PDF Oxu

Sosial

  • 2 027

Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilib

image

Sentyabrın 6-da Bakıda Azərbaycan Hakimlər İttifaqının və Azərbaycan Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə "Hüquq və iqlim" ("Law and climate") mövzusunda beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Beynəlxalq Hakimlər İttifaqının prezidenti Duro Sessa, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov, hakimlər, vəkillər, hüquqşünas alimlər və beynəlxalq ekspertlər iştirak ediblər.

Konfransı giriş nitqi ilə açan Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev bildirib ki, iqlim dəyişikliyi dünya üçün ciddi bir sınaqdır. Həmin dəyişikliklər insanların hüquqlarına, həyat tərzinə və ümumi rifahına böyük təsir edir. Qeyd edilib ki, Azərbaycan da iqlim dəyişikliyinin qarşısının alınmasında beynəlxalq əməkdaşlıq məsələlərinə ciddi yanaşır. Azərbaycan Respublikası bu il COP29 kimi mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edir və Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Diqqətə çatdırılıb ki, bugünkü beynəlxalq konfransın da əsas məqsədi Azərbaycanın və dünya ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasından ibarətdir.

COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında qeyd edib ki, hazırda Azərbaycanda yeni iqlim strategiyasının hazırlanması istiqamətində işlər aparılır. Azərbaycanın iqlim strategiyası həm qlobal öhdəliklərə uyğunlaşmanı, həm də milli prioritetlərin icrasını özündə birləşdirir. Yeni strategiya bütün iqtisadi sektorları əhatə edərək, aşağıkarbonlu inkişafı hədəfləyəcək. Bildirilib ki, Azərbaycanın milli iqlim qanunvericiliyi bəzi sahələrdə beynəlxalq standartlara uyğunlaşdırılsa da, iqlim dəyişikliyi ilə mübarizənin daha təsirli olması üçün əlavə islahatlara ehtiyac var. Qanunvericilikdə iqlim dəyişikliyinə qarşı daha aydın və konkret mexanizmləri tətbiq etməklə, həm qlobal iqlim öhdəliklərimizin icrasında, həm də iqlim hüquqpozmalarının qarşısının alınmasında daha güclü hüquqi əsaslar yaradıla bilər.

Ali Məhkəmənin sədri İnam Kərimov isə bildirib ki, iqlim dəyişikliyi təkcə ekoloji, sosial-iqtisadi məsələ deyil, həm də hüquqi məsələdir. Bu proseslər insan hüquqlarının pozulmasına, məhkəmə çəkişmələrinin yaranmasına, məsuliyyət tədbirlərinin tətbiqinə, məhkəmə təcrübəsinin formalaşmasına da səbəb olur. Vurğulanıb ki, baş verən iqlim dəyişikliyi əsasən insan davranışlarının və fəaliyyətinin nəticəsidir. Bu səbəbdən də hüquq təkcə iqlim dəyişikliklərinin fəsadlarına məruz qalan deyil, eyni zamanda, onu tənzimləyən və bu proseslərdə preventiv xarakter daşıyan bir vasitədir. Hüquq iqlim dəyişikliyi ilə mübarizədə təbiətin, ətraf mühitin qayğısına qalan, onu qoruyan əsas tənzimləyici və effektiv bir alətdir. Diqqətə çatdırılıb ki, hüququn yaranması hüquqşünasların fəaliyyətindən asılı olduğu kimi, onun tətbiqində də hüquq peşəsinin nümayəndələrinin rolu əsasdır. Bu prosesdə vəkillərin, prokurorların, hakimlərin, ədliyyə işçilərinin, hüquq müdafiəçilərinin, elm xadimlərinin və digər hüquq peşə sahiblərinin əlaqəli fəaliyyəti qəbul edilmiş hüququ səmərəli edir. Bugünkü konfransın da iqlim dəyişikliyi ilə bağlı Azərbaycanın bu sahədə təşəbbüslərinə və dünyada gedən proseslərə hüquq ictimaiyyətinin diqqətini çəkməklə effektiv hüquqi müzakirələrə yol açacağı və bu sahədə görülən işlərə öz töhfəsini verəcəyi xüsusi vurğulanıb.

Sonra çıxış edən Beynəlxalq Hakimlər İttifaqının prezidenti Duro Sessa Bakıda təşkil olunan konfransı yüksək qiymətləndirərək bildirib ki, bu cür tədbirlərin təşkili ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə sahəsində konkret addımların atılmasına imkan yaradır. Təmiz ətraf mühit hüququnun milli deyil, beynəlxalq məsələ olduğu, bu istiqamətdə birgə səy göstərməyin vacibliyi diqqətə çatdırılıb.

Türkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı çıxışında qeyd edib ki, hüquq iqlim və ətraf mühitlə bağlı məsələlərdə ən vacib vasitələrdən biridir. Türkiyə Konstitusiya Məhkəməsi iqlim və ətraf mühit mövzularında qərarlar qəbul edib. O bildirib ki, noyabr ayında Bakıda COP29-un keçiriləcəyi ərəfədə belə bir konfransın təşkili təqdirəlayiq haldır.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva çıxışında sağlam ətraf mühitdə yaşamaq hüququnun vətəndaşların sosial mövcudluğu baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edilib ki, son illər dünyada gedən ictimai-siyasi proseslər, informasiya texnologiyaları sahəsində inqilab cəmiyyətlə təbiət arasında ziddiyyətlərin pik həddə çatmasına səbəb olub. Ekoloji problemlər müharibə problemindən sonra dünyada birinci sırada dayanır. Ekologiyanın qorunub saxlanması vacib şərt olaraq bəşəriyyət qarşısında həllini gözləyən vəzifələrdən biridir.

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə çıxışında vurğulayıb ki, hüquq ekosistemi iqlim dəyişikliyi ilə mübarizədə əsas rol oynamalıdır. Çünki iqlim dəyişikliyi müasir dövrün ən ciddi qlobal problemlərindən biridir. Həmin problem təkcə ətraf mühitin və təbiət resurslarının qorunması ilə bağlı deyil, həm də insan hüquqları, iqtisadiyyat və sosial ədalət məsələlərini də əhatə edir. İqlim dəyişikliyi nəticəsində baş verən təbii fəlakətlər, əkin sahələrinin azalması, su qıtlığı və sair problemlər bir çox ölkələrdə insan hüquqlarının pozulmasına səbəb olur. Bu mənada, hüququn iqlim dəyişikliyinə qarşı mübarizədə rolu əvəzolunmazdır. Hüquqi alətlər və qanunvericilik bu sahədə vacib bir mövqedədir və hüquqşünaslar iqlim ədalətinin təmin edilməsi üçün səylərini daha da artırmalıdır.

İki sessiyadan ibarət olan konfransda daha sonra "İqlim dəyişikliyi ilə beynəlxalq hüquqi baza: BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası və Paris Sazişinin əsas tələbləri", "İqlim Dəyişikliyi üzrə məhkəmə mübahisələri: beynəlxalq və milli müstəvidə mövcud olan tendensiyalar və uğurlu nümunələr", "İqlim dəyişikliyi və ekoloji cinayətlər, qlobal tələblər və müasir çağırışlar", "Azərbaycanın ev sahibliyi etdiyi COP29 üzrə planlar və gözləntilər", "Beynəlxalq Hakimlər İttifaqının ətraf mühitin hüququ sahəsində rolu" və s. mövzularda çıxışlar dinlənilib.

Digər xəbərlər