Sosial

  • 2 510

İstanbul gündəliyindən yarpaqlar

image

Türkiyə və İstanbul bizim düşüncələrimizdə hər zaman müqəddəs arzular diyarıdır. Varlığımızda yaşatdığımız türkçülük tarixən yaşam səbəbimiz olub. Hazırda da İstanbul dünyanı gözəlləşdirən Turan ellərinin birliyində döyünən ürəkdir.

Tale bizi gözlənilmədən doğma Türkiyə Cümhuriyyətinə, İstanbul şəhərinə gətirdi. Tarixlər şahidi olan qədim və zəngin şəhərə!.. Yol boyu türk dünyasının xəyalımdan keçib gələn hüdudsuz ərazisini, coğrafiyasını, dövlətçilik tarixi və ənənələrini, milli-mədəni dəyərlərini, abidə və şəhərlərini xatırladım... Bayrağı al günəş, çadırı Göy qübbəsi olan türkləri, türk yurdlarını, türk ellərini, türk uluslarını! Dolmabağça, Bəylərbəyi, Topqapı, Ulduz, Çırağan saraylarını, Qalata qülləsini, Taksim, Sultanəhməd, Bəyazid, Bakırköy Azadlıq meydanlarını, Gülhanə parkını, 15 iyul Şəhidlər Körpüsünü, Ayasofya məscidi, Sultan Əhməd məscidi, Türk və İslam Əsərləri Muzeyini yaddaşımda canlandırdım.

Hər daşı, hər qayası silinməz bir yazı, əlyazmalar və salnamələr qaynağı olan ən qədim türk qövmlərini... Özünüdərkimizin, idrakımızın və milli kimliyimizin mənəvi yaddaş rəmzlərini. Axı mən hər gün siyasi elmlər üzrə fəlsəfə doktoru kimi tələbə auditoriyalarına daxil olur, gənclərimizin hüdudsuz arzu və romantikaları ilə üzləşir, onlara həm də türkün möhtəşəm və qədim dövlətçilik tarixindən mühazirələr oxuyuram...

Türk qövmü tarixən usanmaz, yorulmaz yürüşləri, döyüşləri, əzəmət və qətiyyəti ilə şərəfli olub. Dünyada ədaləti, cəsarəti və azad ruhu ilə şan-şöhrət qazanıb! Nə yaxşı ki, türk qövmi, türk birliyi, türklüyümüz, dövlətçiliyimiz var! Nə yaxşı ki, bütün dünyaya səpələnmiş türk uluslarımız, türk soylarımız var!.. Nə yaxşı ki, Türkiyə var! Azərbaycan–Türkiyə, hər daşı, hər cınqılı bir gövhər! Varlığımıza daş qala, qoşa səngər olan Türkiyəmiz, türklüyümüz var! Bütün qasırğalara birləşməklə sinə gərən birliyimiz, dostluğumuz, qardaşlığımız var! Türkün ululuğu, şərəf, ləyaqət və ucalığında bütün türk məmləkətlərinin acısı və sevgisi yaşar... Türkün acısı dünyanın acısıdır, türkün nifrəti isə ədalətsizliyə və köləliyə qarşıdır. Türkün sevgisində bütün dünya üçün bir gözəllik, ilahi fədakarlıq və əbədi dəyər kəsb edən müqəddəslik vardır. Məhz buna görə türk dostluğu və qardaşlığı gül-çiçək ətri verir. Biz inanırıq ki, iman əhli olan türklər UCA YARADANIN insanlığa bəxş etdiyi mənəvi dəyərlərin mühafizəçisidirlər. Təsadüfi deyildir ki, qədim dastanlarımızda düşünüldüyü kimi əbədi cənnət səltənətinin qurulması da türk ədaləti ilə mümkün olacaqdır.

