ilbəil artır, kəmərlər və su şəbəkəsində gərginlik artır. Su təsərrüfatı rəsmiləri hər dəfə günahı əhalinin üstünə atmağa çalışsa da, problem təkcə su israfı ilə bağlı deyildir. Daha doğrusu, əhalinin israfı ilə bağlı deyildir. İçməli suyu, əsasən, müəssisələr və yaşıllıq təsərrüfatları daha çox istifadə edir. Əhali lazım olan qədər istifadə edir, çünki heç kim artıq su pulu ödəməyi xoşlamır.

Daha çox həcmdə su biznes obyektlərinə, zavod, fabrik və iaşə müəssisələrinə yönəldilir və beləliklə, böyük su israfına yol verilir. Doğrudur, Azərbaycanda son dövrlərdə su sektoruna çox böyük xərclər çəkilib, yeni su anbarları, su kəmərləri, kanallar yaradılıb. Bundan başqa, su təzhizatının idarə edilməsi üçün böyük xərclər tələb olunur. Lakin bu yaxınlarda suyun qiymətinin artmasından sonra belə bir problem olmamalı idi.

Problem, əsasən, içməli su mənbələrinin effektiv idarə olunmaması, çox böyük (30-40 faiz) su itkisinə yol verilməsi, ekoloji böhranın yaranmasına imkan verilməsi və alternativ mənbələrdən istifadə olunmaması ilə bağlıdır. Su təsərrüfatındakı pərakəndəliyin qarşısını almaq, bu sahənin bir mərkəzdən idarə olunmasını təşkil etmək üçün ötən il Su Ehtiyatları Agentliyi yaradıldı və bütün su təsərrrüfatı idarələri onun tərkibinə verildi. Lakin keçən 1 ildə agentliyin bu sahədəki problemləri aradan qaldırmaq üçün ciddi tədbirlər gördüyünü deyə bilməyəcəyik.

Araşdırmalara görə, bizim yerüstü su ehtiyatımız orta illik 25-30 mlrd. Kubmetr həcmindədir. Quraqlıq illərdə isə bu göstərici 20 mlrd. kubmetrə qədər azalır. Azərbaycan ərazisinin hər kv.km-nə və əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatları göstəricisinə görə Cənubi Qafqaz dövlətləri və Rusiyadan geridə qalır. Cənubi Qafqazın ümumi su ehtiyatının (310 mlrd.kubmetr) 62%-i Gürcüstanın, 28%-i Ermənistanın, yalnız 10%-i Azərbaycanın payına düşür.

Respublikamızda ümumi su ehtiyatı 31, Gürcüstanda 63, Ermənistanda 8 kubkilometrdir. Yerli su ehtiyatları ölkəmizdə 10.3, Gürcüstanda 53.6, Ermənistanda 6.5 kubkilometr təşkil edir ki, bunun bir il ərzində hər bir nəfərə düşən hissəsi Azərbaycanda 1.03, Gürcüstanda 13.7, Ermənistanda isə 2.2 min kubmetrdir. Ölkəmizin hər kv. km-ə 119 min kubmetr yerli su ehtiyatı düşür. Gürcüstanda bu rəqəm 769 min, Ermənistanda isə 218 min kubmetrdir.

Ölkəmizin su ehtiyatının da 70 faizi ölkə xaricindəki mənbələrdən formaslaşır. Su çatışmazlığı həmçinin mövcud su ehtiyatlarından rasional istifadə edilməməsi ilə də izah edilir. Bakının su təsərrüfatı, infrastrukturu 1,5 mln. insan üçün nəzərdə tutulsa da, hazırda paytaxt sakinlərinin sayı azı 2 dəfə artıb.

Bir neçə il əvvəl müşavirələrinin birində dövlət başçısı bu sahədəki problemlərə də toxundu və qeyd etdi ki, su sektoruna kifayət qədər vəsait ayrılıb, lakin bəzi orqanların və məsul şəxslərin məsuliyyətsizliyi nəticəsində effektiv tədbirlər görülməyib.

Su sektoruna ayrılan vəsaitlər digər sahələrin əksəriyyətindən çoxdur. Son dövrdə bu sahəyə milyardlarla pul ayrılıb. Bu pullar hara, nəyə, necə xərclənib, niyə vaxtında qarşısı alınmayıb su böhranının?

