Sosial

  • 1 695

Başladı yenə… -FELYETON

image

Hə, başladı yenə. Nə başladı, sıxlıqdan bağrımızın çatlaması. Yeni dərs ili başladı, bağrımız da çatlamağa başladı. Artıq ikicə gündür hələ, Bakıda yerin altında da, üstündə də sıxlıqdan ürək partlayır. Məsələn, işdən, dərsdən yorğun-arğın çıxmısan, deyirsən bir az hava alım, elə yaxınlıqdakı dayanacaqdan marşrut avtobusla üz tutum evə. Dayanacağa çatırsan, baxıb görürsən ki, İlahi, bütün şəhər buradadır ki... Avtobuslar dayanır, insanlar özlərini bir təhər ki, ona yetirir, qapılar bağlanır, yola düşür. Məcburən ikincini gözləməli olursan. Gözlə ki, gözləyəsən, ay gəldi ay... Yaxşı, bir xeyli vaxtdan sonra yenə də gözlədiyin o nömrəni avtobusun üzərində görəndə sevincdən az qalır ürəyin partlasın ki, şükür Allah, gəldi, gedirəm. Bu dəfə fərasətin varsa, gedəcəksən, yoxsa, ta özündən küs. Bu qalır sənin tərpənişinə. Özünü bir təhər irəliyə ata bildinsə, ayağını avtobusun pilləkəninə qoya bildinsə, deməli, getdin. İçəridə səni əzib suyunu çıxarsalar da, uzun yolu iki yox, bir ayağının üzərində durmalı olsan da, getdin. Yerə enəndə axşamın küləyi səni nə günə salacaq, onu da ki, Allahdan başqa heç kim bilmir. Sabah qalxıb işə gedə biləcəksənmi, bunu da Allahdan başqa heç kim bilə bilməz.

Yaxşı, bu yerin üstü, vəziyyəti bildik. Yerin altına enənlərdən danışaq bir az da. Metrodasan, dayanmısan ki, qatar gələr, səni aparar evinə. Gəlir, niyə gəlməsin ki, gəlməyinə gəlir. Sənə o qatarda yer varmı, bax, məsələ budur. Nə qədər edirsən, qatara minə bilmirsən. Qatar gedir, sən qalırsan. Deyirsən əşi, ikinci gəlsin, nə etməli, bu şəhər belədir də. İkinci gəlir, bu dəfə özünü qabağa verirsən ki, yox ey, mən səhərdən burada dayanmışam, birinci özüm minəcəyəm. Çox təəssüf. Qatardan düşənlər sənə elə bir təkan verir ki, üç metr kənara çəkilməli olursan. Bir də baxıb görürsən ki, bu qatar da sənsiz getdi.

Əlac nədir, gözləməlisən. Telefonun da susmur. Evdə səndən nigaran olanlar zəngdir ki, vurur. Sən də deyirsən ki, vallah, metrodayam. İnanıb-inanmamaq ta qalır onlara. “İnşallah üçüncü qatarla gedərəm”,-deyib başlayırsan gözləməyə. Başqa əlac yoxdur ki, gözləməlisən. Gözlə, demə ki, bu dəfə gedəcəyəm ta. Dayanmadan-durmadan, inşallah, de ki, bəlkə getmək sənə də nəsib ola.

Ürəyin partladıqca elə o ürəyinlə söhbətə başlayırsan: indi regionlardan, rayon və kəndlərdən gözəli yoxdur, vallah. Çünki ta oralarda adam qalmayıb, hamısı yığışıb gəlib Bakıya. Oralar da qalıb azsaylı adamlara. Onlar da rayonlarda demək olar ki, kef edirlər.

Heyif deyil oralar? Səhər qalxıb işə gedirsən, nə marşrut lazımdı, nə metro. Nə də ki, əsas məsələ-pul... Durub düşürsən yola, 5-10 dəqiqəyə mənzil başındasan, vəssalam. Və yaxud da ki, rayon, şəhər mərkəzinə getmək fikrindəsənsə, marşrutlar Bakıda gördüyümüz marşrutlar qədər sıx da olmur. Yəni ayaq üstündə getməli olsan da, sıxılmadan, əzilmədən, tərləmədən, aşağıya enəndə isə çərləmədən mənzilbaşına çata bilirsən. Ən əsası isə vaxtın özünə qalır. Nə səhər sübhün gözündən durub özünü marşruta yetirməli, nə də işdən çıxanda 2-3 saatdan sonra evə çatmalı olursan. Vaxtlı-vaxtında, yerli-yerində...

Vallah, bir atalar misalı var ey, “yel əsib, qoz tökülüb”. Bu misalı özünə şüar edənlərin hamısı indi Bakıdadır. Kəndlərimizdə bağlı-bağçalı ev-eşiyini atanlar da, işini-gücünü buraxıb qaçanlar da, gözəl, sakit və rahat yaşayışına “yox” deyənlər də, hamısı Bakıdadır. Gəliblər, niyə gəliblər, bilməsək də, gəliblər. Hə, aydındır da. Kənddə mal-qara saxlamaq çətin gəlib onlara. Gəliblər ki, burada rahat bir iş tapıb asanlıqla çörək pulu qazansınlar. “Əşi, nə qədər torpaqla əlləşmək olar”, deyib qaçıblar Bakıya ki, burada yel əsib işi töküb küçələrə, birini də onlar götürüb çörək puluna çevirsinlər. “Əşi, nə qədər ağacın altının meyvəsini yığmaq olar, nə qədər qoz, badam, fındıq çırpmaq, yığmaq, qabıqdan çıxarmaq, sərmək, qurutmaq, kisələrə doldurmaq, bazara aparmaq, satmaq olar? Gedək Bakıda gün görək”, deyib gəliblər Bakıya. “Nə qədər heyvan sağmaq olar, südü pendirə, şora, qaymağa, qatığa çevirmək olar, axı bitdik, tükəndik. Belə də iş olar, düşmüşük. Bu dünyada heç bir gün görmədik”, deyib gəliblər Bakıya gün görməyə.

Bakıda da gün görmələri bu olub ki, şəhər mərkəzindən kilometrlərlə kənarda, hardasa 2-3 saatlıq məsafədə şəraitsiz evlərdə kirayədə yaşamalı olublar, hansı ki, kəndlərimizdə xan sarayı kimi evlərinə qıfıl asıb gəliblər. İşləri də belədir ki, yaşadıqları ərazidən yenə də kilometrlərlə uzaqda bir işdir. Günlərinin yarısı yollarda keçir, əllərinə də rayonda aylıq qazanclarının dörddə biri gəlir, ya gəlmir.

Hə, bu da Bakı. Şəhər sakinləri bir yandan, tələbələr bir yandan, rayonları atıb gələnlər bir yandan, budur, Bakının da, elə camaatın da sıxlıqdan az qalır ürəyi partlasın. Universitet və məktəblər də açıldı, gəl, bu sıxlıqda hərəkət et, nəfəs al görüm, necə edirsən?

Allah bizə səbir versin.

Mətanət Məmmədova

Digər xəbərlər