Sosial

  • 425

Xətai seçki məntəqələrində… -REPORTAJ

image

Bu gün Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilir. Seçki prosesini izləmək üçün 35 saylı Xətai III seçki dairəsinin 8 saylı seçki məntəqəsinə yaxınlaşıram.

Məntəqədə səliqə-sahman qaydasındadır. Məntəqə üzvləri vətəndaşları gülər üzlə qarşılayıb, yola salır. Əyləşib seçkini bir qədər müşahidə edirəm. Elə bu arada səs verib məntəqədən çıxan 80 yaşlı Famil Məmmədov və həyat yoldaşı Mehriban Məmmədova ilə həmsöhbət oluram. Famil Məmmədov deyir: axşamdan planlaşdırmışdıq ki, səhər saatlarında birlikdə seçkiyə gedək. Yəni günün ilk işi bu olsun. Ona görə də budur, hazırlaşıb gəlmişik. Yoldaşımla hər ikimiz təqaüdçüyük. Vaxtilə işləmişik, indi isə artıq evdə oturub dincəlirik, dövlətimizin bizə əməyimiz qarşısında verdiyi təqaüdlə həyatımızı davam etdiririk.

Uzun illər torpaqlarımızın azad olunacağı günü gözləmişik. Budur, bir qarış torpağımız belə düşməndə qalmadı. Bütün şəhidlərin, qazilərin, yurdundan kənarda dünyasını dəyişən hər bir soydaşımızın qisası alındı və Azərbaycan bütövləşdi. Bütöv Azərbaycanda səs vermək xoşbəxtlikdir. Bu gün bizimlə yanaşı, Xankəndi, Şuşa, Ağdam, Laçın, Xocalı sakinləri də səs verir: sevinclə, qürurla. Gün o gün olsun ki, onlar öz torpaqlarında ilk səsvermədə iştirak etsinlər. O gün uzaqda deyil, bilirik. Böyük Qayıdış başlanıb. Bu qayıdış bütün azad torpaqlara olacaq, zaman keçdikcə...

Biz öz namizədimizə səs verdik. Ümidvarıq ki, bütün yeni seçilən millət vəkilləri xalqın sözünü ali tribunadan deyə biləcək.

***

Məntəqədən ayrılıb üz tuturam Bakı şəhər 55 saylı tam orta məktəbə. Çünki burada düz üç məntəqə fəaliyyət göstərir. Çatıram məktəbə və 35 saylı Xətai III seçki dairəsinin 9 və 10 saylı seçki məntəqələrinə daxil oluram. Burada da səliqə-sahman yerindədir. Məntəqə üzvləri vətəndaşların rahat səs verməsi üçün çalışır.

Hər iki məntəqədə seçicilər məntəqəyə gəlir, növbə ilə içəriyə keçir və səslərini verib gedirlər.

***

Bu məntəqələr ilə ilə qonşuluqda yerləşən 35 saylı Xətai III seçki dairəsinin 32 saylı seçki məntəqəsinə də baş çəkirəm. Məntəqə sədri Aida İsmayılova ilə həmsöhbət oluram. Məlum olur ki, məntəqə üzrə 1042 nəfər səs verməlidir. Onların əksəriyyəti səhər saatlarından məntəqəyə gəlib və səslərini veriblər.

Aida xanımdan məntəqə sədri kimi deyil, sıravi vətəndaş kimi fikirlərini soruşuram. O, vurğulayır ki, artıq bu il ikinci dəfədir ki, ölkədə seçkilər keçirilir. Fevral ayında bütövləşmiş Azərbaycanda ilk seçkini- Zəfər seçkisini-Prezident seçkisini böyük təntənə ilə keçirdik və xalq öz layiqli namizədinə səs verərək Onu yenidən Prezident seçdi. Bu gün isə milli Məclisə seçkilər keçirilir. Bu seçki də bütöv Azərbaycanda ilk parlament seçkiləridir. İnanıram ki, yenidən tşkil olunacaq parlament öz işində uğurlara imza atacaq.

Aida xanım hər bir namizədlərə uğur arzulayır. Bütün dünyaya isə sülh arzu edir: iki müharibə görmüş xalq kimi, görün bir nə qədər itkilərimiz olub. Bu gün dünyada bir neçə ölkədə müharibə gedir. Qoy dünya ölkələri sülhə gəlsin, hər kəs sakitlik, əmin-amanlıq içərisində yaşasın. Bəsdir, qan töküldüyü. Sevinirəm ki, müharibənin ayağı bizim ölkədən kəsildi. Zəfər qazandıq.

Burada seçicilər müəllim Həcər Vəliyeva və evdar xanım Aytən Kərimova ilə də söhbətləşirəm. Onların hər ikisi dövlətimizin inkişafı, tərəqqisi ilə qürur duyduqlarını bildirirlər. Hər iki seçici parlament seçkilərində uğur qazananların xalqın ən yaxşı təmsilçiləri olacaqlarını ümid edirlər.

***

Vurğulayım ki, bu məntəqələrdə 1-i Yeni Azərbaycan, 2-si Ümid, 3-ü Vətəndaş Həmrəyliyi partiyaları, 2-si bitərəf olmaqla, 8 namizəd milllət vəkili olmaq uğrunda mübarizə aparır.

***

Məntəqədən ayrılıb geri qayıdıram. Yaxınlıqdakı “Ana abidəsi” önündə dayanıb, 32 il öncə bir gecənin qurbani olan Xocalı sakinlərini yad edirəm: sizin qisasınız alınıb. Düşmən torpaqlarımızdan birdəfəlik qovulub. Artıq yurdlarımız bərpa olunur, soydaşlarımız ata-baba torpaqlarına qayıdır. Artıq Azərbaycan bütövdür. Və bu bütövlüyə dövlətimizin başçısının siyasi uzaqgörənliyi, vətənpərvərliyi, Vətənə sevgisi, xalqa məhəbbəti, torpağa sayğısı nəticəsində nail olmuşuq. Və qarşıda bizi daha parlaq bir gələcək gözləyir...

Mətanət Məmmədova

Digər xəbərlər