Bu düşüncələrlə İstanbulun təmiz havasını udur, geniş küçələrini addımlayır, yaraşıqlı binalarını, sakinlərini salamlayır, şərafətli, inanclı insanları, minarəli məscidləri ziyarət edir, zəngin diyarşünaslıq müzeylərini gəzirik. Qəlbimizdəki bu sevinc və bu sevgi bizi daim fədakar, həmrəy və əzmkar saxlayır! Qədim və zəngin türk dövlətçilik tariximizin şərəfli alplıq, qəhrəmanlıq, ərənlik ənənələri, onun düşüncə və inancı ilə bağlıdır. Buna görə də onun qədim mifolojisi, folkloru, adət-ənənələri, etnoqrafiyası, sosial tarixi gerçəkliyi, doğma ana dili, milli psixologiyası bu qəhrəmanlıq ruhunu özündə yaşadır. Belə ki, milli özünüdərk bizim tarixi yaddaş saxlancımızdır. Milli özünüdərkimizlə biz daha güclü, qüdrətli oluruq. Çağdaş modern düşüncəmiz daim inkişaf etməkdə, zənginləşməkdə, daha da güclənməkdədir.

Türkün zəfər tarixindən Bilgə Xaqan müdrikliyi, Sultan Mehmet əzmkarlığı, Nuru Paşa fədakarlığı və Mustafa Kamal Atatürk fenomeni, Çanaqqala heyrəti qürurla keçir. Təbii ki, türkçülük tarixində saymaqla bitməyən, saysız-hesabsız qəhrəmanlıq səhifələri vardır. Tarixdən ibrət alan millətlər şərəfli əcdadlarının ruhu ilə öz uğurlu gələcəklərini qurmalıdırlar. Arzularımızın ünvanı Turan bu möhtəşəm gələcəyin açarı ola bilər. Mustafa Kamalın "Azərbacanın acısı acımız, sevinci sevincimizdir" müdrik kəlamını, görkəmli dövlət xadimi Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" düsturunu, təsadüfi olmayan simvolokasını xatırlayıram. Hər biri tarix, gələcək nəsillərə tarixi mesaj... Onların qoyub getdikləri milli-bəşəri yaddaş ənənələri sonralar nüfuzlu siyasi liderlər, şəxsiyyətlər, cümhur başqanları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Biz indi siyasi, diplomatik, ideoloji, hərbi, iqtisadi və mədəniyyət sahəsində fəaliyyətlərin ən yüksək səviyyəsini, çağdaş nümunəsini görürük. Bu tarixi örnək bir türk insanı olaraq bizi sevindirir və mutlu edir. Türkiyə və türk dünyası bizim üçün dünyanın ən gözəl məkanı, canımızla, qanımızla onu qorumağa hazır olduğumuz VƏTƏNDİR. Eləcə də Azərbaycan türklər üçün eyni anlam, eyni məkandır. Türkiyə və Azərbaycan doğma qardaşdırlar və biz bununla fəxr edirik! Şübhə etmirik ki, bu qardaşlığın arealı günbəgün genişlənməkdədir. Biz bu tarixi doğmalığı, qardaşlığı bir ailə olaraq şəxsən İstanbul şəhərində, Acıbadem Universitetinin Atakent Xəstəxanasında duyduq və yaşadıq. Qeyd edim ki, Acıbadem Mehmet Ali Universiteti Türkiyənin İstanbul şəhərində sağlamlıq elmləri sahəsinə həsr olunmuş vəqf universitetidir. Təhsil ocağı 2007-ci ildə Mehmet Ali Aydınlar tərəfindən təsis edilib. Güclü akademik heyəti və qabaqcıl texnoloji infrastrukturu vasitəsilə davamlı inkişafa açıq olan səhiyyə mütəxəssisləri məzun edilir. Acıbadem Universitetinin Atakent xəstəxanası isə 2014-cü ildən İstanbulun Kiçikçəkməcə rayonunda fəaliyyət göstərir...

On bir yaşlı övladım Nilufər Həsənlinin sağlamlığının bərpa olunması üçün həmin şəfa xəstəxanasına müraciət etməli olduq. Övladımızın sağlam gələcəyi üçün rahatsız idik, Acibademdə qarşılaşdığımız yüksək səviyyəli tibbi xidmət bizdə xoş təəssürat yaratdı. İnanıram ki, bizim bu acı günlərimiz keçib gedəcək, müalicə uğurla başa çatacaq, övladımız tamamilə sağalacaq, məktəb həyatına inamla davam edəcək. Hazırda qızımın Atakent xəstəxanasında müalicə proseduru davam etməkdədir.