Niyə kəndlərdə artezian qazdırmaq istəyən təsərrüfat sahiblərinə bürokratik maneələr yaradılıb və quyu qazılması üçün böyük qiymət qoyulub? Nə üçün dəniz kənarında su şirinləşdirici zavodlar tikilməyib? Niyə yaşayış məntəqələrinin və təsərrüfatların su təminatı üçün alternativ mənbələr və xətlər yaradılmayıb?

Su qıtlığı aqrar sektora- iqtisadiyyata da böyük zərər vurur, məhsuldarlıq azalır, bir çox ərzaq məhsullarını idxal etməyə məcbur oluruq. Yay mövsümü bəzi rayonlarda əkinlər susuzluqdan yanıb gedir.

Qarabağın azad edilməsi nəticəsində su ehtiyatlarımız xeyli artdı. Belə ki, 4 böyük su anbarı (Xudafərin, Qız Qalası, Sərsəng və Suqovuşan), onlarla kiçik çay və göl, minlərlə bulaq təmiz və keyfiyyətli su ehtiyatı deməkdir. Həm içməli su kimi, həm də suvarma suyu kimi. Bunlardan səmərəli istifadə olunsa, ölkəmizdə heç vaxt su problem olmayacaq.

Beynəlxalq təşkilatların hesabatlarına əsasən, 2025-ci ildən sonra qlobal şirin su çatışmazlığı problemi dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisadi təzyiq vasitəsinə çevriləcəkdir. Dəqiq hesablamalara görə dünyada 1 milyard insan su qıtlığından əziyyət çəkir. Bəli, problem qlobaldır. Baş verənlər, əsasən, antropogen təsirlər nəticəsində təbiətin məhv edilməsi ilə bağlıdır. Bu, yeni söhbət deyil, 30 ildən çoxdur ki, dünyanın ekoloq alimləri həyəcan təbili çalırlar ki, tezliklə su böhranı olacaq. Bir çox ölkələr bu istiqamətdə çox illər qabaqdan başlayaraq lazımi işlərə start veriblər.

Bəs Azərbaycanda nə etmək olar, vəziyyətdən çıxış yolu nədədir?

Fikrimizcə, aşağıda qeyd olunan effektiv tədbirlər görülsə, problemin kəskinləşməsinin qarşısını almaq olar.

1. Xüsusi şirkətlərə, müəssiələrə, iri təsərrüfatlara, bahalı villalara çox vaxt sayğacsız verilən limitsiz su biabırçılığının qarşısı alınmalıdır. Belə obyektlər ağlagəlməz miqdarda su israf edir və bunun üçün çox az pul ödəyirlər.

2. Xəzər sahilində su şirinləşdirici zavodlar tikilməli, onların dəniz suyunu duzsuzlaşdıraraq emal etdikləri su yaşıllıqların suvarılmasında, dəhşətli su israf edən broyler fakriblərində, digər müəssisələrdə texniki istifadəyə yönəldilməlidir ki, Bakıya gələn təbii şirin su kanalları yüklənməsin.

3. Ölkəmizin yeraltı su hövzələrindən səmərəli istifadə üçün bütün mümkün zonalarda xeyli sayda artezian qurğuları yaradılmalıdır. Bu yolla həm əhali, həm də təsərrüfatlar daimi su əldə edə bilər və bu da aqrar sektorun inkişafına səbəb olar.

4. Suyun təkrar istifadə üçün sistemlər yaradılmalı, suvarmada isə innovativ metodlarla su sərfi azaldılmadır (damcılı suvarma, yağış sularının toplanması və s. üsullar), həmçinin torpaq kanallardan istifadə azaldılmalıdır.

5. Mümkün olan bütün çayların üzərində kiçik su anbarları yaradılmalı, suvarma məqsədilə çoxlu kanallar çəkilməlidir.

6. Ən asası, su ehtiyatlarından səmərəli istifadə olunmalı, itkilərin qarşısı alınmalı, kiçik çayların, göllərin qurumasına səbəb olan amillər aradan qaldırılmalıdır.

Bu məsələlər həll olunsa, həm aqrar sektorda inkişaf sürətlənər, həm də əhalinin su təchizatında problemlər aradan qalxar.

Elçin Bayramlı

Digər xəbərlər