2025-ci ilin yanvar-noyabr ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 534 min 723 müraciət qəbul edilib. Dövlət Vergi Xidmətindən SİA-ya bildirilib ki, həmin müraciətlər üzrə 852 min 716 sayda xidmət göstərilib ki, bunun da 301 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 188 mindən çoxu elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.Aşağıda qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 89,5 faizini təşkil edib:
- Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergiödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- “ASAN İmza” sertifikatlarının verilməsi;
- Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Vergiödəyicisinə arayışların verilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Fiziki şəxsin uçotdan çıxarılması;
- Vergiödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).
Yanvar – noyabr ayları ərzində vergiödəyicilərindən daxil olmuş 30,5 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 20,6 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində 3764 vergiödəyicisinin iştirakı ilə 354 görüş keçirilib, 4953 vergiödəyicisinə ünvanlı xidmət göstərilib. Vergiödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 3 milyon 756 minə yaxın SMS göndərilib.Yanvar – noyabr ayları ərzində ümumilikdə 306 min901 müraciət üzrə 470 min 798 “ASAN İmza” sertifikatı verilib.