Bu gün həyatımızda saxta olan çox şey var. Odur ki, onların əziyyətini çəkir, vəzifəsinin sahibi olmayan, təbii ki, belə olan halda işinin öhdəsindən gələ bilməyənlərin başımızda öyrəndiyi dəlləkliklə min ərşin quyunun dibinə yuvarlanırıq.
Yəqin ki, bizim də ağlımız bir o qədər yerində deyil. Soruşsanız ki, bu nə deməkdir? Bəli, əksəriyyətimizin ağlı başında deyil. Ona görə ki, hər hansı bir məsələni araşdırmadan, götür-qoy etmədən qərar verir, həyati təhlükə ilə üz-üzə qalırıq.
İndi bütün sahələrdə saxta olanlar var. Şükürlər olsun ki, belələri artıq yavaş-yavaş ortaya çıxarılır və haqqlarında tədbir görülməyə başlanılır. Yüzlərlə insan onların “fəaliyyətindən” zərər görsə də, yenə də başqalarının da həmin tora düşməməsi əsas şərtdir.
Ötən ay həmkarımız Qənirə Ataşovanın paylaşdığı saxta diplomlu həkimlərlə bağlı 49 nəfərdən ibarət siyahı ölkədə yamanca səs-küyə səbəb oldu. Hələ bunun üçün Qənirə xanıma nə zənglər, nə xahişlər, nə minnətlər, təqiblər olundu. Lakin artıq nə fayda? İş-işdən keçmişdi və saxta diplomlarla işləyən həkimlər ortaya çıxmışdı.
Maraqlıdır, deyilmi, belə görünür ki, Qənirə Ataşova olmasaydı, bu həkimlər hələ neçə illər boyu da başlarını aşağı salıb sakitcə işləyəcəkdi, hə? Yaman hala saldıqları pasientlərə isə şikayət etməmələri üçün hansısa kələkləri gələcək, pul qarşılığında onları susduracaqdılar.
Gözəllik axtarışına çıxdığı halda yüzlərlə insanı tanınmaz vəziyyətə salan, onlara mənəvi zərbələr vuran, adam içinə çıxmalı hal qoymayan belə həkimlər öz əməllərindən utanıb bacarmadıqları işi nə üçün davam etdirmək istəyiblər. Yəni pul bu qədər şirindir ki, görürsən, biabır olursan, saxta diplomun üzə çıxır, insanlar üzərinə gəlir, yenə də əməlindən vaz keçmirsən?
Nə yaxşı ki, həmkarımz bu addımı atmışdı, yoxsa düşünün ki, daha nələr baş verəcəkdi. Aid qurumlar susacaq, səsini çıxarmayacaq, bunlar da bildiklərini edəcəkdi. Lakin artıq işə hüquq-mühafizə orqanları da qarışıb. Belə ki, DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bu barədə İTV-nin efirində diplomsuz plastik cərrahlarla bağlı danışarkən deyib.
Qurum rəsmisi dövlətin məsələdə ciddi mövqeyinin olduğunu və araşdırmalara başlanıldığını qeyd edib: “Bilinməlidir ki, sosial şəbəkədə, internetdə parlaq, cəlbedici görünən çağırış, reklam aldadıcı ola bilər. Qənirə Ataşovanın paylaşımından sonra ona xeyli sayda təzyiq və təhdidlər oldu. Bunların araşdırılması DİN-in aidiyyəti baş idarəsində aparıldı. Bu paylaşımların dayandırılması üçün Qənirə xanıma mesajlar yazılıb.
Burada qənaətə gəldik ki, həmin şəxslər bu iddialara cavab vermək əvəzinə, təzyiq etməyi üstün tutublar. O həkimlərin biri çıxıb sosial şəbəkədə iddialara cavab vermədi. Diplomun, sertifikatın yoxdur deyilirsə, təqdim etməlisən.
DİN-ə daxil olan müraciətləri nəzərdən keçirəndə aydın olur ki, zərərçəkmişlərin çoxu sonradan susdurulub. Zərərçəkmiş şikayətin geri götürür ki, həkimlə arasındakı problemi həll edib.
Bütövlüklə cəmiyyət olaraq biz hüququn işləyə biləcəyi formada qaydaları tənzim etməliyik. Qanunsuz fəaliyyət göstərirsənsə, cəza təhdidi var.
Çox gözəl. Deməli, saxtakarlara çox keçməz, “əlvida” deyərik. Onlar da başa düşməyə çalışar ki, gedib xarici ölkələrdə 2-3 həftəlik kurs keçib saxta diplom və sertifikat almaq həkim kimi məsuliyyətli adı daşımağa və çətin bir peşə fəaliyyəti ilə məşğul olmağa əsas vermir.
Beləliklə, saxtakarlar getməyə başlayır. Ümidvarıq ki, ölkədə saxta əməllərlə məşğul olanların hər biri onların cərgəsinə qoşular. İstənilən sahədə belələri var, yəqin ki, araşdırılar, üzə çıxarılar, yola salınar.
Mətanət Məmmədova