PDF Oxu

Sosial

  • 2 077

“Uzman”larla dr.-ların bazarı

image

Son bir neçə ilin tibbi xəbərləri, bu sahədə olan yeniliklər, uğurlu əməliyyatlar, peşəkar müayinə və müalicə barədə yazılanlar və danışılanlar bu sözlərlə müşayiət olunur– uzman və dr. İşində uğuru olan, olmayan, peşəkar olan, olmayan bir çox həkimlər qonşu Türkiyədə bəzən bir neçə aylıq, əksər hallarda isə 2 həftəlik seminar-kurslar keçdikdən sonra ölkəmizə qayıdanda adının qarşısına “uzman” sözünü də artırır. Dr.doktorlar lap şanslıdır, tibbi təhsilə ehtiyac qalmır, əlinə iynə ala bilirsə olur dr.kosmetoloq, qaz vurub, qazan doldururlar. Virtual platforma bu cür əldəqayırma doktorlarla dolub. Cəsarətləri insanı heyrətə salır, tərkibini bilmədikləri gelləri, dərmanları insanların bədəninə tətbiq etmək normal davranış deyil.

Uzman sözü Azərbaycan dilindəki mütəxəssis sözünün türkçəsidir. Tibb fakultəsini bitirən hər kəs həkimdir, lakin konkret sahə seçəcəksə bu sahənin bilicisi, ixtisaslaşmış həkimi, müasir dillə desək uzmanı olmaq istəyirsə 3-4 il həmin sahədə asissentlik etməlidir. Yalnız bundan sonra cərrah, oftolmoloq, pediatr, ginekoloq və s. ola bilər. Yəni qısası, uzman həkim deyilirsə, o işinin öhdəsindən gələ bilən, öz sahəsinin eksperti, mütəxəsissi olan həkimlərə deyilir. Qəribə burasıdır ki, əvvəllər bu sahədə baş ağardan, ömrünü peşəsinə həsr eləyən həkimlər yalnız uzun illərdən sonra özünü öz sahəsinin bilicisi, mütəxəssisi hesab edirdi. Daha doğrusu onu cəmiyyət, tibb aləmi elə hesab edirdi, o özünü belə adlandırmırdı.

Dr. da doktorun qısaldılmış formasıdır. Dəbdə olan ifadədir. Bunu virtual platformanın həyatımıza bu qədər çox müdaxiləsindən sonra müşahidə elədik. Ölkədə özünə “dr.filankəs” deyən adamların sayı durmadan artır. Xüsusilə kosmetologiya sahəsində vəziyyət dəhşətlidir. Azərbaycan Tibb Universitetində kosmetologiya fakültəsi yoxdur. Yəni bizim ali tibb ocağımız kosmetoloq yetişdirmir. Ona görə də hazırda bu sahə üzrə çalışanların böyük əksəriyyəti ixtisaslı həkim deyillər. Çoxu heç ixtisasca həkim də deyil. Özünə bir instaqram səhifəsi açıb “dr.kosmetoloq” adı qoyan və insanların sağlamlığı üzərində eksperimentlər keçirən qeyri-peşəkar insanlar göbələk kimi artır.

Süni materialları, naməlum maddələri insanların dodağına, burnuna, yanağına yeridərək müqabilində yaxşı pul qazanan bu insanlara nəzarət yoxdur. Əksəriyyəti bir gözəllik salonu açıb orada fəaliyyət göstərir. Qanunla Səhiyyə Nazirliyi gözəllik salonlarında müvafiq yoxlamalar aparmır, bu işlə prokurorluq məşğul olur, onlar da şikayət əsasında. Yəni əgər şikayət olunmasa bu salonlarda qadınların sağlamlığına qəsdən və ağır formada zərər vurma prosesi elə belə də davam edəcək. Yəni dr.doktorlar ölkədə meydan sulayıb at çapırlar, heç bir rəsmi qurumun vecinə deyil.

Deyəcəksiniz ki, qadınlar niyə şikayət etmir? Etmirlər. Çünki normal halda ixtisasca həkim olan, tibb universitetini burda bitirən, sonra da kosmetologiyaya marağı olub xaricdəki tibb ocağında ixtisası oxuyan peşəkar həkim bu proseduru “qırdı-qaçdı” etmir. Normalda 200-300 manat tutan peşəkar bir prosedur bu salonlarda 50-70 manata edilir. Məsələn, dodağınıza nə olduğu bilinməyən bir maddəni yeridib sizi istədiyiniz böyük həcmli dodaqlara qovuşdururlar. Sizin başınıza növbəti aylarda nə gələcək, xərçəngə yoluxacaqsınız, dodağınız çürüyəcək, burnunuz qopub düşəcək, ağzınız əyiləcək, yanağınız çirk edəcək, bu onlar üçün maraqlı deyil. Öz sağlamlığına dəyər verməyən pasiyent onlar üçün potensial ovdur.

Dr.kosmetoloq adlandıran bu insanların işinə nəzarət mexanizmi hazırlanmalı, həyata keçirilməlidir. Hər zirzəmidə bir salon, hər salonda 2-3 belə adam qadınların üzərində təcrübə keçib həkim olmaq sevdasına düşür. Hər gün bir tibbi-kosmetoloji prosedur kəşf edirlər. Gah damardan qan alırlar və onu üzə vururlar, üzdə iltihab yaranmasına səbəb olurlar. Gah buruna dolğu vurub əyrisini düzəldirlər, 6 aydan sonra yenə əyilir, yenə dolğu, yenə əyilir, axırda burun deformasiya olub dönüb olur Qarqamelin burnu. Gah yanaqlara gel vurub qadınları Malefisentaya bənzədirlər, gah dodaqları şişirdib ördək Donalda oxşadırlar, gah da çənəni itiləyib qadını edirlər kapitan Cek. Prosedur o qədər çoxdur ki, 20 yaşında başlasan 60 yaşına kimi hamısını çatdırıb etdirə bilməzsən.

Özünə bir səhifə açıb müştəri tutan dr.doktorlardan uzaq gəzin, əgər simanızda bəyənmədiyiniz yer varsa bunun üçün peşəkar həkimə müraciət edin, ölkəmizdə xaricdə kosmetologiya oxuyan kifayət qədər çox peşəkar həkim var. Qonşu ökələrdə həkimlər bu işi icra edə bilmək üçün ali məktəbdə təhsilini alırlar, müvafiq nazirliyin sertifikasiyasından keçirlər. Bizdə dr.kosmetoloq olmaq üçün bir-iki seminar, 1 A4 kağızına çıxarılmış əsassız diplom, bir də yaxşı piar olmalıdır. Tora düşməyə hazır o qədər qadın var ki.

Hələ psixoloq bazarını demirəm. Bilirsiz ölkədə nə qədər saxta psixoloq var? Tik-tokda, instaqramda psixoloq səhifələri “itə tök”dür. Dünən yemək videoları çəkib paylaşanlar bu gün psixoloq xidmətləri təklif edir. Əvvəl ər və arvad arasındakı mübahisələri sonlandırmağın yeganə yolunun “ər şilləsi” olduğunu müdafiə edən biri də təzəlikcə başlayıb psixoloji xidmət göstərməyə. Qazanclarının çoxluğu yaşam tərzlərinin sürətlə dəyişməsindən bəllidir. Bazarın müştərisi bol olduqca çiçəklənməsi də davam edəcək. Aldanmağa, özünü avam yerinə qoydurmağa hazır olan insan çoxdur aramızda.

Lalə Mehralı

Digər xəbərlər