PDF Oxu

Sosial

  • 1 739

Aludə, ya asılı: hamısı təhlükəlidir

image

Asılılıq və ya aludəçilik insanın istifadə etdiyi zərərli maddə, alkoqollu içkilər və ya hər hansı bir davranış üzərində nəzarəti itirməsidir. Təkrar-təkrar istifadə olunan zərərli bir maddə və ya nəzarətsiz həyata keçirilən davranış asılılıq riski daşıyır. İnsanlar həyatda çox şeyə aludə ola bilərlər, alkoqol, narkotika, siqaret, qumar, texnologiya, hər hansı əşya və ya davranış.

Asılılıq bir çox faktorun bir araya gəlməsi nəticəsində yaranan arzuolunmaz bir vəziyyətdir. İnsan doğulduğu andan öyrənməyə və ətraf aləmin təsirlərinə məruz qalmağa başlayır. Bu müddət ərzində o, məruz qaldığı vəziyyətlərdən qorunmaq üçün bir mübarizə üsulu inkişaf etdirməlidir. Onun inkişaf etdirdiyi bu mübarizə metodunun sağlam və ya zərərli olması, insanın yaşadığı mühit, valideyn münasibəti, sosial-mədəni mühitdən asılıdır. Əgər valideynlərin övladlarına qarşı qeyri-sağlam münasibəti varsa, hər hansı bir ailə üzvündə asılılıq olubsa, təhlükəli dost çevrəsindədirsə, təhsil və ya həyatı uğursuzdursa, asılılığın hər hansı bir forması yaranır.

Ümumdünya Səhiyyə Təşkilatının Xəstəliklərin Beynəlxalq Təsnifat Təlimatında zərərli maddələr istifadəsi və asılılıq davranışı nəticəsində yaranan pozuqluqlar “psixi və davranış pozuqluqları” kimi xarakterizə edilir. Amerika Psixiatriya Assosiasiyasına görə isə, bütün asılılıqlar daha yaxşı hiss etmək və daha yaxşı performans göstərmək istəyi üzərində inşa edilir. Kimyəvi asılılıqlar çox vaxt insan könüllü olaraq həmin maddədən istifadə etmək qərarına gəldikdə başlayır. Heç kəs aludə olmaq arzusu ilə zərərli maddələrdən istifadəyə başlamır, əvvəl dadına baxmaq istəyir,sonra əhvalını düzəltmək məqsədi ilə qəbul edir və beləcə dəfələrlə həmin maddədən istifadə etdiyi üçün, onun istifadəsinə nəzarəti itirir. İnsan bu maddənin gündəlik həyat funksiyalarını pozduğunu anlasa da, istifadəsini dayandıra bilməz. Beləliklə, zərərli maddəyə olan asılılıq könüllü istifadədən məcburi istifadəyə doğru inkişaf edir.

Asılılığa səbəb olan amillər əslində bir deyil. Asılılıq üçün bir çox amil səbəb ola bilər. Asılılıq prosesinə psixoloji və bioloji amillər təsir edir. İnsan əvvəlcə maraq və qorxu səbəbindən ondan istifadə etməyə cəhd edə bilər. Asılılıq beyindəki dopaminə təsir göstərir. Dopomin hormonu düşüncə, hiss, motivasiya, hərəkət, diqqət və qərar qəbul etmə kimi bir çox əsas funksional proseslərdə iştirak edir. Dopamin hormonunun zədələnməsi nəticəsində beyin düzgün işləməməyə başlayır və asılılıq yaranır. Ona görə də asılılığı həm də beyin xəstəliyi kimi qəbul edə bilərik.

Texnologiyadan və internetdən nəzarətsiz istifadə nəticəsində yaranan davranış asılılıqları da aludəçilikdir. Oyun oynamaq, qumara meyllilik, sosial media və smartfonlardan həddindən artıq istifadə texnologiya asılılığı olaraq təyin olunur. Xüsusilə böyüklərin oynadığı oyunlara pul əlavə olunduqda qumar asılılığı riskinin artdığı və qumar aludəçisi olduğu qaçılmazdır. Xəstəliklərin Beynəlxalq Təsnifatı Təlimatında qumar oyunları davranış asılılıqları arasındadır. Qumar üzərində başlama, intensivlik, müddət, dayandırma və kontekst baxımından nəzarətin olmaması, qumar oynamağı digər həyat maraqlarından, ailədən, işdən və ya gündəlik fəaliyyətlərdən üstün tutmaq, uduzmağına baxmayaraq qumar oynamağa davam etmək qumar aludəçisi olmaq deməkdir.