Peşəkar həkim komandasının həssas, qayğıkeş münasibəti, müalicənin yaxşı nəticə verməsindən çox məmnunuq. Burada professor-onkoloq Fulya Ağaoğlunun rəhbərliyi ilə professional şəkildə aparılan hərtərəfli müayinə və müalicəni xüsusi dəyərləndirmək istəyirəm. Professor Fulya Ağaoğlunun gərgin əməyi, diqqəti sayəsində övladımın səhhəti gündən-günə yaxşılaşaraq müalicəyə inamımı artırdı.

Görkəmli həkim Fulya Ağaoğlunun tibbi bilikləri, onun zəngin həyat təcrübəsi və insanpərvərliyi bizi xeyli məmnun etdi. Övladım Nilufər özünü gündən-günə yaxşı hiss etməyə başladı və hazırda daha uğurlu nəticələr üçün müayinə və müalicə işi davam etdirilməkdədir. Görkəmli həkim, professor Fulya Ağaoğluna çəkdiyi zəhmətlərə görə xüsusi minnətdarlığımı bildirir və bu həssas xanımın simasında Acıbadem Universitetinin Atakent xəstəxanasının rəhbərliyinə və kollektivinə dərin təşəkkürümü bildirirəm.

Atakent xəstəxanasında mütəxəssis və texniki heyətin övladıma olan qayğısı, xüsusən, Zeynəb xanım, Tunaxan bəy, Mehmet bəy, Oguzxan və başqalarının əvəzsiz zəhmətlərini unutmaram. Həmçinin xəstəxananın texniki heyət üzvləri Gulam Hazret Nurullaha, Sezen xanıma və bu an isimlərini xatırlaya bilmədiyim bir çox şəfaxana yardımçılarına təşəkkürlərimi bildirirəm. Hamısına minnətdaram!

Məxsusi olaraq İstanbul şəhərində yerləşən Amerikan xəstəxanasının peşəkar uşaq onkoloqu, yüksək mədəniyyət sahibi, professor Rejin Kebudiyə göstərdiyi insanlıq sevgisinə və professionallığına görə ailəmiz adından səmimi qəlbdən təşəkkürümü ifadə etmək istərdim.

Təbii ki, həyatımızda xeyirxah insanlar çoxdur. Hazırda müəllim kimi çalışdığım Azərbaycan Dövlət Pedoqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynovanın, filologiya fakültəsinin dekanı, dosent Könül Həsənovanın adlarını çəkməyi özümə borc bilirəm və xüsusi minnətdarlıq və təşəkkürümü ifadə edirəm.

Türkiyə Cümhuriyyətinə müalicəyə yollanmağımızda, təbii ki, xeyirxah, humanist insanlar qolumuzdan tutdu, yardımçımız oldu. Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi, dəyərli insan Ceyhun Şahverdiyevin adını xüsusi minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm. Həmçinin Acıbadem Universitetinin Atakent xəstəxanasına yerləşməkdə bizə yardımçı olan Türkiyədə yaşayan soydaşımız Sənan Quliyevə dərin hörmət və sayğılarımı yetirirəm. Eləcə də İstanbul şəhərindəki "Daymont" hotelin rəhbəri Əmirhan bəyə təşəkkür edirəm.

Allahın yaratdığı bəndələrinə şəfqət və mərhəməti sonsuzdur. Bu səbəbdən biz də ümidsiz deyilik. Onun lütfünə, kərəminə sığınırıq... Bu da bizim üçün taleyimizə yazılan çətin bir sınaqdır. Allah-taala hər kəsin yardımçısı, bizim də köməyimiz olsun!

Qoy bu yazı da artıq yazmağa qərarlı olduğum "İstanbul gündəliyi" silsiləsindən duyğulandığımız, emosional hallar yaşadığımız günlərin göyərən yaşıl yarpaqları, açan gülləri, çiçəkləri olsun!

Elşad Həsənli,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər