PDF Oxu

Sosial

  • 464

2 nömrəli Bakı Baza Tibb Kollecində müşavirə keçirilib - FOTOLAR

image

Oktyabrın 12-də “A.M.Şərifzadə küç.204” ünvanı üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva iştirakçıları salamlayaraq bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin sosial-siyasi inkişaf ritmini müəyyən edən strateji dönüş nöqtəsidir. D.Məmmədəliyeva diqqətə çatdırıb ki, dövlət başçısı cənab İlham Əliyevin qurultay dakı konseptual nitqi hər bir təhsil və səhiyyə müəssisəsinin qarşısında vacib tapşırıqlar qoyur. O vurğulayıb ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci respublikamızın aparıcı orta tibb təhsili ocaqlarından biri kimi yalnız peşəkar tibb bacıları və mütəxəssislər yetişdirməklə kifayətlənmir, həm də gənclərimizdə dərin vətənpərvərlik, dövlətə sədaqət və yüksək mənəvi dəyərlər formalaşdırır. Kollektivimiz bundan sonra da partiyanın ideoloji xəttinə uyğun olaraq tədrisin keyfiyyətinin artırılması və tibbi kadr hazırlığının müasir standartlara uyğunlaşdırılması istiqamətində bütün imkanlarını səfərbər edəcəkdir.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqinin məzmunu, burada irəli sürülən mühüm prinsiplər və ideoloji hədəflər barədə geniş nitq söyləyib. Bəxtiyar Nəbiyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası ötən dövr ərzində müasir, qalib və qüdrətli Azərbaycanın qurulmasında müstəsna rol oynamışdır. Cənab Prezident İlham Əliyevin ali baş komandanlığı ilə qazanılan Vətən müharibəsi Zəfəri və suverenliyimizin tam bərqərar olunması partiyamızın siyasi xəttinin təntənəsi, xalq-iqtidar birliyinin sarsılmaz göstəricisidir. B.Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda müəyyənləşdirilən yeni fəaliyyət proqramı ərazi partiya təşkilatlarının işinin yenidən qurulmasını, partiya üzvlərinin sosial fəallığının yüksəldilməsini və xüsusilə gənclərlə aparılan ideoloji maarifləndirmənin daha effektiv müstəviyə keçirilməsini tələb edir. Müasir dövrdə baş verən qlobal çağırışlar fonunda tibb və təhsil sahəsində çalışan partiya fəallarının üzərinə mühüm missiya düşür. Sağlam gələcəyin teməli məhz yüksək bilikli, cəmiyyətə faydalı və dövlətçilik ideallarına sadiq gənc kadrların yetişdirilməsindən keçir. YAP Yasamal rayon təşkilatının sədri B.Nəbiyev bildirib ki, YAP Yasamal rayon təşkilatı tabeliyindəki ərazi partiya təşkilatları ilə sıx təmasda olaraq cənab Prezidentin tapşırıqlarının ardıcıl icrasını təmin edəcək, elm, təhsil və səhiyyə müəssisələrində partiya sıralarının kəmiyyət və keyfiyyətcə zənginləşməsinə xüsusi diqqət yetirəcəkdir.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov partyanın keçdiyi zəngin mübarizə salnaməsindən və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından söz açıb. Misir Mərdanov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası çətin sınaqlardan keçərək bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən böyük və mütəşəkkil siyasi qüvvəsinə çevrilmişdir. M.Mərdanov gənc pedaqoqları və gələcəyin tibb kadrlarını Ümummilli Liderin dövlətçilik irsini dərindən öyrənməyə, Vətənə və xalqa sədaqətlə xidmət etməyə və partiya fəaliyyətində həmişə təşəbbüskar olmağa dəvət edib.

Çıxış edənlər “A.M.Şərifzadə küç.204” ünvanı üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci) ərazi partiya təşkilatın sədri Gülər Quluzadə və 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimi Gülər Zeynalova ərazi partiya təşkilatının fəaliyyətindən, kollektivdəki yüksək ictimai-siyasi ruhdan və gənclərin partiya işinə marağından danışıblar. Onlar bildiriiblər ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə və təhsil sahələrində aparılan genişmiqyaslı islahatlar, tibb kolleclərinin infrastrukturunun modernləşdirilməsi hər bir əməkdaşı daha əzmlə çalışmağa sövq edir. Çıxış edənlər YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bundan sonra da fəal möqeyə sahib olacaqlarını bəyan ediblər.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkilib.

Digər xəbərlər