Qumar aludəçiliyi uzun illər psixiatriya sahəsində impuls nəzarət pozuqluğu kimi qəbul edilsə də, son illər narkotikdən asılı olmayan asılılıqlar kateqoriyasına aid edilməyə başlanıb. Bu asılılıq artan miqdarda pul mərc etmək, qumar oynamaq istəyini boğa bilməmək fonunda baş verir. Qumar aludəliyi cəmiyyətin əsasını təşkil edən ailə institutuna, eləcə də insanın özünə maddi-mənəvii ziyan vurduğuna görə ictimai təhlükə sayıla bilər. Qumar aludəçiliyi insana, ailəyə və cəmiyyətə maddi, mənəvi, psixoloji cəhətdən zərər vurur. Amerika Psixiatriya Assosiasiyası bildirir ki, qumar oynayan insanlar ümumiyyətlə öz davranışlarını qohumlarından, xüsusən də ailə üzvlərindən gizlədirlər, maddi sıxıntıları olanda əvvəlcə ailələrindən deyil, başqalarından kömək istəyirlər. Borc almağa kimsə qalmadıqda evdən oğurluq etməyə başlayırlar. Bu xəstəliyi müalicə etmək mümkündür. Zərərli maddə asılılığının müalicə modeli patoloji qumar asılılığının müalicəsində tez-tez istifadə edildiyi üçün bu insanlar da həmin müəssiələrdə müalicə oluna bilərlər.

Dünyadakı ən dəhşətli asılılıq narkotik maddələrdə olan aludəçilikdir. Dünyada ən azı 275 milyon insan narkotikdən istifadə edir və bu insanların 13 faizi (təxminən 36 milyonu) narkomaniyadan müalicə alır. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) statistikası göstərir ki, 2030-cu ilə qədər bütün qitələrdə milyonlarla insanın narkotik istifadəsi daha da artacaq. Fərqli dərman növlərinin hər bir qitədə daha geniş istifadə edildiyini ortaya qoyan hesabatda ümumi məlumatlar dünyada narkotik istifadəsinin hər yerdə artmağa meyilli olmasından bəhs edilir.

Siqaretdən olan asılılıq da həm istifadə edənə, həm də çevrəsinə zərər verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, nikotin asılılığı istifadəyə nəzarət etmək qabiliyyətinin pozulması, tütündən istifadəyə digər məşğuliyyətlərdən daha çox üstünlük verilməsi, zərər görməsinə baxmayaraq, istifadənin davam etdirilməsi, potensial təhlükəli vəziyyətlərdə tütündən təkrar istifadə, ailədə, işdə vərdişini davam etdirmək, ev şəraitində istifadə etmək kimi problemlər tütündən asılı olmaq deməkdir.

Tütün təkcə istifadəçilər üçün deyil, həm də istifadə etməyənlər üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Tütün məmulatlarının tərkibindəki toksin və xərçəngə səbəb ola biləcək digər maddələr yanan siqaretdən havaya ötürülərək siqaret çəkənin yanında olanlar üçün zəhərli mühit yaradır. Bu səbəbdən tütündən istifadə etmədiyi halda tütünə məruz qalanların vəziyyəti də narahatlıq doğurur. Bu vəziyyət passiv siqaret çəkmə adlandırılır. Hər il dünyada 700 milyon uşaq tütün tüstüsünə məruz qalır, 600 min insan isə siqaret çəkməsə belə tütün tüstüsünün təsirinə məruz qaldığı üçün ölür. Başqalarının istehlak etdiyi tütün tüstüsünə məruz qalma nəticəsində ölənlər, yol qəzaları və narkotik istifadəsi nəticəsində baş verən ölümlərdən qat-qat çoxdur. Tütün tüstüsünə məruz qalma xərçəng, amfizem və infarkt kimi bir çox ölümcül xəstəliklərə səbəb olur. Uşaqlar tütün tüstüsünün zərərli təsirlərinə daha həssasdırlar.

Lalə Mehralı

Digər xəbərlər