PDF Oxu

Sosial

  • 2 827

SOS: Soyumuz tükənir!

image

2024-cü ilin yanvar-iyul ayları ərzində ölkə üzrə 58 848 uşağın doğumu dövlət qeydiyyatına alınıb. Bu uşaqlardan 31 306-sı oğlan, 27 542-i isə qız olub. Ötən ilin statistikasına əsasən isə həmin aylarda bu rəqəm 112 min 620 olub. Uşaqların 59 814-ü oğlan, 52 806 nəfəri isə qız olub. Yəni cəmi bir ildə ölkədə artım çox ciddi şəkildə azalıb, rəqəmlərə görə bu 54-55 min daha az uşağın doğulması deməkdir. Bu qədər azalma heç bir dövlət üçün normal deyil. Doğulan uşaqların sayının bu qədər azalması faciədir, Azərbaycan demoqrafik artımda stabilliyin qorunması təmin etmək məcburiyyətindədir. Yaxın gələcəkdə nə orduya aparmağa əsgər, nə də o əsgərləri dünyaya gətirməyə qadınlar tapılacaq. Bu azalma ictimai-sosial işlərin, habelə peşə icraçılarının da kəskin azalması deməkdir. Təminat təlabatı ödəməyəcək.

Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir. Bunu ötən ilin oktyabrında BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev açıqlamışdı. 2021-ci ilin statistikasına əsasən Azərbaycanda 100 qıza 115 oğlan düşürdü. Əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir. Belə ki, hazırda Çində bu göstərici 100-110,3 təşkil edir. Dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq 102-106-dır. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür, bu təbiətin yaratdığı tarazlıqdır.

Azərbaycanda 2023-cü ildə 73816 abort qeydə alınıb. 15-17 yaş üzrə 68, 18-19 yaş üzrə 2528, 20-24 yaş üzrə 12315, 25-29 yaş üzrə 22140, 30-34 yaş üzrə 22306, 35-49 yaş üzrə 14376 abort faktı qeydə alınıb. Abortların ümumi sayında dərmanla aparılanların sayı 630, birinci hamiləliyin pozulması ilə nəticələnənlərin sayı isə 2203 olub. 2022-ci ildə 58 min abort qeydə alındığını deyən Dövlət Statistika Komitəsi bildirir ki, onlardan 14 min 900-ü mini abort, 500-ü dərman vasitələri ilə aparılan abortlar olub.

Dölün cinsinin müəyyən edilməsinə imkan yaradan ultrasəs müayinəsindən geniş istifadə nəticəsində ölkədə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Yəni indi selektiv abortla bağlı olan çətinlik yaxşın gələcəkdə maksimal dərəcəyə çatacaq.

Cinsi ayrı-seçkilik dünyanın bütün ölkələrində həmişə müzakirə edilən və heç vaxt öz həllini tapmayan bir mövzudur. Valideynlər bəzən bilərəkdən, bəzən də bilməyərəkdən övladları arasında fərq qoyur. Doğulacaq körpənin qız olacağını öyrənən bəzi valideynlər sevinsə də, çoxları bu duruma sözün həqiq mənasında kədərlənirlər. Çox təəssüf ki, bəzi halda bu vəziyyət abortla nəticələnir. Elə bu səbəbdəndir ki, statistik rəqəmlərdə balans fərqi açıq-aydın gözə çarpır. Cəmiyyətin oğlan sevdası gender balansını ciddi formada pozur.

Məlumat üçün qeyd edək ki, hazırda mövcud olan qanunvericiliyə əsasən, dölün cinsi məlum olduqdan sonra abort etmək qadağandır, lakin bu məsələnin daha da ciddiləşdirilməsi nəzərdə tutulur. Dölün cinsini müəyyən etmək üçün ultrasəs müayinəsinin qadağan olunub-olunmaması məsələsi selektiv abortun qadağası kimi mübahisəli olaraq qalır.

Ölkəmizdə abort qanunla qadağan deyil, qadının abort olunarkən həyat yoldaşından yazılı icazə alınması məsələsi də qanunla dəstəklənmir. O ki qaldı abortun ümumiyyətlə ölkəmizdə qadağan edilməsi məsələsinə, belə görünür ki, bu yaxın onillikdə belə mümkün olmayacaq. Milli Məclisin deputatları bunu cəmiyyətin belə qadağaya hələ hazır olmaması ilə əlaqələndirirlər. Amma zənnimcə qadağaya hazır olmurlar, alışırlar.

Hər il oktyabrlın 11-i Beynəlxalq Qız Uşaqları Günü qeyd edilir. Bəli, qeyd edirlər, sevinirlər, qız uşaqlarına sevgidən danışırlar. Bəs görəsən qızını həkim bıçağına doğratdıranlar nə düşünür bu gün?

Hər il dünyada 55 milyon uşaq ana bətnindən doğranaraq xaric edilir. Onların 20 milyonu qeyri-leqal abortlardır. Küncdə-bucaqda, evdə, həyətdə, hansısa fəaliyyəti qadağan qadağan olunmuş həkimin çirkli otağında edilən abortların hər il dünyada 70 mindən artıq qadının ölümünə səbəb olduğunu bilirdinizmi? Edilən abortların əksəriyyəti dölün 12-13 həftəliyində reallaşır. Bu körpənin cinsiyyətinin bəlli olduğu ərəfədir.

Lalə Mehralı

Digər xəbərlər