PDF Oxu

Sosial

  • 1 707

Bütöv ölkəmizdə ilk dərs günü

image

Bunu illər idi ki, gözləyirdik. Hər il sentyabr ayının 15-də yeni tədris ili başlananda, Qarabağ və Şərqi Zəngəzurdakı qapısı bağlı, şagird üzünə həsrət məktəbləri xatırlayır, dərin bir köks ötürür, o məktəblərin şagirdlərini düşünür, onların doğma yurdlarında məktəbə getmək arzularını göz önünə gətirirdik.

Düzdür, ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün hərtərəfli şərait yaradılmışdı. Onların övladlarının təhsil alması üçün də eynilə. Lakin övladını öz yurdunda məktəbə göndərmək onların ümdə arzusu idi.

2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında bitən İkinci Vətən müharibəsi soydaşlarımıza yurdlarını qaytardı. 2023-cü ilin 20 sentyabrında keçirilən birgünlük antiterror əməliyyatı isə Azərbaycanı bütövləşdirdi. Bir qarış torpağımız da düşmən əsarəti altında qalmadı. Məhz həmin tarixdən sonra növbəti dərs illərində Qarabağda və Şərqi Zəngəzurda da məktəblərin açılması və bu məktəblərin öz doğma şagirdlərini qarşılayacağı artıq sözsüz oldu.

Budur, artıq iki ildir ki, Qarabağın ayrı-ayrı bölgələrindəki məktəblər yeni dərs ilində öz şagirdlərini qarşılayır. Bu gün-yeni dərs ilinin ilk günündə isə onlarla yanaşı, Xankəndi, Şuşa və Xocalı məktəbləri də qapılarını şagirdlərin üzünə açıb. Dünən məcburi köçkün kimi yaşayan soydaşlarımız artıq öz ata-baba yurdundadır və övladları da orada yeni dərs ilinə başlayır. Bu, çox qürurvericidir. Dövlətimizin başçısının, milli ordumuzun soydaşlarımıza bəxş etdiyi bu sevinc tək onların deyil, hər bir azərbaycanlının sevinci, qürurudur.

2024/2025-ci tədris ilində ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub. Qədəmləri uğurlu olsun!

Xankəndi, Şuşa və Xocalıda illər sonra ilk zəng

Yeni dərs ilində Xankəndi, Şuşa və Xocalı məktəblərində ilk zəng çalındı. Bu zəng hər birimiz üçün qürur zəngi, məktəblilər üçün isə yeni dərs ilinin ilk zəngi idi. 32 il sonra çalınan zəng... Bu, tariximizə qızıl hərflərlə yazılan vətənpərvərliyimizin, rəşadət və hünərimizin bəhrəsidir.

Şuşada yeni dərs ili ilə bağlı fotolara baxdıqca insanın ürəyi qürurla dolur. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, əməkdar müəllim Asif Cahangirov da Bilik günü münasibətilə müəllim və şagirdləri təbrik edir, onlara uğurlar arzulayırlar.

Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova təhsil ocağı barədə məlumat verir. Bildirir ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binalar da var. Məktəbin şagirdləri ən qabaqcıl standartlara uyğun təhsil alacaqlar.

Bu şərait Xankəndi və Xocalıda da eyni ilədir. Çünki dövlətimiz müharibə bitməmiş quruculuq işlərinin başlanmasına start vermişdi. Ona görə ki, soydaşlarımız tez bir zamanda yurduna qayıtsın, həsrət bitsin. Qısa zaman kəsiyində bu qədər gözəl məktəblərin tikilməsi, maddi-texniki baza ilə təchiz olunması, sözün həqiqi mənasinda, qürur duyulası haldır.

Uşaqların üzündən yağan sevincin həddi-hüdudu yoxdur. Hiss olunur ki, onlara valideynləri bu torpaqlar, onların uğradığı vəziyyət, geri alınması haqqında müfəssəl məlumat veriblər. Balacalar məlumatlandırılıb, yuxarı sinif şagirdləri isə bunu həm tarixdən, həm də dərsliklərindən bilirlər. Bilməlidirlər ki, qonşumuzu yaxından tanısınlar. Onların xislətinə bələd olsunlar ki, torpaqlarımızı göz bəbəyi kimi qorusunlar.

İlk dərs günü: şən və kövrək anlar...

Hər il olduğu kimi, bu dərs ilinin ilk günü də şən və kövrək anlar yaşandı. Ötən illərin hər biri onbirinciləri məktəbdən müstəqil həyata yola saldığı kimi, 2-ci sinfi 3, 3-cünü 4, 4-cünü 5 və sair sıra ilə qaldırır. Bu siniflərdə təhsil alan uşaqları da bir yaş böyüdür. Və nəhayət, bu illər hər il birinciləri qarşılayır məktəbdə...

İlk dərs günü... Təqvimin bu günü məktəbin açılmasını 3 ay yarım səbirsizliklə gözləyən məktəblilər üçün sevinc dolu olur. Axı onlar məktəbləri, dost və rəfiqələri, sevimli, doğma müəllimləri üçün darıxırlar. Onları yenidən görmək üçün tətilin günlərini sayırlar.

Hər yeni dərs ili onları bir yaş da böyüdür, həyata baxışlarını dəyişir. Seçimlərini müəyyənləşdirir. Hər biri bir ixtisas seçməklə gələcək planlarını qurur məktəblərdə. Hazırlaşır, mübarizə aparır, arzularına çatmaq üçün mücadilə edirlər. Odur ki, məktəb onların ən sevimli məkanıdır. Yeni dərs ilinin başlanması isə ən sevimli anlarıdır. Bu anlar onları şənləndirir...

Kövrələn birincilər...

Onlardan fərqli olaraq birincilər üçün məktəb, sinif yoldaşı, müəllim anlayışı hələlik başa düşülən deyil. Elə buna görə də birincilər ilk dərs günü səhəri yuxudan oyanarkən hara gedəcəklərini, orada nə ilə qarşılaşacaqlarını əsla dərk etmirlər. Onları məmnun edən sadəcə valideynlərinin aldığı yeni paltar, ayaqqabı və çantalardır.

Bir az sonra isə bağça yolundan tamamilə fərqli bir yolda olduqlarını görəndə isə dodaqlarını büzüb doluxsunur, kövrəlir, ağlamağa başlayırlar. “Hara gedirik, ay ana?”, “ Hara gedirik, ay ata?” suallarını yağdırırlar. Onların bu sualları isə hələ də mənasını dərk etmədikləri “məktəbə” sözü ilə cavablandırılır. Bu tanış olmayan söz isə onların daha da kövrəlməsinə səbəb olur.

Məktəbə çatdıqda isə yeni dərs ilinin başlanması təntənəsi bu körpələrə hər gün yollandıqları bağçanın sakitliyindən fərqli göründüyü üçün artıq burada ağlayırlar, həm də uca səslə, eşidiləcək dərəcədə. Hələ ilk zəng vurulandan sonra siniflərə yollanmamaq istəkləri... Ana-atalarının ayaqlarına sarılmaları, sinfə daxil olanda vahimələnmələri, müəllimi görəndə təəccüblənmələri var. Ən əsası isə elə bundan sonra başlayır. Valideynin dərs başladığı üçün sinfi tərk etməsi zamanı onu qoyub getdiyini görən bu körpələrin kollektiv ağlaması... Qızlı-oğlanlı müxtəlif səslər bir-birinə qarışır. Bu kövrək anın isə bir səbəbi var: bizi qoyub hara gedirsiniz?..

Onlar elə bağçaya da ilk dəfə gedəndə bu cür kövrəlmişdilər. Deməli, onlar bir neçə yaş böyüsələr də, hələ də körpədir. Onların ana qucağına, ata məhəbbətinə, müəllim qayğısına ehtiyacı var. Elə bu səbəbdən də ibtidai sinif müəllimlərinin işi çox çətindir. Çünki onlar birincilərə tək elm öyrətmir, həm də qayğıkeş bir ata-ana olurlar. Ağlayan uşaqların göz yaşını silir, təsəllisi olur, köynəyinin qolunu, pencəyinin yaxasını düzəldirlər. Kitab-dəftərlərini çantalarına yığmaqda köməklik edirlər. Hələ qış aylarında üst geyimlərini də müəllimlər geyindirir. Yeri gələndə bantlarını, qalstuklarını da səliqəyə salırlar... Düz dörd il uşaqlar bu qayğı əhatəsində olur. Odur ki, ibtidai təhsili bitirən zaman da müəllimləri üçün kövrəlir, ondan ayrılmaq istəmirlər.

Lakin bu, onların əlində deyil axı. Məktəbdə rolu illər oynayır. Bu illər həftələri aylara, ayları illərə çatdırıb zamanı bir yaş qocaltdıqca, illər də məktəbliləri bir yaş böyüdur. Onları ibtidai sinifdən alıb aparır. Neçə-neçə müəllimlərin əhatəsinə salır. Daha sonra uşaqlar bu müəllimlərə isinişməyə başlayırlar. Yuxarı siniflərə addımladıqca bu müəllimlərdən onların ən yaxın dostu, ən yaxın sirdaşı da olur.

Beləliklə, onbirinci sinfə-məktəbin son ilinə qalxırlar. Birinci sinif qədər onbirinci sinif də kövrək anlarla doludur. Lakin bu anlar bir-birindən çox fərqli, ayrıdır. Birinci sinifdə anlaşılmayan kövrəklik, onbirinci sinifdə dərk edilən kövrəklik... Məktəbdən, onbirillik sinif yoldaşlarından, müəllimlərdən ayrılmağın kövrəkliyi...

Lakin həyat davam edir, deyək. Həyat davam etdikcə də illər bir-birini qovalayır. Odur ki, hələ məktəblərimizin divarları arasından çox birincilər və onbirincilər keçəcək. Hər birinin qəlbində min bir xatirə ilə...

Həm oxşar, həm fərqli dərs ili...

Bu il də ötən illərdən biri olsa da, fərqli cəhəti bütöv ölkəmizdə yeni dərs ilinin başlanmasıdır. Bu şən və kövrək anlar ölkəmizin hər bir bölgəsində başlanan yeni dərs ilində məktəbə yollananlar üçündür. Elə yanından ötüb işə gəldiyim məktəbin qarşısında eynilə bu yazıda olan mənzərə var idi. Yuxarı sinif şagirdləri bir-biri ilə öpüşüb görüşürdü, salamlaşırdı, söhbətləşirdi.... Birincilər isə çaşqınlıq içərisində onları seyr edirdi.

Yolboyu onların bir azdan ilk zəngin səsi ilə sinif otaqlarına daxil olmalarını və hər bir valideynin müşahidəçisi olduğu halları yaşayacaqlarını xəyal edirdim. Çünki biz də axı vaxtilə övladımızın əlindən tutub məktəbə aparanda o mənzərələrin şahidi olmuşuq...

Lakin tezliklə birincilərin bu kövrəkliyi, bir qədər də ərköyünlüyü geridə qalır. Onlar məktəbə də, müəllimlərinə də bağlanır. Odur ki, yeni dərs iliniz uğurlu olsun, əziz məktəblilər... Qoy illər ötsün, keçsin ki, birincilərin kövrəkliyi geridə qalsın, onbirincilərin arzusu çin olsun!

Bütün məktəblilərdən, eləcə də azad Qarabağ və Şərqi Zəngəzur məktəblilərindən uğurlu nəticələr gözləyirik. Qoy onların səsini ölkəmizin ali təhsil ocaqlarından, Qarabağ universitetindən eşidək.

Mətanət Məmmədova

Digər xəbərlər